Eşqi Bağırov bağçada uşağa şiddət iddiasından danışıb
Sosial şəbəkələrdə Suraxanı rayonu Hövsan qəsəbəsində fəaliyyət göstərən 273 nömrəli körpələr-evi uşaq bağçasında tərbiyəçi-müəllim tərəfindən azyaşlıya qarşı şiddət göstərildiyi iddia edilib.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bu gün təşkil olunan brifinqdə açıqlama verib.
O qeyd edib ki, məsələ ilə bağlı artıq araşdırmalara başlanılıb və Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən ilkin açıqlama verilib. Bildirilib ki, hazırda aidiyyəti qurumların əməkdaşları hadisəni araşdırır.
Direktor vurğulayıb ki, yerli təhsil idarəsinin yekun rəyindən sonra müvafiq qərarlar qəbul olunacaq. Əgər fakt təsdiqini taparsa, məsul şəxs barəsində qanunvericiliyə uyğun tədbirlər görüləcək.
Eyni zamanda qeyd olunub ki, hadisədə cinayət tərkibi müəyyən edilərsə, məsələ ilə bağlı müvafiq hüquq-mühafizə orqanlarına müraciət ediləcək və yekun qərar da həmin qurumlar tərəfindən veriləcək.



