ATMU-da insan alverinə qarşı mübarizə mövzusunda təlim keçirilib
Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “Turizm sahəsində insan alverinə qarşı mübarizə” mövzusunda təlim təşkil olunub.
"Azərbaycan müəllimi" xəbər verir ki, təlim ATMU-nun baş hüquqşünası Aydın Kərimov, istefada olan polkovnik Şəmsəddin Əliyev və Daxili İşlər Nazirliyinin (DİN) aidiyyəti qurumunun əməkdaşlarının iştirakı ilə keçirilib. Tədbirdə universitet rəhbərliyi, struktur bölmələrin nümayəndələri və digər iştirakçılar yer alıblar.
ATMU-nun rektoru İlham Mədətov tədbir iştirakçılarını salamlayaraq bu cür təlimlərin keçirilməsinin turizm sahəsində çalışan və gələcəkdə bu sektorda fəaliyyət göstərəcək şəxslərin insan alveri ilə mübarizə istiqamətində məlumatlılığının artırılması, hüquqi biliklərinin gücləndirilməsi və potensial risklərin vaxtında müəyyən edilərək qarşısının alınması baxımından əhəmiyyətli olduğunu bildirib.
Daha sonra istefada olan polkovnik Şəmsəddin Əliyev insan alverinin yaratdığı təhlükələrdən, bu cinayət növünün qarşısının alınmasında profilaktik tədbirlərin rolundan danışıb. O vurğulayıb ki, gənclərin və turizm sektorunda çalışan şəxslərin risklər barədə məlumatlandırılması potensial təhlükələrin vaxtında müəyyən edilməsinə və qarşısının alınmasına mühüm töhfə verir.
Təlimdə çıxış edən DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Vamiq Naməndzadə bildirib ki, bu cinayət növünə qarşı mübarizədə hüquq-mühafizə orqanları ilə yanaşı, cəmiyyətin bütün üzvlərinin, o cümlədən turizm sektorunda fəaliyyət göstərən qurumların fəal iştirakı mühüm əhəmiyyət daşıyır. V.Naməndzadə qeyd edib ki, turizm sahəsində çalışan şəxslərin insan alverinin əlamətlərini tanıması, risklərin vaxtında müəyyənləşdirilməsi və aidiyyəti qurumlara məlumat verməsi bu cinayətlərin qarşısının alınmasında mühüm rol oynayır. O, iştirakçıları insan alveri ilə bağlı maarifləndirmə tədbirlərində fəal olmağa və bu istiqamətdə əldə etdikləri bilikləri fəaliyyətlərində tətbiq etməyə çağırıb. Polis polkovnik-leytenantı həmçinin vurğulayıb ki, ölkədə insan alverinə qarşı mübarizə sahəsində dövlət tərəfindən ardıcıl tədbirlər həyata keçirilir, profilaktik və maarifləndirici layihələr genişləndirilir. Onun sözlərinə görə, belə təlimlər gənclərin və turizm sahəsində çalışan mütəxəssislərin məlumatlılığının artırılması baxımından xüsusi əhəmiyyət kəsb edir.
ATMU-nun baş hüquqşünası Aydın Kərimov isə çıxışında turizm sahəsində qanunvericiliyin tələbləri, insan alveri ilə mübarizənin hüquqi əsasları və bu sahədə vətəndaşların hüquq və vəzifələri barədə ətraflı məlumat verib. O qeyd edib ki, insan alverinə qarşı effektiv mübarizənin əsas şərtlərindən biri hüquqi maarifləndirmənin gücləndirilməsi və cəmiyyətin bu istiqamətdə məlumatlılığının artırılmasıdır.
Təlim zamanı iştirakçılarla fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.



