Sertifikatlaşdırma bağça müəllimlərini daha da peşəkarlaşdıracaq – Mütəxəssis

17 Sentyabr, 2026 - 17:14
Sertifikatlaşdırma bağça müəllimlərini daha da peşəkarlaşdıracaq

Məktəbəqədər təhsildə keyfiyyətin yüksəldilməsi ilk növbədə uşaqlarla çalışan pedaqoji heyətin peşəkar bilik və bacarıqlarının davamlı inkişafından başlayır. Bu baxımdan dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlərin sertifikatlaşdırma prosesinə cəlb olunması sahədə kadr potensialının gücləndirilməsi istiqamətində mühüm mərhələlərdən biri kimi qiymətləndirilir.

Belə ki, dövlət bağçalarında çalışan tərbiyəçi-müəllimlərin sertifikatlaşdırılması oktyabr-noyabr aylarında təşkil olunacaq. Bundan əvvəl isə məktəbəqədər təhsil müəssisələrində çalışan 12 minə yaxın tərbiyəçi-müəllim diaqnostik qiymətləndirmədən keçib.

Bəs sertifikatlaşdırma tərbiyəçi-müəllimlərin peşəkar inkişafına hansı imkanlar aça bilər? Bu proses məktəbəqədər təhsildə kadr keyfiyyətinin yüksəldilməsinə və ixtisaslı mütəxəssislərin payının artırılmasına necə təsir göstərəcək?

Pedaqoq-təlimçi Gülnar Etibar “Azərbaycan müəllimi”nə bildirib ki, sertifikatlaşdırmanın əsas mahiyyəti dəyişən dövrün tələblərinə uyğun olaraq müəllimlərin davamlı peşəkar inkişafını təmin etməkdir.

Onun sözlərinə görə, müasir uşaqların ehtiyacları və təhsil mühitinin tələbləri əvvəlki illərlə müqayisədə dəyişdiyi üçün müəllim də bu dəyişikliklərə uyğun inkişaf etməlidir:

“Dövr, zaman, tələblər dəyişir. Beş il bundan əvvəlki sistemlə indiki sistem, beş il bundan əvvəlki uşaqla indiki uşaq arasında gözə çarpacaq qədər fərq var. Ona görə də istər məktəbəqədər təhsildə, istərsə də digər sahələrdə müəllim zamanın tələblərinə uyğun inkişaf etməli və dəyişməlidir. Gələcək nəsli formalaşdıran əsas şəxslərdən biri müəllimdir. Müəllim özü inkişaf etməlidir ki, dəyişən zamanın gənclərini də düzgün formalaşdıra bilsin”.

G.Etibar bildirib ki, sertifikatlaşdırma müəllimlərin daim öz üzərlərində işləməsinə və peşəkarlaşmasına stimul yaradır:

“Sertifikatlaşdırmanın əsas üstünlüklərindən biri odur ki, müəllimlərin inkişafı artıq müəyyən standart və tələblərlə sistemli şəkildə təşviq olunur. Müəllim daim təkmilləşməli, inkişaf etməli və öz üzərində çalışmalıdır. Müəllimin davamlı peşəkar inkişafı həm onun hüququ, həm də vəzifəsidir”.

Pedaqoq-təlimçinin fikrincə, sertifikatlaşdırma müəllimlərin hazırlıq səviyyəsinin yüksəlməsinə və qazandıqları biliklərin tədris prosesinə daha səmərəli ötürülməsinə imkan yaradacaq:

“Bu proses müəllimin təkmilləşməsinə, daha yüksək səviyyədə inkişafına və hazırlığına təsir göstərəcək. Müəllim qazandığı bilik və bacarıqları da uşaqlara ötürə biləcək”.

G.Etibar müasir müəllimin bir sıra yeni bacarıqlara yiyələnməsinin vacibliyini də vurğulayıb:

“Müəllimdə müasir düşüncə qabiliyyəti, sistemləşdirmə bacarığı, müasir proqramları reallaşdırmaq, fəal təlim metodlarını mənimsəmək və tətbiq etmək bacarığı formalaşmalıdır. Əvvəllər daha çox biliyə yönəlmiş nəsil yetişdirilirdisə, indi biliyi bacarığa çevirə bilən nəsil yetişdirilməlidir. Müəllim əvvəlcə bunu özündə formalaşdırmalıdır ki, sonra uşağa da müsbət təsir göstərə bilsin”.

Onun sözlərinə görə, sertifikatlaşdırmanın hər beş ildən bir keçirilməsi müəllimləri davamlı inkişaf etməyə təşviq etməklə yanaşı, onların əməkhaqqı və karyera imkanlarına da müsbət təsir göstərir:

“Müəyyən nəticəni keçdikdən sonra sertifikatlaşdırma müəllimlərin məvacibinə də təsir edir. Bu, müsbət rəqabət yaradır. Müəllimlər həm daha yaxşı əməkhaqqı almaq, həm də karyera imkanlarını genişləndirmək üçün daim öz üzərlərində çalışmağa həvəslənirlər. Öz üzərində çalışan müəllimə tələbat da artır”.

G.Etibar hesab edir ki, bu proses müəllim peşəsinin nüfuzunun yüksəlməsinə və məktəbəqədər təhsildə ixtisaslaşmanın güclənməsinə də xidmət edəcək:

“Bu, müəllimliyin dəyərinin daha da yüksəlməsinə, ixtisas üzrə peşəkarlaşmaya və karyera imkanlarının inkişafına şərait yaradacaq. Xüsusilə məktəbəqədər təhsildə çalışan müəllimlər 1-6 yaş dövrünün mahiyyətini daha dərindən dərk edəcəklər. Çünki bu yaşlarda uşağa verilən təlim və tərbiyə onun ömürboyu inkişafının əsas təməlidir”.

Pedaqoq vurğulayıb ki, uşaqlarla işləyən müəllim yalnız bilikli deyil, eyni zamanda pedaqoji və psixoloji baxımdan düzgün yanaşma bacarığına malik olmalıdır:

“O, uşağa düzgün yanaşmalı, onunla münasibəti düzgün qurmalı və mehriban olmalıdır. Uşağa sevgi ilə yanaşmaq vacibdir, amma bunun müəyyən standartları da var. Müəllim uşağın yaşına uyğun pedaqoji və psixoloji yanaşmanı mənimsəməlidir”.

G.Etibarın fikrincə, sertifikatlaşdırma nəticə etibarilə müəllimlərin peşəkar inkişafı ilə yanaşı, uşaqların daha keyfiyyətli təhsil və tərbiyə almasına da xidmət edəcək:

“Sertifikatlaşdırma uşaqların inkişafında mühüm rol oynayan müəllimlərin daha düzgün və peşəkar şəkildə formalaşmasının əsasını qoyacaq”, - deyə o qeyd edib.