Dünya Təhsil Forumu 2026: Təhsilin gələcəyi necə qurulur?
Məlum olduğu kimi, mayın 17-20 tarixlərində Londonda dünyanın ən nüfuzlu Dünya Təhsil Forumu (EWF) keçirilib. Böyük Britaniyanın ali təhsil sahəsində ixtisaslaşmış “Times Higher Education” şirkətinin təşkilatçılığı ilə baş tutan 3 günlük tədbirdə dünya liderləri təhsilin sürətlə dəyişən dünyada daha dinc, əhatəli və davamlı cəmiyyətlər qurmağa necə kömək edə biləcəyini araşdırıblar.
Forumda çıxış edən ayrı-ayrı ölkələrin nümayəndələri təhsilin dəyişdirici rolundan, yeni texnologiyaların sürətli transformasiyası və onun nəticələrindən bəhs edib və maraqlı tezislər irəli sürüblər.
EWF-in Baş direktoru Fil Bati rəsmi olaraq Forumu açaraq 125 ölkədən 150 nazir və 1500-dən çox nümayəndəni Londonda ən böyük və ən inklüziv forumda salamlayıb. Açılış nitqində F.Bati təhsilin bugünkü qlobal çağırışların öhdəsindən gəlməkdə oynadığı vacib rolu - sosial qütbləşmə və geosiyasi gərginliklərdən tutmuş dezinformasiya və süni intellektin pozulmasına qədər və beynəlxalq əməkdaşlığın daha sülhsevər, inklüziv və dayanıqlı cəmiyyətlərin qurulmasında əhəmiyyətindən danışıb. O xatırladıb ki, təhsil yalnız sistemlər, tədris proqramı və ya texnologiya ilə bağlı deyil. Bu, qeyri-müəyyənlik, yanlış məlumat, süni intellektin pozulması, iqlim böhranı və sosial qütbləşmə ilə formalaşan dünyada yaşayan indiki və gələcək nəsillərin məsuliyyəti haqqındadır.
“Qlobal böhranlara cavabımızın təməlində təhsil dayanmalıdır”
Daha sonra Britaniyanın təhsil naziri Bricit Fillipson çıxış edib. Çıxışına UNESCO-nun yaranma tarixindən başlayan nazir qeyd edib ki, İkinci Dünya müharibəsindən sonra dünya liderləri davamlı sülhün yalnız siyasət və iqtisadiyyatla deyil, məhz təhsil vasitəsilə mümkün olacağını qəbul ediblər. O, bu yanaşmanın bu gün də aktuallığını qoruduğunu bildirib.
Nazir əlavə edib ki, qarşılaşdığımız qlobal böhranlara cavabımızın təməlində təhsil dayanmalıdır, bizi daha dinc və daha inklüziv gələcəyə aparan axın məhz təhsil olmalıdır. Nazir qeyd edib ki, bir çox liderlərin etdiyi səhv odur ki, guya inklüzivlik məktəblərimizdə yüksək standartları zəiflədir, sanki mükəmməllik tükənə bilən bir resursdur. “Məncə, bu düşüncə akademik nailiyyətlərin yalnız bəzi uşaqlar üçün mümkün olduğu, digərləri üçün isə olmadığı kimi yanlış bir inamdan qaynaqlanır. Biz elə bir sistem qururuq ki, uşaqlar birlikdə böyüsün, birlikdə yerli məktəblərə getsin, birlikdə nailiyyət qazansın və inkişaf etsinlər. Məktəblərimizdə çox daha geniş ehtiyacları qarşılamaq üçün mərhələli, bütün uşaqlar üçün əlçatan universal dəstək sistemi tətbiq edirik”.
“Güclü inklüziv təhsil sistemi olmadan güclü cəmiyyət mümkün deyil”
O qeyd edib ki, ölkəsi bütün uşaqlar üçün fərdi dəstək planları vasitəsilə hədəflənmiş yardım və ehtiyacı olan uşaqlar üçün ixtisaslaşmış xidmətlər təklif edir. Nazir ölkəsində inklüziv təhsilin dəstəklənməsi sahəsində maliyyə yatırımlarından danışıb və qeyd edib ki, məqsədimiz ümumi təhsil müəssisələrinin daha inkiziv olmasna nail olmaqdır:
– İnklüziv ümumi təhsil fondu üçün 1,6 milyard funt-sterlinq.
– İnklüzivlik bazalarının yaradılması, əlçatanlığın yaxşılaşdırılması və yeni xüsusi məktəb yerlərinin açılması üçün 3,7 milyard funt- sterlinq.
– İşçi heyətinin hazırlanması üçün 200 milyon funt sterlinq.
– “Əlçatan mütəxəssislər” (məktəblərin öz şagirdlərinə kömək etmək üçün müraciət edə biləcəyi mütəxəssislər bazası- nitq, dil, təhsil psixoloqları və peşə mütəxəssisləri də daxil olmaqla) xidməti üçün 1,8 milyard funt-sterlinqlik fond. Nazir bu prosesə erkəndən başladıqlarını diqqətə çatdırıb. “Biz bu işə erkən, uşağın həyatının ilk illərindən başlayırıq. Yeni “Həyata ən yaxşı başlanğıc” Ailə mərkəzlərimizdə xüsusi təhsil ehtiyacları və əlilliklə bağlı dəstək təqdim olunur, problemlər böyümədən əvvəl erkən müəyyənləşdirilir. Çünki inklüziv yanaşmadan yalnız xüsusi təhsil ehtiyacları olan uşaqlar deyil, bütün uşaqlar faydalanır”.
Nazir ümidvar olduğunu deyib ki, daha geniş və daha dərin istedad potensialından yararlanmaqla biz ölkəmizi yalnız daha ədalətli deyil, həm də daha güclü edəcəyik. Uşaqlarımızı birlikdə məktəbə göndərməklə biz ölkəmizi yalnız daha güclü deyil, həm də daha mərhəmətli edəcəyik. “Fərqli ehtiyacları, fərqli düşüncələri və fərqli istedadları olan sinif yoldaşları ilə çiyin-çiyinə böyüyən uşaqlar — fərqlilikləri daha çox qəbul edən, daha sabit və öz kimliyi ilə daha rahat olan bir cəmiyyətin əsasını məhz bu təşkil edir. Çünki güclü və inklüziv təhsil sistemi olmadan güclü və inklüziv cəmiyyət qurmaq mümkün deyil”.
Ölkələr oxşar təhsil çətinlikləri yaşayır
Bir çox təhsil sistemlərində hazırda oxşar tendensiyaların müşahidə olunduğunu və onların eyni çətinliklərlə mübarizə apardıqlarını deyən britaniyalı nazir qeyd edib ki, bir sıra ölkələrə nəzər saldıqda üç əsas tendensiya diqqəti cəlb edir: bütün ölkələr ehtiyaclara daha çevik cavab verməyə və dar tibbi modellərdən daha az asılı olmağa, ümumi təhsil sistemində daha çox dəstək mexanizmi qurmağa çalışır. Eyni zamanda ölkələr müxtəlif xidmətlər arasında dəstəyin əlaqələndirilməsində çətinlik yaşayır.
Nazir əlavə edib ki, indi birlikdə işləmək üçün qızıl fürsətdir: təhsil sistemlərimizə məqsəd qazandırmaq, bütün gənclər üçün imkanlar yaratmaq və hər bir cəmiyyət üçün rifah təmin etmək imkanıdır. “Buna görə də bu gün qürurla elan edirəm ki, 2027-ci ildə Beynəlxalq SEND Alyansını yaradacağıq — müxtəlif ölkələrin bir sıra sammitlər çərçivəsində bir araya gələcəyi və ortaq gələcək yolunu müəyyənləşdirəcəyi bir koalisiya. Biz sadəcə xoş sözlərlə kifayətlənməyəcəyik. Ölkələrimiz təcrübələrini müqayisə edəcək, işləyən həlləri paylaşacaq və hökumətlərin həyata keçirə biləcəyi aydın fəaliyyət planları hazırlayacaqlar. “Buna görə də bu gün burada olan bütün ölkələri bizə qoşulmağa çağırıram. Gəlin bu ortaq çağırış ətrafında birləşək ki, bir-birimizdən öyrənə bilək və 2030-cu illərə və sonrasına uyğun, həm mükəmməlliyi, həm də inklüzivliyi özündə birləşdirən təhsil sistemləri qura bilək”.
Yeni təşəbbüslər
O əlavə edib ki, hər ölkədə hər bir uşağın nailiyyət qazanması və inkişaf etməsi - bizi daha sülhsevər və daha firavan gələcəyə aparacaq ortaq dəyərlərdir. Və əməkdaşlığımız bununla bitməyəcək. Biz bütün səviyyələrdə əlaqələri gücləndirməliyik. “Məhz buna görə Böyük Britaniyanın 2027-ci ildə Erasmus+ proqramına qoşulacağını elan etməkdən böyük məmnunluq duyuram. Tələbələr üçün bu, xaricdə təhsil almaq, işləmək və könüllü fəaliyyət göstərmək üçün daha çox imkan deməkdir. Müəllimlər üçün bu, beynəlxalq həmkarlarından daha çox öyrənmək imkanı deməkdir. Məktəblər, kolleclər və universitetlər üçün isə sərhədlərarası əməkdaşlıq imkanlarının genişlənməsi deməkdir. Bu, Avropa İttifaqı ilə münasibətlərimizin mərkəzinə insanları qoymaq deməkdir. Amma Erasmus yalnız ölkələr arasında insanların hərəkəti ilə bağlı deyil. Bu həm də dostluğun və imkanların axını deməkdir. Təkcə ilk ildə yüz mindən çox insan bundan faydalana bilər və onların hər biri ölkələrimiz arasında yeni bir bağ olacaq”.
Nazir ölkəsinin süni intellekt siyasətindən danışıb və qeyd edib ki, bu ilin əvvəlində təhsildə generativ süni intellekt mövzusunda beynəlxalq sammit təşkil olunub. “Birlikdə bu inqilabi texnologiyanın imkanlarını və risklərini müzakirə etdik və gələcək yol xəritəsini müəyyənləşdirdik. Məhz bu əməkdaşlıq ruhu bizim yeni Beynəlxalq Təhsil Strategiyamıza istiqamət verir. Bu strategiya həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə inkişaf və imkanlar yaratmağa yönəlib. Məktəblərimiz arasında daha güclü tərəfdaşlıqlar qurulmalıdır. Amma birlikdə uğur qazanmaq üçün bu tərəfdaşlıqlar ən yaxşı beynəlxalq sübutlar üzərində qurulmalıdır. Müxtəlif ölkələrdə tədris və öyrənmə sahəsində nəyin işlədiyinə dair möhkəm məlumat bazasına ehtiyacımız var”.
Onun sözlərinə görə, mühüm məsələlərdən biri təhsil sahəsində hər kəsi əməkdaşlığa təşviq etməkdir. “Hər bir uşaq üçün yüksək keyfiyyətli təhsili təmin etmək üçün məktəblər bir-birindən öyrənməli və bir-birini inkişaf etməyə təşviq etməlidir. Heç bir məktəb təkbaşına ada deyil. Və etiraf edirəm ki, bəzi ölkələr həqiqətən ada ola bilər, amma bizim təhsil sistemlərimiz belə olmamalıdır”.
“Hər bir qız məktəbə aiddir”: Londondan dünyaya çağırış
Daha sonra çıxış edən Nobel sülh mükafatı laureatı Malala Yusifzai dünya üzrə 122 milyon qızın məktəbdən kənarda qalmasının yalnız statistika deyil, itirilmiş gələcəklər demək olduğunu bildirib.
Təhsil sahəsində on yeddi illik fəaliyyəti ərzində müxtəlif ölkələrdə qazandığı təcrübələrdən danışan Malala Yusifzai qeyd edib ki, büdcə ixtisarları və siyasi gecikmələr milyonlarla uşağın həyatına birbaşa təsir edir. Onun sözlərinə görə, “bir il gecikən qərar bir uşağın heç vaxt geri qaytara bilməyəcəyi bir il təhsil itkisi deməkdir”.
O, müharibə, iqtisadi böhran və sosial problemlər fonunda təhsilin tez-tez ikinci plana keçdiyini vurğulayıb. Xüsusilə münaqişə bölgələrində yaşayan uşaqların vəziyyətinə diqqət çəkən Malala qeyd edib ki, Qərb Sahilində bir qrup fələstinli uşağın məktəbə gedən yolunu tikanlı məftillər kəsir. Bu ayın əvvəlində bu məktəbdən olan qızlarla danışanda onların ən böyük narahatlığı qarşıdan gələn imtahanlar idi. Siniflərinə belə çata bilməsələr, təhsillərini necə davam etdirə bilərlər?
O bildirib ki, problemləri ən yaxşı anlayanlar məhz həmin çətinlikləri yaşayan qızlardır. Nigeriyada erkən nikah problemi ilə üzləşən gənc qadınların həm bu ənənəyə qarşı mübarizə apardığını, həm də evli və hamilə qızların məktəbə qayıtmasını dəstəkləyən siyasət tələb etdiklərini qeyd edib.
Nobel laureatının çıxışının ən təsirli hissələrindən biri isə Əfqanıstandakı qızların vəziyyəti ilə bağlı olub. Taliban rejimi altında qızların altıncı sinifdən sonra məktəbə getməsinin qadağan edilməsinə baxmayaraq, onların gizli şəkildə təhsillərini davam etdirməyə çalışdıqları bildirilib. O, həmin qızlardan birinin sözlərini auditoriya ilə bölüşüb: “Əgər edə biləcəyim yeganə şey otağıma gedib qapını bağlayaraq kitab oxumaqdırsa, bu mənə Talibana qarşı bir üsyan kimi gəlir”.
Malala öz şəxsi təcrübəsindən də danışıb. O bildirib ki, anasının böyüdüyü kənddə qızlar üçün orta məktəb olmayıb. Buna baxmayaraq, bütün çətinliklərə rəğmən həmin kənddə məktəb tikilib və bu gün Şanqla Qızlar Məktəbində 1050 şagird təhsil alır. Lisey qızları standart imtahanlarda əyalətdə ən yüksək ballardan bəzilərini toplayıblar.
Malala çıxışında Amra adlı məktəbli qızın hekayəsinə də yer verib: “Keçən həftə Amradan məktub aldım və onun bir hissəsini sizinlə bölüşmək istəyirəm: “Yeddi yaşımda çox xəstə idim. Atam kasıb idi və xəstəxana xərcləri onun ödəyə biləcəyindən çox idi. Nəhayət, həkim mənə dedi ki, “Əgər həyatınızı xilas etmək istəyirsinizsə, bir ayağınızdan imtina etməlisiniz”. O vaxtlar mən balaca idim və heç nədən xəbərim yox idi. Amma böyüdükcə problemlər də artırdı. Məktəblə mənim aramda dağlar var idi. Məsafələr uzun, addımlarım isə kiçik idi. Qonşularımız dedilər ki, “Niyə məktəbə getməlisən? Oraya necə gedəcəksən?” Amma anam dedi: “Təhsil sənin yeni yolun olacaq, Amra”.
Bu gün mən tək ayaqlı bir qızam. Amma bir gün kəndimizin ilk qadın protez ayaq mütəxəssisi olacağam. Dünya məndən bir ayağı aldı - mən dünyaya min ayaq qaytaracağam”. Amranın son sözləri tədbir iştirakçılarına xüsusi təsir edib. Çıxışının sonunda Malala dünya liderlərini və siyasətçiləri qızların gələcəyini daha ciddi düşünməyə çağırıb. O bildirib ki, dəyişiklik yalnız mövcud reallığı deyil, mümkün olan gələcəyi təsəvvür etməklə başlayır.
“Çünki hər bir qız məktəbə aiddir, nə vaxtsa, 20 ildən sonra yox, məhz indi”, - deyə o vurğulayıb.
“Dünya uşaqların məktəbi olmalıdır”
Forumda çıxış edən OECD-nin Təhsil və bacarıqlar departamentinin direktoru Andreas Şleyxer öyrənmənin fəlsəfəsinə toxunub. Qeyd edib ki, keçmişdə öyrənmək daha çox dinləməkdən ibarət idi. İndi isə öyrənmə daha çox təcrübəyə əsaslanmalı, təbiətlə və real dünya ilə daha dərin şəkildə əlaqəli olmalıdır. Çünki bu gün ən vacib sayılan bacarıqlar - maraq, düzgün qərarvermə, empatiya, dözümlülük və əməkdaşlıq dərsliklərdən yüklənə bilməz. Bunlar praktika ilə formalaşmalı, yönləndirilməli və həyatın içində yaşanmalıdır.
Köhnə model şagirdlərdən soruşurdu: “Sənə öyrədilənləri təkrar edə bilirsənmi?” Yeni dünya isə soruşur: “Bildiklərini heç kimin əvvəlcədən gözləmədiyi vəziyyətlərdə tətbiq edə bilirsənmi? Daha yaxşı suallar vermək üçün düşüncəni inkişaf etdirə bilirsənmi?”.
A.Şleyxer qeyd edib ki, uzun müddət məktəblər fərqliliyi idarə olunmalı bir problem kimi qəbul edirdi, indi isə süni intellekt bizə öyrənməni şagirdlərin maraq və bacarıqlarına uyğun şəkildə geniş miqyasda fərdiləşdirməyə imkan verir. Məqsəd insanları standartlaşdırmaq deyil, onların fərqliliyini üzə çıxarmaq və inkişaf etdirməkdir.
Öyrənmək bir məkan deyil, bir fəaliyyətdir. Məktəb heç vaxt uşaqların bütün dünyası olmamalıdır. Əksinə, dünya onların məktəbi olmalıdır. Bu isə ailələrlə, icmalarla, universitetlərlə və bizneslərlə daha güclü tərəfdaşlıqlar qurmaq deməkdir. Bu, tətbiqi öyrənməni və peşə təhsilini son çıxış yolu kimi deyil, məqsədlə əlaqəli əsas seçim kimi qəbul etmək deməkdir.
Məktəblər sadəcə akademik müəssisələrdən daha böyük bir şeyə çevrilməlidir. Onlar parçalanmış cəmiyyətlərimizdə insanlarda aidiyyət hissi yaradan məkanlar olmalıdır. Güvəni, empatiyanı və qeyri-müəyyən gələcəklə birlikdə üzləşmək bacarığını gücləndirən yerlər olmalıdır.
Süni intellektin insan kimi olacağından qorxmağımıza heç bir səbəb yoxdur. Əsas narahat olmalı olduğumuz məsələ, insan qabiliyyətlərimizi zəiflədib sonda maşınlar kimi düşünməyə başlamamağımızdır.
Təməl savadlılığının təminatına diqqət
Nigeriyanın təhsil naziri Dr. Tunji Alausa sammit çərçivəsində keçirilən “dəyirmi masa”da çıxışında bildirib ki, ölkəsində hazırda Milli Təhsil Məlumatları Təşəbbüsü (NEDI) mövcuddur və bu, institusional məlumatları vahid idarəetmə panelinə inteqrasiya edir və "ölkə miqyasında təlim nəticələrini daha da yaxşılaşdırmaq üçün resursların effektiv şəkildə bölüşdürülməsinə imkan verir" . Nigeriyanın Əsas Savadlılıq və Riyazi Təlim (FLN) təşəbbüslərindən danışan nazir, ölkənin həm formal, həm də qeyri-formal təhsil sistemlərini əhatə edən vahid milli standart çərçivəsində təməl savadlılığın təminatını uğurla birləşdirdiyini söylədi. Onun sözlərinə görə, Nigeriya Təhsil Tədqiqat və İnkişaf Şurası tərəfindən hazırlanmış Sürətləndirilmiş Əsas Təhsil Proqramı (ABEP) üç il ərzində məktəbdən kənar uşaqlar və yeniyetmələr üçün eyni əsas savadlılıq və hesablama nəticələrini təmin edib.
Təhsil sadəcə sertifikat almaq üçün bir vasitə deyil
Banqladeş baş nazirinin təhsil, ibtidai və kütləvi təhsil üzrə müşaviri Mehdi Amin çıxışında bu gün təhsilin sadəcə sertifikat almaq üçün bir vasitə olmadığını, əksinə dəyərləri formalaşdıran, xarakter quran və məsuliyyətli qlobal vətəndaşlığa ilham verən ömürlük bir səyahət olduğunu söyləyib. Onun sözlərinə görə, təhsilin əsl məqsədi hər bir fərdi təhsildə, karyerada və bütövlükdə həyatda uğur qazanmaq üçün bilik, bacarıq və müdrikliklə təmin etməkdir.
“Məsuliyyətimiz çox böyükdür, eyni zamanda gənclərimizin, qadınlarımız və gələcək nəsillərimizin dəyişiklik gətirmək və potensialını üzə çıxarmaq imkanı da böyükdür", - deyə o əlavə edib. Banqladeşin təhsil, ibtidai və kütləvi təhsil naziri ANM Ehsanul Hoque Milon bildirib ki, şagirdlərin akademik ixtisaslarla yanaşı bacarıq, özünəinam, yaradıcılıq və dəyərlər qazanmasını təmin etmək üçün təhsil sistemlərində islahatlar aparılmalıdır. O əlavə edib ki, ictimai gözləntilər təhsildə keyfiyyət transformasiyasına ehtiyac olduğunu açıq şəkildə göstərir və bu, məzun yetişdirməkdən daha çox, tələbələri əmək bazarına hazırlamalıdır.
Nazir bildirib ki, “Xalqımızın ən aydın mesajlarından biri təhsilin dəyişməsidir. Gənclərimizin təkcə təhsilli deyil, həm də işə yararlı olması üçün təhsil dəyişməlidir. Tələbələrimizin yalnız imtahanlardan keçməməsi, həm də bacarıq, özünəinam, yaradıcılıq və dəyərlər qazanması üçün təhsil dəyişməlidir. Təhsilin iş yerlərinə, sahibkarlığa, innovasiyaya və ləyaqətə aparan bir yola çevrilməsi üçün təhsil dəyişməlidir. Nazir tələbələrə əzbərləmə əvəzinə maraq və yaradıcılığı təşviq edən bir mühit təmin edilməli olduğunu söylədi. O, tələbələr arasında problem həlletmə bacarıqlarının, dəyərlərin, idmanın, mədəni fəaliyyətlərin və zehni dayanıqlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Təhsil sektorundakı təşəbbüsləri vurğulayan nazir, üçüncü dil öyrənməsinin genişləndirilməsi, orta məktəb səviyyəsində texniki və peşə təhsilinin tətbiqi, məktəb qidalanma proqramlarının genişləndirilməsi və şagirdlərə forma, ayaqqabı və çanta verilməsi üçün addımlar atıldığını bildirdi. O, həmçinin təhsilə qoyulan investisiyaların tədricən ÜDM-in 5 faizinə çatdırılması planlarından da bəhs edib. Nazir müəllimlərin texnologiya sahəsində dəyişikliklərin liderləri olaraq qaldığını söylədi. Hökumətin "Bir müəllim, bir planşet" təşəbbüsünə toxunaraq, bunun müəllimlərin rəqəmsal potensialını daha da artıracağını söyləyib. Təhsil naziri bildirib ki, süni intellekt və digər müasir texnologiyalar müəllimlər və şagirdlər üçün təlim nəticələrini yaxşılaşdırmaq üçün dəstəkləyici vasitələr kimi xidmət etməlidir. O əlavə edib ki, "Texnologiya təhsili genişləndirmək üçün deyil, onu təkmilləşdirmək və azaltmaq üçün istifadə olunmalıdır".
Dəyişən dünya üçün erkən təhsilin təşviqi
Kamboca Baş nazirinin müavini və təhsil, gənclər və idman naziri Hanq Çuon Naro “Dəyişən dünya üçün erkən təhsilin təşviqi” mövzusunda müzakirədə iştirak edib. Ç. Naro insan kapitalının inkişafı üçün güclü və əvəzolunmaz təməlin qurulmasında erkən uşaqlıq təhsilinin mühüm rolunu vurğulayıb. O, ailələrdən və icmalardan lazımi qayğı, peşəkar dəstək və isti mühit alan uşaqların məktəbəqədər və ibtidai təhsili uğurla başa vurma ehtimalının daha yüksək olduğunu və eyni zamanda məktəbdən yayınma nisbətinin azaldığını vurğulayıb. Nazir müavini beyin əlaqələrinin 80%-nin həyatın ilk üç ilində formalaşdığını göstərən tədqiqatların nəticələrinə istinad edib. Bu dövrdə uşaqların nevroloji və beyin inkişafı sürətlə irəliləyir və ömürboyu öyrənmə uğuruna töhfə verən intellektual inkişaf, idrak qabiliyyətləri və sosial qarşılıqlı əlaqə, özünəinam, səbir və ünsiyyət bacarıqları kimi vacib həyati bacarıqlar üçün zəmin yaradır. Keyfiyyətli erkən uşaqlıq təhsili və inkişafı, xüsusən də beyin inkişafının ən vacib illərində uşaqların idrak, sosial, emosional və fiziki inkişafını dəstəkləyir. O, əlavə edib ki, dil öyrənmə, hesablama və problem həll tmə bacarıqları üzrə güclü təməl öyrənmə uşaqları ibtidai təhsilə hazırlamağa kömək edir, eyni zamanda təkrar sinifdə qalma və məktəbdən yayınma nisbətlərini azaldır. O, məktəbəqədər təhsil müəssisələrinə gedən şagirdlərin ibtidai təhsildə daha yaxşı təlim nəticələrinə nail olmağa meyilli olduqlarını vurğulayıb. Eyni zamanda, erkən uşaqlıq təhsili cəmiyyətlərə uyğunlaşma, ömürlük təhsil, sağlamlıq və rifah, böhranlara davamlılıq da daxil olmaqla müasir problemlərin öhdəsindən gəlməyə kömək edir. Onun sözlərinə görə, effektiv erkən uşaqlıq təhsili sistemi yaxşı təlim keçmiş və dəstəklənən müəllimlər, oyun əsaslı və mədəni cəhətdən uyğun tədris planları, təhlükəsiz təlim mühiti, güclü valideynlərin iştirakı, davamlı dövlət maliyyələşdirilməsi və effektiv idarəetmə tələb edir. O, erkən uşaqlıq təhsilinə çıxışın genişləndirilməsinin milli inkişafın strateji təməli olduğunu, hər bir uşağın ədalətli bir başlanğıca sahib olmasını təmin etməklə yanaşı, daha ədalətli, məhsuldar və dayanıqlı bir cəmiyyətə töhfə verdiyini vurğulayıb.
Təhsili bilik iqtisadiyyatının əsas infrastrukturu kimi
Türkmənistan təhsil nazirinin müavini Azat Atayev "Təhsildə rəqəmsal transformasiya hansı çətinliklər və imkanlar gətirir" mövzusunda yüksək səviyyəli panel müzakirəsində çıxışında ölkəsinin təhsil sahəsində rəqəmsal transformasiyanın təşviqinə sadiqliyini vurğulayıb. O, rəqəmsal məzmunun inkişafına, süni intellektin tədris prosesinə daxil edilməsinə və vahid milli təhsil platformasının yaradılmasına yönəlmiş milli təşəbbüsləri təqdim edib. A. Atayev həmçinin tədrisin fərdiləşdirilməsi və tədrisin effektivliyinin artırılması üçün məlumatlara əsaslanan yanaşmalardan istifadənin vacibliyini qeyd edib. Türkmənistan tərəfi təhsilin bilik iqtisadiyyatının əsas infrastrukturu kimi qəbul edildiyini vurğulayıb. Bu baxımdan rəqəmsal vasitələrdən yalnız məktəb və universitetlərin idarə edilməsi üçün deyil, həm də təhsili əmək bazarı ilə əlaqələndirmək, kadr ehtiyacını proqnozlaşdırmaq, gələcək peşələr atlasını formalaşdırmaq və vətəndaşın vahid təhsil portfelini inkişaf etdirmək üçün istifadə olunur.
Qızların təhsili əsas prioritetdir - Suriya
Suriyanın təhsil naziri Məhəmməd Əbdül Rəhman Turko çıxışında qızların təhsilinin fundamental insan hüququ və milli prioritet olduğunu bildirib və davamlı inkişafın təhsilə bərabər çıxış və təhlükəsiz təhsil mühitindən asılı olduğunu vurğulayıb. Turko, suriyalı qızların son illərdə humanitar, sosial və iqtisadi çətinliklərlə üzləşdiyini və təhsil ədalətini əsas prioritetə çevirdiyini bildirib.
Onun sözlərinə görə, Suriya Təhsil Nazirliyi qızların təhsilini əsas prioritetlər sırasına daxil edib. Təhsil nazirinin müavini Yusif Anan isə forumun böhrandan sonrakı mühitdə qızların təhsili, təhsil əməkdaşlığı və təhsil sisteminin inkişafı məsələlərini müzakirə etmək üçün fürsət yaratdığını söylədi.
"Təhsil sistemləri uşaqlarımızı alqoritm obyektlərinə çevirməməlidir"
Türkiyənin milli təhsil naziri Yusif Tekin “Gələcək bacarıqlar üçün qiymətləndirmənin yenidən düşünülməsi: süni intellekt dövründə qiymətləndirmə sistemləri necə yenidən dizayn edilə bilər?” adlı sessiyada çıxış edərək Türkiyənin, digər ölkələr kimi, təhsildə süni intellektin istifadəsi ilə bağlı əhəmiyyətli dəyişikliklər etdiyini qeyd edib.
O vurğulayıb ki, yeni dövr öz resurslarını bəşəriyyətin xeyrinə idarə edə bilən, ədalət hissini qoruyan və başqalarının hüquqlarını öz hüquqları qədər qiymətləndirə bilən fərdlər tələb edir: “Süni intellekt dövründə bu yanaşmanın ən həssas aspektlərindən biri uşaqlarımızın məxfilik hüququdur. Təhsildə istifadə olunan rəqəmsal sistemlər uşaqlarımızın öyrənmə vərdişləri, maraqları, güclü və zəif cəhətləri haqqında geniş məlumatlar yaradır. Bu məlumatlar düzgün idarə edildikdə müəllimlərimizə istiqamət verir, şagirdlərin inkişafını görünən edir və bərabər imkanları gücləndirir. Lakin həddindən artıq və nəzarətsiz istifadə uşağın məxfiliyini daraldan, onları erkən yaşlarından rəqəmsal profillərlə məhdudlaşdıran və davranışlarını görünməz şəkildə istiqamətləndirən ciddi bir risk yaradır”. Y.Tekin rəqəmsal dövrdə məxfilik məsələsinin yalnız məlumat təhlükəsizliyi məsələsi kimi həll edilə bilməyəcəyini vurğulayaraq bildirib ki, "Məxfilik uşağın daxili dünyasını qorumaq, səhv etmək, yenidən cəhd və özünü kəşf etmək və sərbəst şəkildə şəxsiyyətini qurmaq hüququdur.Təhsil sistemləri uşaqlarımızı alqoritmlərin obyektinə çevirməməlidir. Uşaqlarımızın zehni, duyğuları, əməyi və gələcəyi nəzarətsiz texnoloji sistemlər üçün xam məlumatlara çevrilməməlidir. Bu həssaslıq fundamental insan hüquqları baxımından da eyni dərəcədə keçərlidir".
“Təhsil xərc deyil - bu, bir investisiyadır”
UNESCO-nun Baş direktorunun yeni təyin olunmuş təhsil üzrə müavini Qun Şen dünya liderlərini təhsili qlobal sülh quruculuğu səylərinin mərkəzinə qoymağa çağırıb, artan münaqişələrin, bərabərsizliyin və dezinformasiyanın dünyada sabitliyi təhdid etdiyi barədə xəbərdarlıq edib.
O bildirib ki, "Təhsilin daha dinc bir dünya qurmağa necə kömək edə biləcəyindən daha təcili bir sual yoxdur". Q.Şen mövcud qlobal mənzərəni "xüsusilə qeyri-sabit" adlandıraraq, qeyri-sabitliyin artıq yalnız münaqişələrdən qaynaqlanmadığını vurğulayıb. Geriləmə, ekoloji fəlakətlər və rəqəmsal dezinformasiya təhsil sistemləri üçün dərin nəticələrə səbəb olan sistem zəifliklərini daha da artırır. O, problemin miqyasını göstərmək üçün qlobal rəqəmlərə işarə edib: 273 milyon uşaq məktəbdən kənarda qalır, 450 milyon gəncin əsas bacarıqları yoxdur, 739 milyon yetkin savadsızdır.
“Bunlar təcrid olunmuş statistika deyil, bunlar daha dərin kövrəkliyin simptomlarıdır”, - deyə o bildirib. Təhsil sistemlərinin özləri gərgin vəziyyətdədir: hər dörd məktəbdən birində elektrik enerjisi yoxdur, sinif otaqları həddindən artıq doludur və dünya 44 milyon müəllim çatışmazlığı ilə üzləşir. O, belə şəraitin davamlı sülhün qurulmasını qeyri-mümkün etdiyini iddia edib. Şen təhsil çatışmazlığının münaqişələr bitdikdən sonra həll edilməli problemlər kimi qəbul edilməməli olduğunu vurğulayaraq, "Təhsil sistemləri bu qədər kövrək olduqda sülhə nail ola bilmərik" deyib. Əksinə, onlar qeyri-sabitliyin əsas səbəblərindən biridir.
Bu çətinliklərə baxmayaraq, o, irəliləyiş əlamətlərini qeyd edib: “2000-ci ildən bəri qlobal miqyasda ibtidai və orta təhsilə qəbul 30 faiz artıb və hər dəqiqə 25-dən çox əlavə uşaq məktəbə gedir”. Bununla belə, o, irəliləyişin qeyri-bərabər və kövrək qaldığı barədə xəbərdarlıq edib. “Tədbir görməməyin iqtisadi nəticələri çox böyükdür: UNESCO-nun hesablamalarına görə, uşaqların əsas bacarıqlar olmadan məktəbi tərk etməsi qlobal iqtisadiyyata ömürlük qazancın 21 trilyon dollar itirilməsinə səbəb olacaq. Eyni zamanda, aşağı və aşağı-orta gəlirli ölkələr illik 97 milyard dollarlıq təhsil maliyyələşdirmə çatışmazlığı ilə üzləşirlər”. O, bu çatışmazlıqların ölkələrə qeyri-mütənasib şəkildə təsir etdiyini söyləyib. Onun sözlərinə görə, “Təhsil xərc deyil - bu, bir investisiyadır. Sərmayə qoyulan hər bir dollar 15 dollara qədər iqtisadi gəlir gətirə, eyni zamanda sabitliyi, sosial birliyi və inkişafı mümkün edən şərtləri gücləndirə bilər”.



