Azərbaycanda ilk uşaq serialı kitab oldu
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə Ictimai Televiziyanın birgə həyata keçirdiyi, 4,5 milyondan çox baxış toplayaraq Azərbaycanın ilk uğurlu uşaq seriallarından birinə çevrilən “Mən, Lalə, bir də Şerlok Holms” artıq kitab formatında oxuculara təqdim olunub.
"Azərbaycan müəllimi" xəbər verir ki, layihə TEAS Press Nəşriyyat Evinin 3 Alma uşaq ədəbiyyatı bölməsinin dəstəyi ilə nəşr edilib.
Aprelin 4-də LİBRAFF kitab evində Tural Sevdimalı və Vüqar Hüseynovun ssenari müəllifləri olduğu kitabın təqdimatı və imza günü keçirilib.
Təqdimatda Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu, Agentliyin müvafiq struktur bölmə rəhbərləri, media və ictimaiyyət nümayəndələri, serialın qəhrəmanları və yaradıcı heyəti, ədəbiyyatsevərlər və oxucular iştirak ediblər.
Tədbir çərçivəsində müəlliflər çıxış edərək layihənin ideyasından, serialın ərsəyə gəlmə prosesindən və kitab formatına uyğunlaşdırılmasından söz açıblar, oxucularla maraqlı xatirələrini bölüşüblər. Qonaqlara kitabın yaranma məqsədi, uşaqlarda mütaliə vərdişlərinin formalaşdırılmasına verdiyi töhfə və layihənin gələcək planları barədə ətraflı məlumat təqdim olunub.
Tədbir interaktiv müzakirələrlə davam edib, iştirakçılar müəlliflərə suallar ünvanlayaraq onları yaxından tanımaq imkanı əldə ediblər.
Sonda isə oxucular üçün imza saatı təşkil olunub, müəlliflər kitabları imzalayaraq xatirə şəkilləri çəkdiriblər.
Qeyd edək ki, “Mən, Lalə, bir də Şerlok Holms” serialının birinci sezonu ötən il tamaşaçılara təqdim olunub.
Serialın əsas qəhramanı 7-ci sinif şagirdi olan Muraddır. Zəngin fantaziyaya malik Murad növbəti dəfə yay tətilinə çıxıb və istəməsə belə, valideynlərinin məşğulluğu səbəbindən bütün yayı nənə və babasının yanında – kənddə keçirəcək. Murad kənddə həmyaşıdı olan Lalə və digər kənd uşaqları ilə dostlaşır. Lalə ona kənd həyatının incəliklərini öyrədir, Murad isə Laləni şəhərdən gətirdiyi qadjetlər və oxuduğu kitablardan öyrəndiyi maraqlı faktlarla təəccübləndirməyə çalışır.
Muradın babası Oqtay müəllim təqaüddə olan polis polkovnikidir. Nənəsi Almaz xanım isə keçmiş ədəbiyyat müəllimidir və bədii ədəbiyyat nümunələri ilə zəngin böyük kitabxanası var. Babasıgildə qaldığı müddət ərzində Murad da kitablara maraq göstərir. Bir-bir o kitabları oxumağa başlayır.
Murad hər seriyada bir kitab oxuyur və kitabın qəhrəmanı xəyalında canlanaraq ona gündəlik çətinliklərini həll etməyə kömək edir. İlk seriyalarda yayı kənddə keçirəcəyi Muradı narahat edirdisə, getdikcə o artıq kənd həyatının gözəlliklərinə öyrəşir və burada yeni dostluqlar qurur. Hər seriyada Murad Lalə ilə birlikdə kəndə baş verən qəribə və dolaşıq hadisələrin çözülməsi ilə məşğul olur.
Azərbaycanda ilk uşaq serialı olan “Mən, Lalə, bir də Şerlok Holms” serialının ümumi məzmunu biliyin, oxumağın, savadlanmağın insanın həyatında xilasedici rolunu qabartmaqla yanaşı, eyni zamanda qohumcanlılığa, mehribançılığa, dostpərvərliyə səsləyir, hər kəsin şirin xatirələrindəki uşaqlıq illəri və macəra arzularını gözləri önündə canlandırmaqla onların mənəvi cəhətdən saflaşmasında məxsusi bir vasitəyə çevrilir.
Qeyd edək ki, aprelin 19-da etibarən İctimai Televiziyanın efirində serialın ikinci mövzusunun ilk bölümü yayımlanacaq.



