Müəllimlərin peşə sağlamlığına həsr olunmuş maarifləndirici seminar keçirilib
"Olimp Hospital" və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının birgə təşkilatçılığı ilə Müəllimlər Gününə həsr olunmuş maarifləndirici seminar keçirilib. Müəllimlərin peşə fəaliyyəti ilə əlaqəli sağlamlıq risklərinə həsr olunan tədbirdə profilaktika, erkən diaqnostika və sağlam həyat vərdişlərinin əhəmiyyəti müzakirə olunub.
"Azərbaycan müəllimi" xəbər verir ki, “Müəllimlərin peşə sağlamlığı: risklər, profilaktika və erkən diaqnostika” mövzusunda keçirilən seminarda müəllimlərin gündəlik iş rejiminin səs, dayaq-hərəkət sistemi və damar sağlamlığına təsiri diqqət mərkəzində olub.
Seminarda Olimp Hospitalın mütəxəssisləri tərəfindən müəllimlərin peşə fəaliyyəti zamanı qarşılaşdıqları sağlamlıq problemləri, onların yaranma səbəbləri və profilaktikası barədə ətraflı məlumat verilib. Çıxışlarda səsin intensiv istifadəsi nəticəsində yaranan problemlər, oturaq həyat tərzinin və uzun müddət ayaq üstə işləməyin dayaq-hərəkət sisteminə təsiri, bel, boyun və oynaq ağrıları, eləcə də venoz qan dövranı pozuntuları və varikoz xəstəliyinin əlamətləri müzakirə olunub.
Tədbir interaktiv formatda davam edib. Müəllimlər mütəxəssislərə suallar ünvanlayıb, gündəlik iş həyatında qarşılaşdıqları sağlamlıq problemləri ilə bağlı fikir mübadiləsi aparıb və profilaktik tədbirlərin tətbiqi ilə bağlı tövsiyələr alıblar.
Seminar çərçivəsində müəllimlər üçün ödənişsiz profilaktik tibbi müayinələr də təşkil olunub. Müayinələrin əsas məqsədi iştirakçıların sağlamlıq vəziyyətinin qiymətləndirilməsi və mümkün problemlərin erkən mərhələdə aşkarlanmasının əhəmiyyətinə diqqət çəkmək olub.
"Olimp Hospital" və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının birgə həyata keçirdiyi bu təşəbbüs müəllimlərin sağlamlığının qorunmasına dəstək verməklə yanaşı, peşə sağlamlığı sahəsində tibbi maarifləndirmənin gücləndirilməsinə və profilaktik yanaşmanın təşviqinə töhfə verib.




