“Müəllim bütün yeniliklərdən xəbərdar olmalıdır” – yüksək nəticə göstərən müəllimlər
Müasir təhsil sistemində müəllimin peşəkarlığının artırılması, bilik və bacarıqlarının obyektiv qiymətləndirilməsi baxımından sertifikatlaşdırma prosesi mühüm əhəmiyyət daşıyır.
Şəki-Zaqatala bölgəsində sertifikatlaşdırma imtahanlarında yüksək nəticə göstərən müəllimlərin fikrincə, bu proses müəllim üçün peşəkar inkişaf və pedaqoji məsuliyyət mərhələsidir.
"Azərbaycan müəllimi" yüksək nəticə göstərən müəllimlərlə həmsöhbət olub.
18 ildir ki, coğrafiya fənnini tədris edən Samir müəllim sertifikatlaşdırmada 58 bal toplayıb. O bildirir ki, imtahana xüsusi hazırlıq keçməsə də, uzun illər ərzində qazandığı bilik və pedaqoji təcrübəyə güvənərək prosesdə iştirak edib:
“Düzü, imtahana xüsusi hazırlıq keçməmişdim. Uzun illər ərzində qazandığım bilik və təcrübəyə güvənərək iştirak etdim. Suallar asan, orta və çətin səviyyələri əhatə edirdi. Ümumilikdə imtahanı normal qiymətləndirirəm”.
Samir müəllim üçün bu nəticə illərlə çəkilən əməyin nəticəsi kimi dəyərləndirilir. Onun şagirdləri müxtəlif olimpiada və bilik yarışlarında ümumilikdə 29 medal qazanıblar. Bu medallardan 11-i qızıl, 9-u gümüş, 9-u isə bürüncdür.
Təcrübəli müəllim təhsil sahəsindəki fəaliyyətinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə “Tərəqqi” medalı ilə də təltif olunub. O bu mükafatı müəllim əməyinə verilən yüksək qiymət kimi dəyərləndirir:
“Bu, müəllim əməyinə verilən yüksək dəyərin göstəricisidir və mənim üçün böyük qürur mənbəyidir. Buna görə düşünürəm ki, müəllimin peşəkarlığını illər ərzində qazandığı nailiyyətlər və yetişdirdiyi şagirdlərlə birlikdə qiymətləndirmək lazımdır”.
"Müəllim bütün yeniliklərdən xəbərdar olmalıdır"
Samir müəllim sertifikasiya imtahanlarının keçirilməsini dəstəklədiyini bildirir. Onun fikrincə, bu proses müəllimin öz üzərində işləməsinə, biliklərini yeniləməsinə və peşəkar məsuliyyətini artırmasına xidmət edir:
"Sertifikasiya imtahanlarının keçirilməsini dəstəkləyirəm və onların gələcəkdə də davam etməsini istərdim. Çünki sertifikasiya müəllimin peşəkar inkişafının vacib hissəsidir. Müəllim bütün yeniliklərdən xəbərdar olmalıdır. Lakin bu prosesin psixoloji tərəfini də nəzərə almaq vacibdir. Müəllim hər şeydən əvvəl insandır. O nə qədər savadlı və nüfuzlu olsa da, həyəcan keçirə bilər. Müəllimin əsl dəyəri illərlə formalaşdırdığı bilik, təcrübə, yetişdirdiyi uğurlu gənclər və təhsil sisteminə verdiyi töhfələrlə ölçülməlidir. Müəllimin əsas göstəricisi onun yetişdirdiyi şagirdlər, qazandığı uğurlar və təhsilə verdiyi töhfələrdir”.
Qax rayonu Əmran Cabbaroğlu adına Zəyəm kənd tam orta ümumtəhsil məktəbinin fizika müəllimi Xanım Nəsibova da sertifikasiya imtahanında yüksək nəticə göstərən müəllimlərdəndir. O, imtahana ciddi hazırlaşdığını, nəticənin də gözləntilərinə uyğun olduğunu bildirir.
"60 bal toplayacağıma ümid edərək imtahana getmişdim"
24 illik pedaqoji ixtisasa malik Xanım müəllim ali məktəbi bitirdiyi ildən bu məktəbdə çalışır. O, sertifikasiya imtahanına 60 bal toplama ümidi ilə getdiyini söyləyir:
“İmtahana çox yaxşı hazırlaşmışdım, uğurlu da oldu. Mən 60 bal toplayacağıma ümidlə getmişdim. Amma kurikulumdan bir sual səhv oldu. Üç-dörd ay bu imtahana hazırlaşmışdım”.
Təcrübəli müəllim bildirir ki, bu onun ilk qiymətləndirmə təcrübəsi deyil. O, 2017-ci ildə keçirilən diaqnostik qiymətləndirmədə də iştirak edib və 56 bal toplayıb:
“Bundan əvvəl 2017-ci ildə keçirilən diaqnostik qiymətləndirmədə 56 bal toplamışdım. Mən bu cür qiymətləndirmələrin aparılmasını müsbət qiymətləndirirəm. Müəllim öz üzərində hər zaman işləməlidir”.
X.Nəsibova hesab edir ki, müasir müəllim yalnız dərslik bilikləri ilə kifayətlənməməli, təhsildə baş verən yenilikləri izləməli, metodiki və pedaqoji bacarıqlarını daim inkişaf etdirməlidir:
“Mən öz üzərində işləyən müəllimlərdənəm. Yeniliklərə açıq insanam. Müəllim bütün yeniliklərdən xəbərdar olmalıdır”.
"Sertifikatlaşdırma müəllimin özünü təkmilləşdirməsi üçün fürsətdir"
Onun fikrincə, sertifikasiya prosesi müəllimə öz biliklərini yoxlamaq, zəif tərəflərini müəyyənləşdirmək və inkişaf istiqamətlərini daha aydın görmək imkanı verir. Bu baxımdan o, imtahanları müəllimin özünü təkmilləşdirməsi üçün fürsət hesab edir.
Xanım Nəsibova gələcəkdə sertifikasiyada iştirak edəcək müəllimlərə tövsiyə edir ki, prosesə narahatlıq və qorxu ilə deyil, məsuliyyət və inamla yanaşsınlar. Onun sözlərinə görə, müəllim gündəlik fəaliyyətində öyrənməyə açıqdırsa, sertifikasiya onun üçün çətinlik deyil, öz peşəkarlığını nümayiş etdirmək imkanıdır.
“Sertifikasiya müəllimin özünü inkişaf etdirməsi üçün təkandır”
Zaqatala şəhər Zəfər Murtuzəliyev adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin fizika müəllimi Nəzakət Mənəfova ötən il sertifikasiya prosesinin test imtahanı mərhələsində 58 bal, müsahibə mərhələsində isə 40 bal olmaqla ümumilikdə 98 bal toplayıb.
Nəzakət müəllim bildirir ki, sertifikasiya imtahanı onun üçün çətin olmayıb. Onun fikrincə, gündəlik dərs prosesində öz ixtisası üzrə işləyən, yenilikləri izləyən və pedaqoji biliklərini inkişaf etdirən müəllim üçün bu cür qiymətləndirmələr təbii prosesdir:
“İmtahan çətin deyildi. Bu proses müəllimin öz üzərində işləməsi və özünü inkişaf etdirməsi üçün bir təkandır”.
"Müəllimlik davamlı yenilənmə tələb edən peşədir"
Nəzakət müəllimin sözlərinə görə, müəllimlik davamlı yenilənmə tələb edən peşədir. Şagirdin qarşısına çıxan müəllim həm fənn biliklərini, həm pedaqoji yanaşmalarını, həm də müasir təhsil tələblərini daim inkişaf etdirməlidir.
O hesab edir ki, sertifikasiya müəllimləri daha məsuliyyətli olmağa, öz biliklərini sistemləşdirməyə və peşə fəaliyyətlərinə daha diqqətlə yanaşmağa sövq edir. Bu proses, eyni zamanda müəllimin özünəinamını artırır və ona peşəkar inkişaf istiqamətində yeni motivasiya verir.
Nəzakət Mənəfova gələcəkdə sertifikasiya imtahanında iştirak edəcək müəllimlərə öz üzərlərində davamlı işləməyi, ixtisas biliklərini möhkəmləndirməyi və imtahana yalnız qiymətləndirmə kimi deyil, inkişaf mərhələsi kimi baxmağı tövsiyə edir.
Təcrübəli müəllimlərin fikirləri göstərir ki, sertifikasiya prosesi müəllim üçün peşəkar inkişaf, özünüqiymətləndirmə və davamlı öyrənmə imkanıdır.




