AzMİU-da şəhid Elçin Həsənlinin adını daşıyan laboratoriya açılıb
Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Mühəndis sistemləri və qurğularının tikintisi kafedrasının nəzdində şəhid Elçin Həsənlinin adını daşıyan "Wilo" laboratoriyasının açılış mərasimi keçirilib.
Universitetdən "Azərbaycan müəllimi"nə Şəhid Elçin Həsənli Mühəndis sistemləri və qurğularının tikintisi kafedrasının doktorantı olub və Vətən müharibəsi başlayanda könüllü şəkildə cəbhəyə yollanaraq torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına döyüşüb.
Tədbirdə universitet rəhbərliyi, şəhidin ailə üzvləri, "Wilo" şirkətinin nümayəndələri, kafedranın əməkdaşları və tələbələr iştirak ediblər.
Açılış mərasimində çıxış edən AzMİU-nun sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Orxan Naqdiyev vətən uğrunda canından keçən şəhidlərimizin, o cümlədən universitetimizin doktorantı olmuş Elçin Həsənlinin xatirəsinin əbədiləşdirilməsinin mənəvi borc olduğunu vurğulayıb. O, yeni istifadəyə verilən müasir laboratoriyanın tələbələrin praktiki biliklərinin artırılmasında və yüksəkixtisaslı mühəndis kadrlarının hazırlanmasında müstəsna rol oynayacağını bildirib.
Mühəndis sistemləri və qurğularının tikintisi kafedrasının müdiri, professor Nurməmməd Məmmədov çıxışında laboratoriyanın texniki imkanları, tədris processesindəki əhəmiyyətindən söz açıb. Professor qeyd edib ki, kafedranın fəxri olan doktorantımız Elçinin adı bu laboratoriyada hər zaman ehtiramla yad ediləcək, müasir avadanlıqlarla təchiz olunmuş bu məkan gənc mühəndislərin yetişməsinə böyük töhfə verəcək.
AzMİU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Şahmar Rəfili öz çıxışında gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında belə təşəbbüslərin vacibliyini qeyd edərək şəhidimizin könüllü cəbhəyə yollanmasının bütün tələbələr üçün həqiqi mərdlik və vətənpərvərlik nümunəsi olduğunu vurğulayıb.
"Wilo" şirkətinin Azərbaycandakı rəhbəri Rüstəm Ağayev çıxışında AzMİU ilə əməkdaşlıqdan mənunluğunu ifadə edib, müasir mühəndislik sistemləri sahəsində təhsil alan tələbələrə və gənc tədqiqatçılara dəstək olmağın şirkət üçün böyük şərəf olduğunu diqqətə çatdırıb.
Şəhidin anası Xatirə Həsənova övladının xatirəsinə göstərilən diqqətə, ehtirama, onun adının yetirməsi olduğu kafedrada əbədiləşdirilməsinə görə universitet rəhbərliyi və təşkilatçılara dərin minnətdarlığını bildirib.
Sonda tədbir iştirakçıları laboratoriyada yaradılan şəraitlə tanış olub, avadanlıqların iş prinsipi ilə maraqlanıblar.




