Akademik: Yeni yanaşma xəstəliklərlə daha səmərəli mübarizəyə imkan verəcək

23 İyun, 2026 - 12:35
Akademik: Yeni yanaşma xəstəliklərlə daha səmərəli mübarizəyə imkan verəcək

ATU-da fəaliyyətə başlayan Data-analitika və süni intellekt laboratoriyası müvafiq istiqamətdə araşdırmaların aparılması, tədrisin məzmununun yenilənməsi, tibdə süni intellekt texnologiyalarının tətbiqi işinin genişləndirilməsi və bu sahədə yüksəkixtisaslı kadr hazırlığının həyata keçirilməsi baxımından yeni intellektual mərkəz funksiyasını layiqincə yerinə yetirəcək.

"Azərbaycan müəllimi" xəbər verir ki, bu fikirləri AMEA-nın vitse-prezidenti, ETN İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev Azərbaycan Tibb Universitetinin (ATU) Tədris-Terapevtik Klinikasında Data-analitika və süni intellekt laboratoriyasının açılış mərasimində çıxışı zamanı səsləndirib.

Akademik Rasim Əliquliyevin sözlərinə görə, vətəndaşların sağlamlıq vəziyyətinə dair məlumatların toplanması, saxlanılması və sistemli şəkildə idarə olunması milli tibbi data ekosisteminin formalaşmasına, bununla da data suverenliyinin təmin edilməsinə real zəmin yaradır: "Bu intellektual yanaşma xəstəliklərlə daha səmərəli mübarizə aparmağa, diaqnostikanın dəqiqliyini artırmağa, həmçinin ölkə üzrə sağlamlıq vəziyyətini obyektiv qiymətləndirməyə və gələcək riskləri öncədən proqnozlaşdırmağa imkan verəcəkdir".

O bildirib ki, ATU-da süni intellekt, data-analitika və maşın təlimi texnologiyalarının bu laboratoriya çərçivəsində tədqiqi və tətbiqi həm mühüm, həm də yüksək məsuliyyət tələb edən təşəbbüsdür.

Akademik: Yeni yanaşma xəstəliklərlə daha səmərəli mübarizəyə imkan verəcək
Akademik: Yeni yanaşma xəstəliklərlə daha səmərəli mübarizəyə imkan verəcək