Bahar Muradova: Uşaq hüquqlarının qorunması düşüncələrdə yer almalıdır

23 İyun, 2026 - 12:55
Bahar Muradova: Uşaq hüquqlarının qorunması düşüncələrdə yer almalıdır

“Bəzən yeni nəslin nümayəndələri əvvəlki nəslin fərqli dövrdə formalaşdığını əsas gətirərək onları tənqid edirlər”.

"Azərbaycan müəllimi" xəbər verir ki, bunu “Uşaqlar və hüquq” kitabının təqdimat mərasimində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib.

"Halbuki hər bir inkişafın əsasında məhz təcrübə dayanır və o, zaman keçdikcə daha da təkmilləşir. Bu baxımdan istər cəmiyyətin, istər təhsil sisteminin, istərsə də müxtəlif praktikaların formalaşdırdığı təcrübəli insanlar bizim üçün mühüm istinad mənbəyidir. Təcrübəli insanların yetişdirdiyi yeni nəsil fərqli dünyada böyüyür və müasir dövrün çağırışlarını daha yaxşı anlayır. Bu gün qarşımızda duran əsas vəzifə hər iki nəslin müsbət xüsusiyyətlərini özündə birləşdirən gənclərin formalaşdırılmasıdır. Biz köklü ənənələrə sahibik, lakin eyni zamanda müasir dəyərləri mənimsəyən gənclər yetişdirməliyik. Bu proses isə uşaq yaşlarından başlamalıdır. Hər bir gənc dövlətçilik şüurunu, vətəndaşlıq mövqeyini və milli dəyərlərə bağlılığını məhz həmin dövrdən qazanmalıdır”.

Komitə sədri qeyd edib ki, insanın formalaşması ailədən başlayır, sonrakı mərhələlərdə təhsil, elm və vətəndaş cəmiyyəti mühüm rol oynayır:

“Uşaq dünyaya göz açdığı ilk gündən ailənin təsiri altında formalaşmağa başlayır. Onun ilk duyğuları, ilk təəssüratları ailədə yaranır. Daha sonra təhsilə cəlb olunur, yeni bilik və informasiyalar əldə edərək onları ailə mühitinə daşıyır. Təhsil prosesi elmlə zənginləşir, daha sonra isə insan vətəndaş cəmiyyətinin üzvünə çevrilir, hüquqlar qazanır, vəzifələr və məsuliyyətlər daşımağa başlayır. Məhz bu mərhələlərin hər birində dövlətçilik düşüncəsinin təməli qoyulur”.

B.Muradova vurğulayıb ki, dövlətçilik şüuru və milli dəyərlər üzərində qurulan düşüncənin formalaşdırılması dövlətin prioritet istiqamətlərindən biridir:

“Bu baxımdan belə mövzular daim vətəndaş cəmiyyətinin diqqət mərkəzində olmalıdır. Buna görə də müxtəlif istiqamətlər üzrə müntəzəm iş aparılır, hüquqi və dövlət sənədləri hazırlanır. Hazırda üzərində çalışdığımız mühüm sənədlərdən biri də Uşaq Strategiyasıdır. Həmin strategiyadan irəli gələn vəzifələrin icrası ilə bağlı müxtəlif layihələr həyata keçirilir. Uşaqların hüquqlarının qorunması həm milli qanunvericilikdə, həm də Azərbaycanın qoşulduğu beynəlxalq sənədlərdə mühüm yer tutur. Bu məsələlər yalnız qanunlarda və fəaliyyət planlarında deyil, insanların gündəlik həyatında da öz əksini tapmalıdır. Ən vacibi isə onların düşüncəsində yer almalıdr. Təqdim olunan kitab uşaqlarla yanaşı böyüklər üçün də faydalı olacaq”. 

B.Muradova qeyd edib ki, düşüncənin formalaşmasına təsir edən amillər çoxdur və təqdim olunan bu kitab da həmin vasitələrdən biridir:

"İnanıram ki, bu kitab yalnız uşaqların deyil, böyüklərin də marağına səbəb olacaq. Bu gün Azərbaycan Prezidentinin Kitabxanasındayıq. Böyük tarixə və zəngin irsə malik bu kitabxanada yüzilliklərə şahidlik etmiş kitablar qorunur. Şübhəsiz ki, yeni nəşr olunan bu kitab da zamanla həmin dəyərli nəşrlər sırasında öz yerini tutacaq. Bu kitabın burada olması uşaqların da burada olması deməkdir”.

O, valideynlərə müraciət edərək övladlarını kitabla tanış etməyə çağırıb:

“Çox istərdim ki, övladlarınız bu kitabla yaxından tanış olsunlar. Çünki bu, ilk növbədə, onların hüquqları barədə məlumatlı olmalarına, eyni zamanda daha sağlam və məsuliyyətli vətəndaş kimi formalaşmalarına xidmət edəcək”.