Badminton hakimi sertifikatlaşdırmada 58 bal topladı

25 İyun, 2026 - 15:51
Badminton hakimi sertifikatlaşdırmada 58 bal topladı

Bəlkə də, müəllimlər üçün ən böyük sınaq bilmədiklərini öyrənmək yox, bildiklərini yenidən yoxlamaq olur. Sertifikatlaşdırma prosesi də məhz bu imkanı yaradır. 

Bakı şəhəri R. Hüseynov adına 49 nömrəli “İntellekt” məktəb-liseyin fiziki tərbiyə müəllimi Tural İsmayılov sertifikatlaşdırma imtahanında 58 bal toplayıb.

O hesab edir ki, bu proses müəllimlərin peşəkar hazırlıq səviyyəsini görməsi və biliklərini yenidən sistemləşdirməsi baxımından vacibdir.

Müəllimin sözlərinə görə, imtahanda təqdim olunan suallar əsasən müəllimlərin gündəlik fəaliyyətində istifadə etdikləri bilik və bacarıqları əhatə edirdi: “Suallar, demək olar ki, bu fənni tədris edən müəllim üçün asan səviyyədə idi. Əksəriyyəti dərs prosesində istifadə etdiyimiz mövzuları əhatə edirdi. Açığı, bəzi tarixi məlumatlarla bağlı suallarda tərəddüd etdim, amma birbaşa tədris prosesi ilə əlaqəli suallarda çətinlik çəkmədim. Çünki bu fənni tədris edən müəllim həmin biliklərə sahib olmalıdır”.

Tural müəllim imtahanın təşkili ilə bağlı da müsbət fikirlərini bölüşüb: “Ümumilikdə, imtahan şəffaf və sakit şəraitdə keçdi. Təşkilatçılıqdan razı qaldım, heç bir narazılığımız olmadı”.

O etiraf edir ki, imtahana xüsusi hazırlaşıb. Bununla belə, fiziki tərbiyə müəllimlərinin daim öz üzərində işləməsinin vacibliyini vurğulayır: “Əslində, biz bu fənni tədris etdiyimiz üçün mövzulara bələdik. Sadəcə, fiziki tərbiyə fənnində nəzəri hissəyə ayrılan saatlar az olduğundan müəllim özü də daim araşdırmalı, oxumalı və biliklərini yeniləməlidir”.

Müəllimin fikrincə, sertifikatlaşdırmanın ən mühüm tərəflərindən biri müəllimləri yenidən öyrənməyə və biliklərini təkrarlamağa sövq etməsidir: “Düşünürəm ki, sertifikatlaşdırmanın ən vacib tərəflərindən biri biliklərin təkrarlanmasına şərait yaratmasıdır. Təkrar biliyin möhkəmlənməsinə kömək edir. Bu baxımdan proses müəllimlərin inkişafına müsbət təsir göstərir”.

Tural İsmayılovun fəaliyyəti yalnız məktəblə məhdudlaşmır. O, hazırda badminton üzrə hakim kimi də fəaliyyət göstərir. Daha əvvəl müxtəlif idman növləri ilə məşğul olan müəllim idmanla əlaqəsini bu gün də davam etdirir.

Sertifikatlaşdırmanın nəticəsində nəzərdə tutulan əməkhaqqı artımına münasibət bildirən müəllim qeyd edir ki, maddi stimul vacib olsa da, prosesin əsas mahiyyəti bundan daha genişdir: “Əlbəttə, əməkhaqqı artımı müəllimlər üçün vacib amildir. Amma mənim üçün burada əsas məsələ məsuliyyətdir. Müxtəlif qiymətləndirmə proseslərində iştirak etmişəm, lakin sertifikatlaşdırmada məsuliyyət daha böyükdür. Çünki bu proses müəllimin peşəkar səviyyəsinin müəyyənləşdirilməsi ilə bağlıdır”.

Onun sözlərinə görə, sertifikatlaşdırma müəllimin hazırlıq səviyyəsini ortaya qoyur və bu da nəticə etibarilə tədrisin keyfiyyətinə müsbət təsir göstərir: “Sertifikatlaşdırma müəllimin hazırlıq səviyyəsini ortaya qoyur. Bu da nəticə etibarilə şagirdlərə və tədrisin keyfiyyətinə müsbət təsir göstərir”.