AzMİU ilə Kiyev universiteti arasında əməkdaşlıq genişləndirilir

19 May, 2026 - 16:42
AzMİU ilə Kiyev universiteti arasında əməkdaşlıq genişləndirilir

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində ölkəmizdə səfərdə olan Kiyev Milli İnşaat və Memarlıq Universitetinin rektoru professor Aleksey Dniprovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) olub.

"Azərbaycan müəllimi" xəbər verir ki, iki universitet arasında əməkdaşlıq perspektivlərinə həsr olunmuş görüş keçirilib. Görüşdə AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova universitetin fəaliyyəti, beynəlxalq əlaqələri, elmi potensialı, müasir tədris imkanları və strateji inkişaf istiqamətləri barədə qonaqlara ətraflı məlumat verib. Bildirib ki, WUF13 kimi nüfuzlu qlobal platformanın Bakıda keçirilməsi Azərbaycan üçün olduğu qədər, ölkənin aparıcı memarlıq və inşaat ali təhsil müəssisəsi olan AzMİU üçün də xüsusi əhəmiyyət daşıyır. Forum şəhərsalma, dayanıqlı inkişaf, innovativ urban yanaşmalar və beynəlxalq akademik əməkdaşlıq baxımından yeni imkanlar yaradır. Universitet Azərbaycanın memarlıq, inşaat mühəndisliyi, şəhərsalma, dizayn, mühəndis kommunikasiya sistemləri və texnologiya sahələri üzrə aparıcı ali təhsil müəssisəsi kimi ölkənin inkişaf prioritetlərinə uyğun yüksəkixtisaslı kadr hazırlayır. İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı yenidənqurma və quruculuq layihələri bu istiqamətlər üzrə mütəxəssislərə olan tələbatı daha da artırıb və AzMİU bu prosesdə elmi və akademik potensialı ilə fəal iştirak edir.

Professor Gülçöhrə Məmmədova Azərbaycanın postmünaqişə dövründə qazandığı şəhərsalma təcrübəsindən də bəhs edərək qeyd edib ki, azad olunmuş ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları əsasında tamamilə yeni yaşayış məkanları formalaşdırılır, müasir infrastruktur yaradılır, şəhər və kəndlərin baş planları hazırlanaraq icra olunur. Bu prosesin həm elmi, həm də praktiki baxımdan gələcək mütəxəssislər üçün mühüm təcrübə məktəbi olduğu vurğulanıb.

Professor Aleksey Dniprov isə çıxışında WUF13-ün beynəlxalq akademik ictimaiyyət üçün mühüm dialoq platforması olduğunu bildirib. O qeyd edib ki, müasir dünyada şəhərsalma, davamlı tikinti və urban təhlükəsizlik məsələləri yalnız lokal deyil, qlobal əməkdaşlıq tələb edən çağırışlardır və bu baxımdan Bakıda keçirilən forum xüsusi əhəmiyyət daşıyır. Aleksey Dniprov AzMİU ilə əməkdaşlığa böyük önəm verdiklərini bildirərək deyib ki, universitetlər arasında münasibətlər yalnız formal tərəfdaşlıq deyil, real akademik nəticələr doğuran davamlı əməkdaşlıq modeli olmalıdır. O, Ukraynada müharibənin yaratdığı ağır nəticələr, infrastrukturun dağıdılması və yenidənqurma ehtiyaclarının memarlıq və inşaat təhsili üçün yeni çağırışlar formalaşdırdığını qeyd edib. Azərbaycanın postmünaqişə dövründə bərpa və yenidənqurma təcrübəsinin bu baxımdan Ukrayna üçün də maraqlı və faydalı olduğunu vurğulayıb.

Görüş zamanı tərəflər memarlıq, inşaat mühəndisliyi, şəhərsalma, elmi-tədqiqat fəaliyyəti, müəllim və tələbə mübadiləsi, birgə akademik proqramlar, beynəlxalq layihələr və ikili diplom imkanları üzrə əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

Müzakirələrin yekununda Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə Kiyev Milli İnşaat və Memarlıq Universiteti arasında anlaşma memorandumu imzalanıb. Memorandum iki universitet arasında müəllim və tələbə mübadiləsi, birgə elmi-tədqiqat layihələrinin icrası, beynəlxalq konfrans və seminarların təşkili, ortaq akademik proqramların hazırlanması, innovativ tədris və idarəetmə təcrübələrinin paylaşılması, eləcə də ikili diplom proqramlarının inkişafı istiqamətlərində əməkdaşlığı nəzərdə tutur.

Görüş çərçivəsində qonaq nümayəndə heyəti AzMİU-nun tədris korpusları, laboratoriyaları və müasir infrastruktur imkanları ilə də tanış olub.

Qeyd edək ki, bu memorandum WUF13 çərçivəsində formalaşan beynəlxalq akademik tərəfdaşlıqların genişlənməsi, AzMİU-nun qlobal elmi-təhsil məkanında mövqeyinin möhkəmləndirilməsi və gələcək birgə layihələr üçün yeni imkanların yaradılması baxımından böyük əhəmiyyət daşıyır.

AzMİU ilə Kiyev universiteti arasında əməkdaşlıq genişləndirilir
AzMİU ilə Kiyev universiteti arasında əməkdaşlıq genişləndirilir
AzMİU ilə Kiyev universiteti arasında əməkdaşlıq genişləndirilir
AzMİU ilə Kiyev universiteti arasında əməkdaşlıq genişləndirilir
AzMİU ilə Kiyev universiteti arasında əməkdaşlıq genişləndirilir