AzTU tələbələri ABŞ-də 6 medal və xüsusi mükafat qazanıblar
Azərbaycan Texniki Universitetinin (AzTU) tələbələri ABŞ-nin Kaliforniya ştatında keçirilmiş “Silicon Valley International Invention Festival – SVIIF 2026” beynəlxalq innovasiya müsabiqəsində 6 medal və “Semi-Grand Prix” xüsusi mükafatını qazanıblar. Azərbaycanı festivalda təmsil edən 8 layihədən 6-sı AzTU tələbələrinə məxsus olub.
AzTU-dan "Azərbaycan müəllimi"nə bildirilib ki, müsabiqədə universiteti layihələrin müəllifi, magistratura səviyyəsində 2-ci kursda təhsil alan tələbə Səfərəli Səfərli və komandanın əsas mühəndisi, Maşınqayırma və metallurgiya fakültəsinin tələbəsi Anar Məmmədov təmsil ediblər. Səfərəli Səfərli, eyni zamanda, Azərbaycan milli komandasının rəhbəri qismində çıxış edib.
Komandanın təqdim etdiyi altı layihənin hər biri beynəlxalq münsiflər heyəti tərəfindən mükafata layiq görülüb.
Festivalın Azərbaycan üçün daha bir mühüm nəticəsi ilk dəfə olaraq dronlar üçün uçuş kartının milli məhsul kimi təqdim edilməsi olub. AzTU tələbəsi Anar Məmmədov tərəfindən təqdim edilən uçuş kartı festivalda nümayiş olunan layihələrdə praktiki olaraq tətbiq edilib.
Otuzdan çox ölkədən 500-dən artıq ixtiraçının qatıldığı müsabiqədə AzTU tələbələrinin layihələri 3 qızıl, 2 gümüş və 1 bürünc medala layiq görülüb.
Azərbaycan nümayəndə heyətinin festivalda iştirakı Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilib.




