Azərbaycan 5 yaşlı uşaqlar üçün məktəbəqədər təhsilə çıxışı universal səviyyəyə çatdırıb – UNESCO
Məlum olduğu kimi, martın 23-24-də Parisdə Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) qərargahında Qlobal Təhsil Koalisiyasının 6-cı iclası keçirilib.
“Azərbaycan müəllimi” xəbər verir ki, tədbir çərmivəsində "Təhsildə əlçatanlıq və keyfiyyət" mövzusunda Yüksək Səviyyəli Nazirlər Dialoqu təşkil olunub. Yüksəksəviyyəli toplantıda Azərbaycanı elm və təhsil nazirinin müavini Həsən Həsənli təmsil edib.
Görüşdə təhsildə bərabər imkanların gücləndirilməsi, bütün uşaqların keyfiyyətli təhsilə çıxışının təmin edilməsi, həssas qrupların dəstəklənməsi və inklüzivliyə əsaslanan təhsil sistemlərinin gücləndirilməsi kimi məsələlər müzakirə olunub. Görüş zamanı iştirakçı ölkələr təhsildə bərabərlik, əlçatanlıq və keyfiyyət sahələrində siyasət və təcrübələrini bölüşüblər.
Tədbir çərçivəsində martın 25-də UNESCO-nun 2026-cı il Qlobal Təhsil Monitorinqi (GEM) Hesabatı təqdim olunub. Hesabat dünyada təhsil sahəsinin vəziyyəti barədə əsas qlobal məlumat mənbəyidir. Sənəd qlobal təhsilin hazırkı böhran vəziyyətini analiz edir və BMT-nin Dayanıqlı İnkişaf Məqsədi 4-ə (SDG 4 – Keyfiyyətli təhsil) nail olmaq üçün rəqəmsal transformasiyanın vacibliyini vurğulayır. Hesabatda qeyd olunur ki, məktəbə getməyən uşaq və gənclərin sayı ardıcıl yeddinci ildir artır və 273 milyon nəfərə çatıb. Təşkilat bu artımı əhalinin sayının çoxalması, böhranlar və büdcələrin azalması ilə izah edir. Sənəddə qeyd olunur ki, dünyada məktəbyaşlı hər altı uşaqdan biri təhsil sistemindən kənarda qalır və şagirdlərin yalnız üçdə ikisi orta təhsili başa vurur. Bununla belə, bir çox ölkə əhəmiyyətli irəliləyiş əldə edir ki, bu da məqsədlərin müəyyənləşdirilməsi və siyasətin hazırlanması zamanı milli kontekstin nəzərə alınmasının vacibliyini göstərir.
Narahatedici tendensiya
UNESCO -nun Baş direktoru Xaled əl-Ənani Hesabatın “Ön söz”ündə bildirir: “21-ci əsr ümumbəşəri bir vəd daşıyır: harada doğulmasından, ailəsinin nə qədər qazandığından və ya evdə hansı dildə danışmasından asılı olmayaraq hər bir uşaq keyfiyyətli təhsilə çıxış əldə etməlidir. Bu vəd ilk dəfə 1990-cı ildə verildi, 2000-ci ildə yenidən təsdiqləndi və 2015-ci ildə Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyinin bir hissəsi kimi genişləndirildi. UNESCO-nun bu əsas təhsil hesabatının bu buraxılışı həmin vədi yerinə yetirib-yetirmədiyimizi sorğulayır”.
Onun sözlərinə görə, “bu hesabat narahatedici bir tendensiyanı təsdiqləyir: hər il dünyada getdikcə daha çox gənc təhsil almaq imkanından məhrum olur. Bununla belə, ümid var. 2000-ci ildən bəri ibtidai və orta təhsilin ümumi əhatə dairəsi 30% artıb və bir çox ölkə mühüm nailiyyətlər əldə edir. UNESCO hökumətlər və tərəfdaşlarla fəal əməkdaşlığı davam etdirərək yerli şərait nəzərə alınmaqla hamı üçün təhsil imkanlarını genişləndirməyə və hər bir şagirdə öz gələcəyini qurmaq üçün bərabər imkanlar yaratmağa çalışır”.
Məktəbə davamiyyət bütün regionlarda zəifləyib
Qlobal Monitorinq Hesabatı göstərir ki, 2015-ci ildən etibarən məktəbə davamiyyətin təmin edilməsində irəliləyiş demək olar ki, bütün regionlarda zəifləyib. Ən böyük zəifləmə Saharaaltı Afrika ölkələrində müşahidə olunur və bu, əsasən əhalinin artımı ilə bağlıdır. Münaqişələr də daxil olmaqla bir sıra böhranlar irəliləyişi ləngidib. Dünyadakı bütün uşaqların altıda birindən çoxu münaqişə zonalarında yaşayır. Bu isə o deməkdir ki, məktəbə getməyən uşaqların real sayı rəsmi statistikada göstəriləndən milyonlarla çoxdur.
Bu problem xüsusilə Yaxın Şərqdə kəskindir; burada davam edən regional gərginlik bir çox məktəbin bağlanmasına səbəb olub. Nəticədə milyonlarla uşaq dərslərə qatılmaq imkanından məhrum olub və təhsildə geri qalma riski ilə üzləşib.
Təhsildə mühüm nailiyyətlər də var
Mövcud çətinliklərə baxmayaraq, 2026-cı il üzrə Təhsil üzrə Qlobal Monitorinq Hesabatı son illərdə qlobal təhsil sahəsində mühüm nailiyyətləri də qeyd edir. Bir sıra ölkələr 2000-ci ildən bəri məktəbə getməmə göstəricilərini ən azı 80% azaldıblar: məsələn, Madaqaskar və Toqo uşaqlar arasında, Mərakeş və Vyetnam yeniyetmələr arasında, həmçinin Gürcüstan və Türkiyə gənclər arasında. Eyni dövrdə Kot-d’İvuar bütün üç yaş qrupunda bu göstəricini iki dəfə azaldıb.
Hər dəqiqə şagirdlərin sayı 25-dən çox artır
Hesabatın “Məktəbəqədər təhsil” fəslində ölkəmizə aid hissəsində qeyd olunur ki, Azərbaycan son dövrlərdə 5 yaşlı uşaqlar üçün məktəbəqədər təhsilə çıxışı əhəmiyyətli dərəcədə artırıb: “Cəmi beş il ərzində Azərbaycan 5 yaşlı uşaqlar üçün məktəbəqədər təhsilə çıxışı demək olar ki, universal səviyyəyə çatdırıb”. Cəmi beş il ərzində, 2021-ci ildə bu göstərici demək olar ki, ümumi əhatə səviyyəsinə çataraq 92%-ə yüksəlib.Daha kiçik yaş qruplarını (3–5 yaşlılar və 1–5 yaşlılar) əhatə edən digər iki iştirak göstəricisi üzrə də təsirli artımlar qeydə alınıb.
Hesabatda qeyd olunur ki, 2024-cü ildə şagirdlərin ümumi sayı 1,4 milyard nəfər olduğu halda, 2000-ci ildən bəri ibtidai və orta təhsilin qlobal əhatə dairəsi 327 milyon nəfər və ya 30% artıb. Məktəbəqədər müəssisələrdə şagirdlərin sayı 45%, orta təhsildən sonrakı təhsil müəssisələrində isə 161% artıb. Bu o deməkdir ki, hər dəqiqə 25-dən çox uşaq təhsilə çıxış əldə edir. Məsələn, Efiopiyada ibtidai təhsilin əhatə göstəricisi 1974-cü ildə 18%-dən 2024-cü ildə 84%-ə yüksəlib. Çində isə ali təhsilə çıxış misli görünməmiş sürətlə genişlənib: 1999-cu ildəki 7%-dən 2024-cü ildə 60%-dən çox olub. İbtidai və orta təhsildə gender fərqi demək olar ki, aradan qaldırılıb. Məsələn, Nepalda qızlar gender bərabərliyini təmin edən ardıcıl islahatlar sayəsində oğlanlara çatıb, bəzi bölgələrdə isə onları üstələyib.
Getdikcə daha çox uşaq yalnız təhsilə başlamır, həm də onu başa vurur: 2000-ci ildən bəri təhsili tamamlama üzrə qlobal göstərici ibtidai təhsildə 77%-dən 88%-ə, natamam orta təhsildə 60%-dən 78%-ə, tam orta təhsildə isə 37%-dən 61%-ə yüksəlib. Lakin hazırkı artım tempi saxlanılarsa, dünyada tam orta təhsilin tamamlanma səviyyəsi yalnız 2105-ci ilə qədər 95%-ə çatacaq.
İnklüziv təhsilə və ədalətli maliyyələşməyə artan sadiqlik
Hesabat həmçinin dünyada ölkələrin inklüzivlik prinsiplərinə artan sadiqliyini vurğulayır. 2000-ci ildən bəri bu sahədə aparılan siyasətin təhlili göstərir ki, inklüziv təhsili öz qanunvericilik aktlarında təsbit edən ölkələrin payı 1%-dən 24%-ə yüksəlib, əlilliyi olan uşaqların inklüziv təhsil mühitində oxumasını tələb edən ölkələrin payı isə 17%-dən 29%-ə artıb.
“İrəliləyiş universal ola bilməz, çünki yerli kontekst çox vaxt nəzərə alınmır. Milli hədəflər həm iddialı, həm də real olmalıdır. Qlobal məqsədlər xaricdən diktə olunmamalı, milli göstəricilərin məcmusundan formalaşmalıdır”, - deyə Təhsil üzrə Qlobal Monitorinq Hesabatının direktoru Manos Antoninis bildirib.
Son 25 ildə ibtidai və orta təhsil sahəsində sosial baxımdan həssas qrupların xeyrinə müxtəlif maliyyələşdirmə mexanizmlərindən istifadə edən ölkələrin payı dörd dəfədən çox artıb. Bu tədbirlərə vəsaitlərin yerli idarəetmə orqanlarına, məktəblərə, eləcə də birbaşa şagirdlərə və onların ailələrinə ötürülməsi daxildir. Xüsusilə, ölkələrin 76%-də əlverişsiz şəraitdə olan məktəblərin xeyrinə resursların yenidən bölüşdürülməsi strategiyaları mövcuddur. Lakin hesabatda təqdim olunan yeni indeks göstərir ki, yalnız 8% ölkə bu mexanizmlərdən tam şəkildə istifadə edir.
Təhsilin maliyyə baxımından əlçatanlığını artırmaq üçün əvvəlki səylər əhatəni genişləndirsə də, keyfiyyətin azalmasına səbəb olub və bu da şagirdlərin məktəbi tərk etməsinin artmasına gətirib çıxarıb. Bundan əlavə, ailələr üçün maneə olaraq qalan digər xərclər - nəqliyyat, məktəbdən sonrakı xidmətlər və qidalanma xərcləri aradan qaldırılmayıb. Donor təşkilatlardan gələn maliyyənin azalması fonunda, milli büdcələrə tam inteqrasiya olunmamış məktəb qrantları və məktəb qidalanması proqramları (ölkələrin 84%-də mövcuddur) bağlanmaq təhlükəsi ilə üzləşib.
Gələcəyə baxış: hamı üçün təhsilə çıxış kompleks həllər tələb edir
Hesabat göstərir ki, heç bir tək tədbir hamı üçün təhsilə çıxışı təmin edə bilməz. Siyasət yerli şəraitə uyğun qurulmalı, problemləri kompleks şəkildə həll etməli və sübutlara əsaslanmalıdır. Məsələn, Afrikanın 14 ölkəsində yalnız pulsuz deyil, həm də məcburi təhsilin tətbiqi həm qızlar, həm də oğlanlar üçün təhsilin orta müddətini bir ildən çox artırıb. Uşaq əməyinin qadağan edilməsi ilə birlikdə bu tədbirlər daha da böyük təsir göstərir.
Effektiv siyasət həmçinin təhsil sahəsindən kənar amilləri də nəzərə almalıdır. Məsələn, Kambocada təkcə elektrikləşmə təhsilin müddətini demək olar ki, bir il artırıb. Aşağı və orta gəlirli ölkələrdə məktəb qidalanması proqramları hər 100 dollar xərclə yarım ilə qədər əlavə təhsil qazandırır. Məktəbə davamiyyətə bağlı pul ödənişləri tətbiq edildikdə isə uşaqların məktəbə qəbul olunma ehtimalı 36% artır.
UNESCO dünya ölkələrinin hökumətlərinə dəstək verməyə, nazirləri, inkişaf tərəfdaşlarını, vətəndaş cəmiyyətini və gəncləri bir araya gətirməyə davam edərək 2030-cu ildən sonrakı dövr üçün təhsil gündəliyini formalaşdıracaq və qlobal çağırışlar fonunda təhsilin prioritetliyini təmin edəcək.
Qlobal Təhsil Monitorinqi Hesabatında son 25 ildə məktəbəqədər, ibtidai və orta, eləcə də orta məktəbdən sonrakı təhsildə iştirak baxımından, o cümlədən cins, yerləşmə, firavanlıq və əlillik baxımından bərabərsizliyi azaltmaqla, digər ölkələrdən daha sürətli inkişaf edən, eyni zamanda o qədər də irəliləyiş əldə etməyən ölkələr də müəyyən edilib.
Qeyd edək ki, Qlobal Təhsil Koalisiyası 2020-ci ildə COVID-19 pandemiyasının təhsil sahəsinə təsirlərinin azaldılması məqsədilə yaradılıb, daha sonra isə fövqəladə hallarda təhsilin davamlılığının təmin olunması və təhsil sistemlərinin transformasiyasının dəstəklənməsi istiqamətində fəaliyyətini genişləndirib. Hazırda 112 ölkədə fəaliyyət göstərən Koalisiya vətəndaş cəmiyyəti institutları, akademik dairələr və özəl sektor daxil olmaqla 220-dən çox institusional tərəfdaşı bir araya gətirir.
2021-ci ildə Azərbaycan Respublikası UNESCO-nun Qlobal Təhsil Koalisiyasına maliyyə töhfəsi verərək onun əsas donorlarından biridir.
UNESCO qeyd edir ki, 2030-cu il üçün son tarix yaxınlaşdıqca və çoxtərəflilik gərginləşdikcə, ölkələrin SDG 4-ə doğru atdığı müxtəlif yolları anlamaq üçün məlumatlardan istifadə etməyə ehtiyac var. Təşkilat ümid edir ki, Qlobal Təhsil Monitorinqi Hesabatının bu nəşri təhsil sistemlərinin qapıları necə açdığını, bilikləri necə inkişaf etdirdiyini və şagirdləri qeyri-müəyyənliklərlə dolu bir dünyaya necə hazırladığını qiymətləndirəcək və beləliklə, 2030-cu ildən sonrakı təhsil gündəliyi ilə bağlı müzakirələrin qurulmasına kömək edəcək.



