Təhsil işçilərinə təltiflər təqdim edilib
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəbləri üzrə 2026-cı ildə yubileyi olan təhsil işçiləri təltif edilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, tədbirdə BŞTİ-nin müdir müavini Anar Qədiməliyev, idarənin struktur bölmə rəhbərləri, məktəb direktorları, direktor müavinləri və müəllimlər iştirak ediblər.
Tədbir iştirakçılarını salamlayan BŞTİ-nin müdir müavini Anar Qədiməliyev müəllimlərin üzərinə düşən vəzifələrin məsuliyyətindən söz açıb, ölkəmizdə təhsilin inkişafı, müəllim nüfuzunun artırılması və müasir tələblərə cavab verən təhsilverənlərin formalaşdırılması istiqamətində həyata keçirilən kompleks tədbirlərdən bəhs edib. Təltif olunan təhsil işçilərini təbrik edən A.Qədiməliyev müəllimlərin dövlətin hərtərəfli qayğısı ilə əhatə olunduğunu vurğulayıb.
Tədbirdə BŞTİ-nin Təhsilin keyfiyyətinə nəzarət sektorunun müdiri Zinyət Əmirova cəmiyyətin aparıcı qüvvəsi olan təhsil işçilərini Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.
Tədbirdə 8 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərinin ifasında musiqili kompozisiya təqdim olunub.
Daha sonra 2026-cı ildə yubileyi olan təhsil işçiləri BŞTİ-nin Həmkarlar İttifaqı Komitəsi tərəfindən təltif olunub.




