Azərbaycan Milli İqtisadiyyat Olimpiadasının qeydiyyatı davam edir
Azərbaycan Milli İqtisadiyyat Olimpiadasının (AZMİO) qeydiyyatı davam edir.
"Azərbaycan müəllimi" xəbər verir ki, beynəlxalq "International Economics Olympiad"ın (IEO) rəsmi milli seçim mərhələsi olan AZMİO bu il də ölkə üzrə istedadlı şagirdləri bir araya gətirəcək. Olimpiadanın seçim turu 25 yanvar tarixində Bakı Biznes Universitetində keçiriləcək.
AZMİO "Global Olympiad Center" (GOC) tərəfindən iqtisadiyyat və maliyyə sahələrinə marağın artırılması, istedadlı şagirdlərin təşviq edilməsi və bu istiqamətdə akademik potensialın inkişaf etdirilməsi məqsədi ilə ödənişsiz təşkil olunur.
Seçim turunda iştirak edən şagirdlər iqtisadiyyat və maliyyə sahələri üzrə bilik və analitik bacarıqlarını sınayacaqlar. AZMİO iki mərhələdən ibarətdir: seçim turu və final turu. Olimpiadada şagirdlər iki kateqoriya üzrə yarışırlar: "Junior" (5–8-ci siniflər) və "Senior" (9–11-ci siniflər).
Seçim turunun nəticələrinə əsasən ən yüksək nəticə göstərən 30% şagird final mərhələsinə vəsiqə qazanacaq. Final mərhələsində iştirakçıları daha çətin və çoxşaxəli imtahan strukturu gözləyir. Şagirdlər bu mərhələdə 25 iqtisadiyyat sualı, 20 test tipli maliyyə sualı və 5 açıq tipli maliyyə tapşırığını cavablandıracaqlar.
IEO-nun Azərbaycan üzrə rəsmi nümayəndəsi olan "Global Olympiad Center" AZMİO vasitəsilə şagirdlər arasında beynəlxalq səviyyəli iqtisadi düşüncə mədəniyyətinin formalaşdırılmasını və onların akademik və peşəkar gələcək imkanlarının genişləndirilməsini hədəfləyir.
Final mərhələsinin nəticələrinə əsasən ilk 5 şagird qızıl, 10 şagird gümüş, 15 şagird isə bürünc medalla təltif olunacaq. Ən yüksək nəticə göstərən 5 şagird isə Azərbaycanı Çində keçiriləcək beynəlxalq final mərhələsində, 50-dən çox ölkənin iştirakı ilə təşkil olunacaq "International Economics Olympiad"da təmsil etmək hüququ qazanacaq.



