Azərbaycan Elm Fondunun fəaliyyəti yenidən təşkil olunur

25 İyun, 2026 - 16:00
Azərbaycan Elm Fondunun fəaliyyəti yenidən təşkil olunur

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dövlət adından yaradılan bir sıra publik hüquqi şəxslərin fəaliyyətinin yenidən təşkili ilə bağlı fərman imzalayıb.

"Azərbaycan müəllimi" xəbər verir ki, fərmana əsasən, həmçinin "Azərbaycan Elm Fondu" publik hüquqi şəxsin əsasında Azərbaycan Elm Fondu büdcə təşkilatı yaradılacaq.

Sənədə əsasən, fondun hüquq və öhdəlikləri, həmçinin balansında olan əmlak yeni yaradılan Azərbaycan Elm Fonduna keçir. Yeni qurumun əsasnaməsi, strukturu və əməyin ödənilməsi sistemi müəyyən edilənədək mövcud "Azərbaycan Elm Fondu" publik hüquqi şəxs fəaliyyətini davam etdirəcək.

Fərmanla Nazirlər Kabinetinə üç ay müddətində yeni yaradılan qurumun əsasnaməsinin (nizamnaməsinin) təsdiq edilməsi, strukturunun, işçilərinin say həddinin, əməkhaqlarının və əməyin ödənilməsi sisteminin müəyyən edilməsi ilə bağlı tədbirlərin görülməsi tapşırılıb.

Bununla yanaşı, Maliyyə Nazirliyi yeni yaradılan qurumun strukturunun, ştat vahidlərinin və əməkhaqqı sisteminin maliyyə ekspertizasını aparacaq, fəaliyyətin optimallaşdırılması istiqamətində tədbirlər görəcək.