Azərbaycanda sosial mediadan istifadə üçün yaş məhdudiyyəti qoyula bilərmi?
Bir sıra ölkələrdə 16 yaşdan kiçik uşaqlar üçün sosial mediaya məhdudiyyətlərin tətbiqi fonunda Azərbaycanda da bu sahədə mümkün mexanizmlər maraq doğurur.
Məsələ ilə bağlı “Azərbaycan müəllimi”nə açıqlamasında Milli Məclisin deputatı Hicran Hüseynova bildirib ki, 1998-ci ildə “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanunu qəbul olunub. Bu sahədə uşaqların hüquqlarının qorunmasının daha da təkmilləşdirilməsi üçün ayrıca olaraq 2018-ci ildə “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikası Qanunu qəbul edilib və 2020-ci ildən qüvvədədir: “Bu və digər normativ hüquqi aktlarda həmin mexanizmlər öz əksini tapır. “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Qanunun 5.3-cü maddəsinə əsasən, informasiya məhsulunun yayıcısı həmin məhsulun müstəqil şəkildə və ya ekspert iştirakı ilə yaşa görə təsnifatlaşdırılmasını təmin etmədən onu ölkə ərazisində yaya bilməz. İnformasiya məhsulu dedikdə, ölkə ərazisində dövriyyə və istehlak üçün nəzərdə tutulan media məhsulları, audiovizual materiallar, kompüter və digər elektron oyunlar, mətbu nəşrlər, çap materialları, mədəni-kütləvi tədbirlər və telekommunikasiya şəbəkələri vasitəsilə yayımlanan digər məlumatlar nəzərdə tutulur.
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 388-2-ci maddəsinə əsasən, uşaqların zərərli informasiyadan qorunması haqqında qanunvericiliyin pozulmasına görə fiziki şəxslər 500 manatdan 1000 manatadək, vəzifəli şəxslər 1500 manatdan 2500 manatadək, hüquqi şəxslər isə 3000 manatdan 4000 manatadək cərimə edilir”.
O qeyd edib ki, hazırda müxtəlif informasiya resurslarından, o cümlədən sosial şəbəkələrdən istifadə edirik və bu, günümüzün reallığıdır: “Lakin müasir texnologiyaların müsbət tərəfləri ilə yanaşı uşaqların sosial inkişafına mənfi təsir göstərə bilən məqamlar da mövcuddur. Sosial şəbəkələrdə etikaya və əxlaqa zidd paylaşımlar, internet və mediada yayımlanan bəzi video, film və televiziya verilişləri yeniyetmələrin düşüncəsinə və dünyagörüşünə mənfi təsir edir. Bu hallar onları təhsildən yayındıra, zərərli vərdişlərə yönəldə, aqressiv davranışlara və nəticə etibarilə qanunazidd hərəkətlərə səbəb ola bilər. Təəssüf ki, belə hallarla bağlı mediada məlumatlara rast gəlinir”.
Hicran Hüseynova hesab edir ki, bu sahədə mövcud qanunvericiliyin təkmilləşdirilməsinə ehtiyac yaranıb. Milli Məclisin ötən payız sessiyasında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna uşaqları qorumaq məqsədilə jarqon, qeyri-əxlaqi ifadələr, narkotik vasitələr, psixotrop maddələr və alkoqolu təbliğ edən informasiya axınının qarşısının alınmasına yönəlmiş mühüm əlavə və dəyişikliklər edilib. Bu dəyişikliklər yeniyetmə və gənclərin zərərli informasiyadan qorunmasına xidmət edir”.
Onun sözlərinə görə, uşaqların sosial mediaya çıxışının məhdudlaşdırılması məsələsi 2024–2025-ci illərdə rəqəmsal siyasətdə ən çox müzakirə olunan mövzulardan birinə çevrilib: “Dünyanın müxtəlif ölkələrində hökumətlər yetkinlik yaşına çatmayanları kibertəhdidlərdən, zorakılıqdan və zərərli məzmundan qorumaq üçün yaş məhdudiyyətləri və ya qadağalar tətbiq edir. Lakin bu təşəbbüslərin effektivliyi ilə bağlı müzakirələr davam edir. Bəzi araşdırmalar müsbət nəticələr göstərsə də, digərləri məhdud təsir və sosial təcrid riskinə diqqət çəkir. Beynəlxalq təcrübə müxtəlif yanaşmalar nümayiş etdirir — Avstraliyada sərt qadağalar, ABŞ və Avropada valideyn nəzarəti modelləri, Çində dövlət tənzimləmələri və postsovet ölkələrində davam edən müzakirələr buna nümunədir.
Milli Məclisdə Ailə, qadın və uşaq məsələləri komitəsi tərəfindən “Uşaq hüquqları haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılıb. Layihədə uşaqların fikir və söz azadlığı, həmçinin məlumat əldə etmək hüququ ayrıca maddələrlə təsbit olunur. Hər bir uşaq öz fikrini azad ifadə etmək, məlumat axtarmaq, əldə etmək və yaymaq hüququna malikdir. Bununla yanaşı, bütün bu hüquqlar qanunvericiliyə uyğun həyata keçirilməli və uşaqların təhlükəsizliyi əsas prinsip kimi qorunmalıdır. Bu balansın təmin olunması xüsusi mexanizmlər tələb edir”.
Deputat vurğulayıb ki, beynəlxalq təcrübə göstərir ki, uşaqların sosial mediaya çıxışının məhdudlaşdırılması məsələsinin sadə həlli yoxdur: “Bir tərəfdən, problemli sosial media istifadəsinin yeniyetmələrin psixoloji sağlamlığına mənfi təsir göstərə biləcəyinə dair dəlillər mövcuddur. Digər tərəfdən isə səbəb-nəticə əlaqələri tam sübuta yetirilməyib və sosial media sosial ünsiyyət və ictimai iştirak üçün imkanlar yaradır.
Müxtəlif ölkələr fərqli yanaşmalar tətbiq edir. Avropa və Avstraliyada yeniyetmələrin qorunması məqsədilə sosial mediaya giriş üçün yaş məhdudiyyətləri tətbiq olunur. Fransa 15 yaşdan kiçik uşaqlar üçün qadağanı təsdiqləyib, Avropa Parlamenti isə yaş həddinin müəyyənləşdirilməsi ilə bağlı təkliflər irəli sürüb. Çin sərt dövlət tənzimləmələrinə üstünlük verir. ABŞ və bir sıra Avropa ölkələri valideyn razılığı və yaş təsdiqi mexanizmlərindən istifadə edir. Postsovet ölkələri isə bu prosesləri izləyir.
Məsələ ilə bağlı müxtəlif ictimai müzakirələr aparılır və dövlət qurumları ilə bu istiqamətdə fikir mübadiləsi davam edir. Mövzu üzrə bütün tərəflərin rəylərinin dinlənilməsi vacib hesab olunur. Azərbaycanda uşaqların sosial şəbəkələrdə zərərli təsirlərdən qorunması məqsədilə qanunvericilik çərçivəsində 16 yaşdan aşağı şəxslər üçün müəyyən məhdudiyyətlərin tətbiqi mümkün hesab edilir. Bununla yanaşı, sosial şəbəkə platformalarının məsuliyyəti, təhsil, rəqəmsal savadlılıq və alternativ yanaşmaların uzunmüddətli əhəmiyyəti də vurğulanır. Sosial mediada keçirilən vaxt yeniyetmələrin zehni sağlamlığına təsir edən amillərdən yalnız biridir və ailə mühiti, zorakı davranış və məktəb problemləri də nəzərə alınmalıdır”.
“Dövlət uşaq siyasətinin əsas istiqamətlərindən biri uşaqların zərərli informasiyadan qorunmasıdır”
Məsələ ilə bağlı “Azərbaycan müəllimi”nin sorğusuna Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirilib ki, Avstraliyada müvafiq qanun qəbul edilsə də, bu mexanizmin tətbiqi ilə bağlı beynəlxalq təcrübə hələ tam formalaşmayıb. Qeyd olunub ki, həmin mexanizmlər gələcəkdə səmərəli nəticələr verdiyi təqdirdə, oxşar yanaşmanın Azərbaycanda da tətbiqi mümkün hesab oluna bilər.
Açıqlamada vurğulanıb ki, Azərbaycanda dövlət uşaq siyasətinin əsas istiqamətlərindən biri uşaqların zərərli informasiyadan qorunmasıdır və bu sahədə artıq xüsusi hüquqi baza mövcuddur. Belə ki, “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun 2020-ci ildən qüvvədədir və uşaqların yaşına uyğun informasiya əldə etməsini, zərərli məzmundan qorunmasını nəzərdə tutur. Qanunun icrasına həm dövlət, həm də ictimai nəzarət mexanizmləri vasitəsilə nəzarət olunur. Bu prosesdə valideynlər, müəllimlər və uşaqlarla birbaşa çalışan şəxslər əsas iştirakçılar hesab edilir.
Komitə həmçinin qeyd edib ki, “Uşaq hüquqları haqqında” yeni qanun layihəsində internet və informasiya-kommunikasiya şəbəkələri vasitəsilə törədilən qanunsuz əməllər uşaqlara qarşı zorakılıq formalarından biri kimi müəyyən edilib. Eyni zamanda Cinayət Məcəlləsinə uşaqların seksual xarakterli məqsədlərlə təqibinə görə məsuliyyət nəzərdə tutan maddə əlavə olunub.
Hazırda “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanuna dəyişiklik edilməsi ilə bağlı qanun layihəsi hazırlanır.
Komitə “Roblox” oyun platforması ilə bağlı müraciətlərə də toxunub. Qeyd olunub ki, bu platformada uşaqlar üçün zərərli məzmunla bağlı daxil olan müraciətlər araşdırılıb və Ekspert Şurasının qərarına əsasən şirkətə rəsmi müraciət ünvanlanıb. Tövsiyələr nəzərə alınmadığı təqdirdə qanunvericiliyə uyğun tədbirlərin görüləcəyi bildirilib.
Açıqlamada vurğulanıb ki, uşaqların internet təhlükəsizliyinin təmin olunmasında əsas məsuliyyət valideynlərin üzərinə düşür. Valideynlərə uşaqların yaşına uyğun məzmun seçimi, valideyn nəzarəti proqramlarından istifadə və ekran vaxtının tənzimlənməsi tövsiyə olunur.



