Bağçada uşaqların qidaları mənimsənilir? - İddialarla bağlı araşdırmalar aparılır
Redaksiyamıza daxil olan müraciətdə Abşeron rayonu, Qobu qəsəbəsi 16 saylı körpələr evi–uşaq bağçasında bir sıra qanun pozuntularına yol verildiyi iddia olunub.
“Azərbaycan müəllimi”nə təqdim edilən məlumatda bildirilib ki, bağçanın müdiri Səbinə Sultanova uşaqlar üçün ayrılan qida məhsullarını mənimsəyib. İddialara görə, müəssisədə eyni zamanda ştatda adı olan, lakin faktiki əmək fəaliyyəti ilə məşğul olmayan beş nəfər əməkdaş qeydə alınıb və onların əməkhaqlarının da mənimsənildiyi qeyd olunur.
Şikayətçi redaksiyamıza iddiaları təsdiqləyən, müxtəlif günlərdə çəkilmiş videogörüntülər də təqdim edib. Həmin kadrlarda avtomobilin yük yerindəki qida məhsullarının daşındığı görünür.
Abşeron-Xızı Regional Təhsil İdarəsindən "Azərbaycan müəllimi"nə verilən məlumata görə, Abşeron rayonu Qobu qəsəbəsi 16 saylı körpələr evi–uşaq bağçası ilə bağlı səsləndirilən iddialar Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən nəzarətə götürülüb:
"Hazırda məsələ ilə bağlı araşdırma aparılır. Araşdırmanın nəticələrinə uyğun olaraq ictimaiyyətə əlavə məlumat veriləcək. Qeyd edirik ki, məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətində şəffaflığın təmin olunması daim diqqət mərkəzində saxlanılır. Bu istiqamətdə nəzarət tədbirləri davam etdirilir", – deyə açıqlamada qeyd olunub.



