Azərbaycanlı gənclər HTP çərçivəsində 10 ölkədə təqaüdlə təhsil alırlar

1 Sentyabr, 2025 - 12:42
Azərbaycanlı gənclər HTP çərçivəsində 10 ölkədə təqaüdlə təhsil alırlar
Azərbaycanlı gənclər HTP çərçivəsində 10 ölkədə təqaüdlə təhsil alırlar

Azərbaycanlı gənclərin xaricdə təhsili üzrə Hökumətlərarası Təqaüd Proqramları (HTP) ali təhsilin əhatəliliyinin genişləndirilməsinə xidmət edən növbəti uğurlu təşəbbüslərdən biridir.

"Azərbaycan müəllimi" xəbər verir ki, proqram çərçivəsində Azərbaycan Respublikası vətəndaşlarının xaricdə təhsili digər ölkələrin Azərbaycan vətəndaşları üçün və ya qarşılıqlı olaraq, ayrılan təqaüd yerləri üzrə həyata keçirilir.  

HTP Azərbaycan vətəndaşlarına xaricdə təhsil üzrə əlçatanlığın təmin edilməsi üçün əsas alətlərdən biridir. HTP-nin həyata keçirilməsində əsas məqsəd ölkəmizin gələcək inkişafını təmin edəcək, müasir və gələcək əmək bazarının tələblərinə cavab verən rəqabətqabiliyyətli və yüksəkixtisaslı peşəkar kadrlar hazırlanması üçün tərəfdaş ölkələrin aparıcı ali təhsil müəssisələrində təhsil almağa şərait yaratmaqdır.

Hazırda Çin, Latviya, Macarıstan, Qazaxıstan, Rumıniya, Rusiya, Tacikistan, Türkiyə, Slovakiya, Qırğızıstan kimi ölkələr üzrə təhsilin müxtəlif səviyyələrində HTP imkanları vardır. HTP üzrə tərəfdaş ölkələrin coğrafiyasının genişləndirilməsi istiqamətdə beynəlxalq əməkdaşlıq davam etdirilir.

Proqram çərçivəsində 2025-2026-cı tədris ilində Macarıstanda 130, Çində isə 43 nəfər Azərbaycan vətəndaşı ali təhsil almaq hüququ qazanıb. Onlar təhsillərini bu ölkələrin aparıcı universitetlərində bakalavriat, magistratura və doktorantura səviyyələrində, ölkənin iqtisadi inkişafı üçün prioritet olan ixtisas istiqamətləri üzrə davam etdirəcəklər. Bundan əlavə, 2025-2026-cı tədris ili üzrə 8 nəfər Azərbaycan vətəndaşı proqram çərçivəsində Rumıniyanın ali təhsil müəssisələrində təhsil alacaq.