Rektor: “Müasir universitet yeni bilik və innovasiyalar yaradan intellektual mərkəzdir”

5 Oktyabr, 2026 - 11:37
Rektor: “Müasir universitet yeni bilik və innovasiyalar yaradan intellektual mərkəzdir”

“Bu gün universitetin missiyası yalnız mütəxəssis hazırlamaq deyil. Müasir universitet yeni bilik yaradan, elmi tədqiqatları və innovativ yanaşmaları dəstəkləyən intellektual mərkəzdir. O, cəmiyyətlə sıx əlaqədə olmalı, gələcəyin inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində fəal iştirak etməlidir”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri BDU-nun rektoru Elçin Babayev Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumunda çıxışı zamanı səsləndirib.

Rektor bildirib ki, Bakı Dövlət Universiteti də bu missiyanı öz fəaliyyətinin əsas istiqamətlərindən biri hesab edir: “Ənənə ilə yeniliyin vəhdətini təmin etmək, təhsilin keyfiyyətini və elmi tədqiqatların nəticələrini yüksəltmək, tələbələrimizi qlobal və rəqabət mühitinə hazırlamaq əsas prioritetlərimizdəndir.

Müasir təhsil modelində tələbə öyrənmə prosesinin fəal iştirakçısıdır. Buna görə də tədris proqramları əmək bazarının və cəmiyyətin dəyişən ehtiyaclarına uyğunlaşdırılır, tələbəyönümlü tədris metodları genişləndirilir”.

Onun sözlərinə görə, ömürboyu öyrənmə imkanlarının inkişafı da bu baxımdan xüsusi əhəmiyyət kəsb edir: “Texnologiya özlüyündə məqsəd deyil, onun imkanlarını genişləndirən bir vasitədir. Süni intellekt tədris, tədqiqat və idarəetmədə böyük imkanlar yaradır. Lakin akademik və elmi dürüstlük, etik məsuliyyət, məlumat təhlükəsizliyi və insan amilinin qorunması daim diqqət mərkəzində olmalıdır.

Ölkə başçısının çıxışında səsləndirdiyi digər mühüm çağırışlardan biri də şablonlardan əl çəkmək, formal yanaşmalardan uzaqlaşmaq və yeni yanaşmalar tətbiq etmək zərurəti ilə bağlıdır”.

O qeyd edib ki, bir çox hallarda yeni dünyanın problemlərini köhnə yanaşmalarla həll etmək mümkün olmur. Yeni peşələrin yarandığı, mövcud peşələrin məzmununun dəyişdiyi dövrdə tələbəni yalnız bugünkü əmək bazarına hazırlamaq kifayət deyil: “Biz onu sabahın dəyişən dünyasına, əmək bazarının özünün dəyişəcəyi və diktə etdiyi dünyaya hazırlamalıyıq", – deyə rektor bildirib.