Azərbaycan universitetləri dünya reytinqlərində necə irəliləyib? – Mütəxəssis baxışları
“Quacquarelli Symonds” (QS) beynəlxalq reytinq agentliyinin açıqladığı “QS Dünya Universitetləri Reytinqi 2027”nin nəticələrinə əsasən, Azərbaycan Cənubi Qafqazda ən çox universitetlə təmsil olunan ölkə olub.
Reytinqdə Azərbaycandan 10 universitet yer alıb. Bu göstərici Cənubi Qafqaz regionunun digər iki ölkəsinin birlikdə təmsil olunan universitetlərinin sayından 2,5 dəfə çoxdur.
Mövzu ilə “Azərbaycan müəllimi”nə danışan Bakı Dövlət Universitetinin rektorunun keyfiyyət təminatı üzrə müşaviri, iqtisad üzrə fəlsəfə doktoru Asiman İlyasov qeyd edib ki, “Quacquarelli Symonds” beynəlxalq reytinq agentliyinin açıqladığı “QS World University Rankings 2027” (QS World University Rankings 2027) nəticələri Azərbaycan ali təhsil sistemi üçün mühüm strateji əhəmiyyət daşıyan göstəricilər ortaya qoyur: “İlk növbədə qeyd edilməlidir ki, Azərbaycan bu il Cənubi Qafqaz regionunda ən çox universitetlə təmsil olunan ölkə kimi lider mövqeyini daha da gücləndirib. Reytinqdə ölkəmizdən 10 universitetin yer alması region üzrə ali təhsil sistemimizin beynəlxalq görünürlüyünün və rəqabət qabiliyyətinin artdığını nümayiş etdirir.
Əvvəlki illərlə müqayisədə müşahidə etdiyimiz əsas dəyişiklik ondan ibarətdir ki, Azərbaycan universitetlərinin beynəlxalq reytinqlərdə iştirakı artıq təkcə simvolik xarakter daşımır. Bir neçə il əvvəl cəmi 2-3 universitet beynəlxalq reytinqlərdə yer alırdısa, hazırda bu rəqəm əhəmiyyətli şəkildə artaraq 10-a çatıb. Bu dinamika onu göstərir ki, son illərdə ali təhsil sahəsində həyata keçirilən institusional inkişaf siyasəti, beynəlmiləlləşmə strategiyaları, elmi tədqiqat fəaliyyətinin gücləndirilməsi və keyfiyyət təminatı istiqamətində görülən işlər artıq konkret nəticələr verməyə başlayıb.
Xüsusilə diqqətçəkən məqam ondan ibarətdir ki, ilk dəfə olaraq Azərbaycanın 3 ali təhsil müəssisəsi dünya universitetlərinin TOP-800-lüyünə daxil olmağı bacarıb. Bu, sadəcə statistik nailiyyət deyil. Bu göstərici Azərbaycan universitetlərinin qlobal akademik mühitdə rəqabət apara biləcək institusional potensiala malik olduğunu sübut edir. Eyni zamanda bu nəticə onu göstərir ki, universitetlərimizdə tədrisin keyfiyyəti, akademik reputasiya, işəgötürənlər arasında nüfuz, beynəlxalq əməkdaşlıq və elmi məhsuldarlıq kimi əsas indikatorlar üzrə inkişaf müşahidə olunur.
Bu uğur bizə bir vacib mesaj verir: Azərbaycan ali təhsil sistemi artıq regional çərçivədən çıxaraq qlobal akademik ekosistemdə daha görünən aktora çevrilməkdədir. Lakin bu nəticələri yekun uğur kimi deyil, daha böyük məqsədlərə gedən yolun başlanğıcı kimi qiymətləndirmək lazımdır”.
A.İlyasov qeyd edib ki, gələcək hədəflərə gəldikdə isə bir neçə strateji istiqamət prioritet olmalı olduğunu hesab edir:
“Birincisi, Azərbaycan universitetlərinin dünya reytinqlərində daha yüksək pillələrdə qərarlaşmasına fokuslanmaq lazımdır. Qarşıdakı illərdə əsas məqsəd ən azı bir neçə universitetimizin TOP-500, daha sonra isə TOP-300 universitetlər sırasına daxil olması olmalıdır.
İkincisi, universitetlərdə elmi tədqiqat məhsuldarlığının artırılması xüsusi prioritet olaraq qalmalıdır. Beynəlxalq indekslənən jurnallarda nəşrlərin sayının artırılması, sitat indekslərinin yüksəldilməsi və qlobal elmi əməkdaşlıq layihələrinin genişləndirilməsi burada əsas amillərdəndir.
Üçüncüsü, ali təhsil müəssisələrinin beynəlmiləlləşməsi daha da sürətləndirilməlidir. Xarici müəllim və tələbələrin sayının artırılması, ikili diplom proqramlarının genişləndirilməsi, beynəlxalq akkreditasiyaların əldə olunması universitetlərin qlobal reputasiyasına birbaşa təsir göstərir”.
Müsahibimizin fikrincə, bu nəticələr göstərir ki, Azərbaycan təhsilində həyata keçirilən islahatlar artıq beynəlxalq səviyyədə ölçülə bilən nəticələr verməyə başlayıb. Qarşıdakı mərhələdə əsas məqsəd bu yüksəlişi davamlı inkişaf modelinə çevirmək və Azərbaycan universitetlərini dünyanın aparıcı ali təhsil institutları sırasında daha güclü mövqeyə gətirməkdən ibarət olmalıdır.
Bugünkü nəticələr göstərir ki, Azərbaycan ali təhsili artıq qlobal rəqabətə qoşulub və növbəti mərhələdə məqsəd bu rəqabətdə lider mövqelərə doğru sistemli şəkildə irəliləməkdir.
Təshil mütəxəssisi Elçin Süleymanov isə “Azərbaycan müəllimi”nə qeyd edib ki, Azərbaycan universitetlərinin beynəlxalq reytinqdə öz mövqelərini möhkəndirməsi sevindirici haldır:
“Bu da QS reytinqində qlobal təhsil prosesinin oyunçusu kimi Azərbaycanın iştirakı və öz mövqeyini yaxşılaşdırması düşünürəm ki, faydalıdır. Bu universitetləri tanınmasında və tələbələrin universitə gəlməsinə müsbət təsir edir. Reytinqdə mövqelər konkret ölçülə bilən meyarlara görə təyin olunur. Burada nəşrlər, istinad, pedaqoji heyət sayı, xarici və yerli tələbə nisbəti meyarlar arasındadır”.
E.Süleymanov qeyd edib ki, universitetlərimiz son illərdə bu istiqamətdə kifayət qədər addımlar atır:
“Burada dövlət dəstəyi, xaricdə təhsil üzrə dövlət proqramları, eyni zamanda xaricdə xaricdən tələbələr, elmi nəşrlərin artması əhəmiyyətli rol oynayır. Universitetlərimizi və onların rəhbərliklərini əldə edilən nəticələrə görə təbrik edirəm”.




