ATU-da "Açıq qapı” günü keçirilib
Azərbaycan Texnologiya Universitetində (ATU) "Açıq qapı” günü keçirilib. 2025-2026-cı tədris ilinin yaz imtahan sessiyası ilə bağlı təşkil olunan “Açıq qapı” günündə valideynlər, rəhbər heyət və dekanlar iştirak edib.
ATU-dan "Azərbaycan müəllimi"nə bildirilib ki, elm və innovasiya məsələləri üzrə prorektor, Apellyasiya Komissiyasının sədri Sahil Həmidov və sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor, İmtahan Qərargahının rəhbəri Şahmar Həsənov dəyirmi masa formatında valideynlərə imtahan prosesinin təşkili barədə məlumat veriblər. Bildirilib ki, imtahanların keçirilməsi Elm və Təhsil Nazirliyinin müvafiq qaydalarına uyğun şəkildə tənzimlənir və bu məqsədlə İmtahan Qərargahı və Apellyasiya Komissiyası fasiləsiz fəaliyyət göstərir. Həmçinin qeyd olunub ki, imtahan prosesində rəqəmsallaşmaya mərhələli keçid həyata keçirilir, bu il isə sistemin sınaq mərhələsi – pilot layihə kimi tətbiq olunur, həmçinin yeniliklər çərçivəsində imtahana hazırlıq portalı istifadəyə verilib.Şəffaflığın və obyektivliyin təmin olunması üçün auditoriyalarda müşahidə kameraları quraşdırıldığı, korpuslarda müraciət qutularının yerləşdirildiyi, eləcə də tələbələrin operativ müraciət imkanları üçün elektron platformaların istifadəyə verildiyi diqqətə çatdırılıb.
Daha sonra İmtahan Komissiyasının sədri, Tədrisin təşkili və idarəedilməsi şöbəsinin müdiri Cəsarət Şabanov monitor vasitəsilə imtahanların gedişini canlı rejimdə nümayiş etdirib. Valideynlərin diqqətinə çatdırılıb ki, imtahanlar müəyyən edilmiş qrafik əsasında test və yazılı formatlarda keçirilir. Yazılı imtahanlar üçün 3 saat, test imtahanları üçün isə 1 saat vaxt ayrılır. Yoxlama prosesi xüsusi kodlaşdırılmış sistem vasitəsilə həyata keçirilir, apellyasiya müraciətləri isə komissiya tərəfindən araşdırılaraq müvafiq qərarlar qəbul edilir. Komissiya sədri həmçinin bildirib ki, kompüter mühəndisliyi və informasiya təhlükəsizliyi ixtisasları üzrə təhsil alan I kurs tələbələri üçün yazılı imtahanlar ilk dəfə olaraq pilot layihə çərçivəsində süni intellekt əsaslı platforma üzərindən kompüter vasitəsilə təşkil olunub. Tələbələrə imtahanın yerinə yetirilməsi üçün 4 saat vaxt ayrılıb. Qeyd edilib ki, pilot layihə çərçivəsində imtahan nəticələrinin qiymətləndirilməsi süni intellekt tərəfindən aparılır və tələbələr imtahanı başa vurduqdan dərhal sonra öz nəticələrini öyrənə bilirlər ki, bu yenilik də qiymətləndirmə prosesinin daha operativ, şəffaf və çevik həyata keçirilməsinə imkan yaradır.
Valideynlər neqativ halların qarşısının alınması ilə bağlı zəruri tədbirlərin görülməsini yüksək qiymətləndirib, tələbələrin biliklərinin şəffaf və obyektiv qiymətləndirilməsi üçün yaradılan şəraitdən məmnunluq ifadə ediblər.




