Azərbaycan universitetlərinin uğuru Ermənistan mediasında müzakirə edildi

3 İyul, 2026 - 12:01
Azərbaycan universitetlərinin uğuru Ermənistan mediasında müzakirə edildi

Britaniyanın "Quacquarelli Symonds" (QS) şirkətinin açıqladığı 2026/27-ci il Dünya Universitetləri Reytinqi Ermənistan mediasında müzakirələrə səbəb olub.

"Azərbaycan müəllimi" Publika.az saytına istinadən xəbər verir ki, "Sputnik Armenia"da yayımlanan məqalədə Azərbaycanın ali məktəblərinin ümumi reytinqdə daha yüksək yerlər tutmasına baxmayaraq, İrəvan Dövlət Universitetinin bəzi elmi göstəricilər üzrə üstün olduğu iddia edilir.

QS reytinqinə əsasən, Azərbaycanın 6 universiteti dünyanın ilk 1000 ali məktəbi sırasında yer alıb. Onların arasında ən yüksək nəticəni Bakı Dövlət Universiteti göstərərək 565-ci pillədə qərarlaşıb.

Ermənistandan isə yalnız İrəvan Dövlət Universiteti reytinqə daxil edilib və o, 1001-1200-cü yerlər qrupunda qərarlaşıb.

"Sputnik" yazır ki, Azərbaycan universitetlərinin yüksək mövqeləri əsasən akademik reputasiya, işəgötürənlər arasında nüfuz, xarici tələbə və müəllimlərin payı kimi göstəricilər hesabına formalaşıb. Məqalədə bu meyarların subyektiv xarakter daşıdığı, ekspert sorğularına əsaslandığı və obyektiv şəkildə yoxlanılmasının mümkün olmadığı iddia edilib.

Nəşr bildirib ki, elmi məqalələrin sitat gətirilməsi, beynəlxalq elmi proqramlarda iştirak və məzunların əmək bazarındakı nəticələri kimi göstəricilər üzrə İrəvan Dövlət Universiteti Azərbaycanın altı universitetindən beşini üstələyir.

Məqalədə həmçinin vurğulanıb ki, Bakı Dövlət Universiteti ümumi reytinqdə İrəvan Dövlət Universitetindən yüzlərlə pillə irəlidə olsa da, elmi sitat indeksində fərq çox cüzidir. Müəlliflər QS reytinqində akademik reputasiya meyarına elmi nəticələrdən daha yüksək çəki verilməsini də tənqid edirlər.

Bununla yanaşı, yazıda Azərbaycanın ali məktəblərinin xarici tələbə və müəllimlərin sayına görə üstünlüyü etiraf olunur. Lakin müəlliflər bu göstəricinin universitetlərin real elmi fəaliyyətini tam əks etdirmədiyini irəli sürüblər.

Beləliklə, erməni nəşri Azərbaycanın universitetlərinin beynəlxalq reytinqlərdə daha yüksək mövqelərdə qərarlaşdığını faktiki olaraq etiraf etməyə məcbur qalsa da, bu uğurun əhəmiyyətini azaltmağa çalışır. Nəşr iddia edir ki, Azərbaycanın üstünlüyü əsasən reputasiya göstəriciləri ilə bağlıdır, obyektiv elmi meyarlar baxımından isə İrəvan Dövlət Universiteti daha yaxşı nəticələr nümayiş etdirir. Bu yanaşma Azərbaycanın ali təhsil sahəsində son illərdə əldə etdiyi nailiyyətləri qəbul etmək əvəzinə, onları müxtəlif arqumentlərlə kölgədə saxlamaq cəhdidir.

Azərbaycan universitetlərinin uğuru Ermənistan mediasında müzakirə edildi