Azərbaycandakı özəl məktəblərin sayı açıqlanıb
Azərbaycanda qeyri-dövlət ümumi təhsil müəssisələrinin sayı artıb.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə məlumatlar Dövlət Statistika Komitəsinin “Azərbaycanda uşaqlar” statistik məcmuəsində öz əksini tapıb.
Məlumatda qeyd olunur ki, 2002-ci ildə ölkədə cəmi 9 özəl məktəb fəaliyyət göstərirdisə, 2005-ci ildə bu rəqəm 12-yə, 2010-cu ildə isə 17-yə yüksəlib. Sonrakı illərdə də artım davam edib: 2015-ci ildə 23, 2020-ci ildə 34 özəl məktəb fəaliyyət göstərib. Son tədris ilində isə məktəblərin sayı 33-ə çatıb.
Şagirdlərin sayı da paralel olaraq artıb. Belə ki, 2002-ci ildə 3373 şagird özəl məktəblərdə təhsil alırdısa, 2010-cu ildə bu göstərici 6441-ə, 2015-ci ildə 8348-ə, 2020-ci ildə 15 967-yə, 2024-cü ildə isə artıq 23 980 nəfərə çatıb.
Özəl məktəblərdə çalışan müəllimlərin sayı da əhəmiyyətli dərəcədə çoxalıb. Əgər 2002-ci ildə bu müəssisələrdə cəmi 492 müəllim çalışırdısa, 2010-cu ildə onların sayı 1144-ə, 2020-ci ildə 2342-yə, 2023-cü ildə 3628-ə, 2024-cü ildə 3812-ə yüksəlib.



