Bişkekdə iki məktəbdə Azərbaycan dili tədris olunacaq
Qırğızıstanın elm və təhsil naziri Doqdurkul Kendirbayeva Azərbaycanın Qırğızıstandakı fövqəladə və səlahiyyətli səfiri Lətif Qəndilovla görüşüb.
"Azərbaycan müəllimi" xəbər verir ki, görüş zamanı səfir Qırğızıstana Azərbaycan dilini tədris etmək üçün gələn müəllim Ülkər Verdiyevanı nazirə təqdim edib.
Azərbaycanlı pedaqoqun Qırğızıstana gəlməsi Qırğızıstan və Azərbaycan arasında iqtisadi və humanitar əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın razılaşmaları çərçivəsində, qırğız və Azərbaycan dilləri müəllimlərinin qarşılıqlı mübadiləsi məqsədilə təşkil olunub.
Ülkər Verdiyeva Bişkekdə N.Gəncəvi adına 103 nömrəli tam orta məktəbdə və H.Əliyev adına 20 nömrəli məktəbdə Azərbaycan dilini tədris edəcək.
Öz növbəsində, Qırğızıstandan olan müəllim Azərbaycana göndəriləcək və burada qırğız dili və ədəbiyyatını tədris edəcək.
D.Kendirbayeva azərbaycanlı pedaqoqa qarşıdakı fəaliyyətində uğurlar arzulayıb və qeyd edib ki, təhsil və mədəniyyət mübadilələri iki ölkə arasında qarşılıqlı anlaşmanın inkişafına və dostluq münasibətlərinin möhkəmlənməsinə xidmət edir.
L.Qəndilov isə Qırğızıstan və Azərbaycan xalqlarının yaxınlaşmasında dil və mədəniyyətin rolunu vurğulayıb.
Hazırda Bişkekdə Azərbaycanın maliyyə dəstəyi ilə inşa edilmiş iki məktəb – N.Gəncəvi adına 103 nömrəli məktəb və H.Əliyev adına 20 nömrəli məktəb fəaliyyət göstərir. Bu məktəblər 2022-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstana səfəri zamanı açılıb.
Bundan əlavə, Azərbaycanın Ağdam rayonunun Xıdırlı kəndində Qırğızıstan xalqının adından Ayköl Manas adına məktəb inşa edilib. Məktəbin açılış mərasimində Azərbaycan və Qırğızıstan prezidentləri iştirak ediblər.
Mənbə: 24.kg




