Azərbaycanın təhsil sistemi gözləntilərimi doğruldub – BMU-nun Somalidən olan tələbəsi
Bakı Mühəndislik Universitetinin (BMU) Somali Federativ Respublikasından olan tələbəsi Azərbaycan Dövlət Televiziyasının (AzTV) hazırladığı süjetdə ölkəmiz və təhsil sistemi ilə bağlı təəssüratlarını bölüşüb.
BMU-dan “Azərbaycan müəllimi”nə verilən məlumata görə, AzTV-nin “Xarici ölkələrdən gələn gənclər niyə Azərbaycanı seçir” mövzusundakı süjetdə bildirilib ki, Hökumətlərarası Təqaüd Proqramı çərçivəsində müxtəlif ölkələrdən olan tələbələrin Azərbaycanın ali təhsil müəssisələrində təhsil almaq imkanları genişlənir. Qeyd olunub ki, ölkəmizdə təhsil alan xarici tələbələrin, o cümlədən Somalidən gələn gənclərin sayı artmaqdadır.
Süjetdə çıxış edən BMU-nun “İdarəetmədə informasiya sistemləri” ixtisasının tələbəsi, Somali vətəndaşı Şafie Mohamud Naqeyenin sözlərinə görə, ali təhsil seçimi zamanı müxtəlif ölkələri araşdırıb və Azərbaycanı təqdim etdiyi imkanlara görə daha uyğun hesab edib. O, informasiya texnologiyaları sahəsini seçməsini isə bu istiqamətin Azərbaycanda sürətli inkişafı ilə əlaqələndirib.
Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı proqramı çərçivəsində təhsil alan Şafie Mohamud Naqeye deyib ki, BMU-da təhsil sistemi onun gözləntilərini doğruldub: “Müəllimlər yüksək səviyyədədir, kollektiv çox mehribandır. Ümumilikdə azərbaycanlılar yardımsevər və qonaqpərvər insanlardır”.
O, ilk vaxtlar Azərbaycan dili ilə bağlı müəyyən çətinliklər yaşadığını desə də, hazırda bu dili öyrəndiyini və sərbəst ünsiyyət qurduğunu vurğulayıb: “Bu, mənim üçün ən böyük nailiyyətlərdən biridir. Yaşasın Azərbaycan!"



