Aİ-də məktəbəqədər təhsildə iştirak səviyyəsi 95 faizə çatıb
2024-cü ildə Avropa İttifaqı ölkələrində 3 yaşdan ibtidai təhsilə başlama yaşına qədər olan uşaqların 95 faizi məktəbəqədər təhsilə cəlb olunub.
“Azərbaycan müəllimi” xarici KİV-ə istinadən xəbər verir ki, bu göstərici 2014-cü illə müqayisədə artaraq 91,2 faizdən 95 faizə yüksəlib.
Məlumata görə, Avropa İttifaqının əsas hədəfi 2030-cu ilə qədər erkən uşaqlıq təhsili və qayğı xidmətlərində iştirak səviyyəsini ən azı 96 faizə çatdırmaqdır.
Məktəbəqədər təhsildə ən yüksək iştirak göstəricisi Fransada qeydə alınıb və ölkədə bu göstərici 100 faiz təşkil edib. Belçika 98,1 faizlə ikinci, Litva və Macarıstan isə 97,9 faizlə növbəti pillələrdə qərarlaşıb.
Ən aşağı göstəricilər isə Rumıniya, Slovakiya və Çexiyada qeydə alınıb. Rumıniyada məktəbəqədər təhsilə cəlbetmə səviyyəsi 76,5 faiz olub.
Statistikaya əsasən, Avropa İttifaqında məktəbəqədər təhsil sektorunda çalışan müəllimlərin böyük əksəriyyətini qadınlar təşkil edir.
2024-cü ildə bu sahədə çalışan müəllimlərin 95,1 faizi qadın olub. Ən yüksək göstəricilər Rumıniya, Slovakiya və Macarıstanda qeydə alınıb.
Niderland, Fransa və Danimarka isə qadın müəllimlərin nisbətinin nisbətən aşağı olduğu ölkələr sırasında yer alsa da, bu ölkələrdə də göstərici 87 faizdən yuxarı olub.



