Bahar Muradova: Uşaq hüquqlarının qorunması yalnız dövlət qurumlarının vəzifəsi deyil

10 İyun, 2026 - 15:30
Bahar Muradova: Uşaq hüquqlarının qorunması yalnız dövlət qurumlarının vəzifəsi deyil

“Azərbaycanda uşaq hüquqları, ailə məsələləri insan hüquqlarının əsas tərkib hissədir. Azərbaycan bütün istiqamətlərdə öz resurslarını və potensialını səfərbər edərək insan kapitalının, insan potensialının inkişafına yönəlir. Bu inkişaf da qarşımızda duran vəzifələrin yerinə yetirilməsinə, gələcəyimizin inkişafının və dayanıqlılığının təmin edilməsinə xidmət edir”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Azərbaycanda yeniyetmələrin hüquq düşüncəsi” adlı tədqiqat hesabatlarının və “Uşaqlar və Hüquq” adlı kitabın təqdimat mərasimində səsləndirib.

Onun sözlərinə görə, Azərbaycanda uşaq hüquqları, ailə məsələləri və insan hüquqları sahəsində fəaliyyət göstərən müvafiq qurumlar, eləcə də bu hüquqların təmin edilməsinə xidmət edən qanunvericilik bazası mövcuddur: “Bununla yanaşı, həm dövlət qurumları, həm də səmərəli institusional mexanizmlər fəaliyyət göstərir və Azərbaycan bu istiqamətdə getdikcə daha böyük nailiyyətlər əldə etməkdədir.

Biz zəfərdən sonra yeni mərhələyə qədəm qoymuş bir xalq, bir dövlət kimi qarşımızda duran hədəfləri yaxşı bilirik. Zəfərdən doğan hədəflərin həyata keçirilməsi istiqamətində fəaliyyət göstəririk. Bu hədəflərdən biri də uşaq hüquqlarının qorunması, onların təhlükəsizliyinin təmin olunması və hərtərəfli qayğı ilə əhatə edilməsidir”.

Sədr bildirib ki, bu gün uşaqların hüquqlarının qorunması məsələsinə yalnız dövlət siyasətinin bir istiqaməti və ya dövlət qurumlarının vəzifəsi deyil: “Çünki bu prosesdə müvafiq dövlət orqanları ilə yanaşı digər institutlar, elmi potensialımız, ümumilikdə qeyri-hökumət sektoru və digər sahələr də daha geniş şəkildə iştirak etməlidir”.

Bahar Muradova qeyd edib ki, bu gün təqdimatı keçirilən “Uşaqlar və Hüquq” kitabı hüquq anlayışlarını sadə, anlaşıqlı və gündəlik həyat nümunələri əsasında çatdırmağı qarşısına məqsəd qoyur: “Kitab hüququ yalnız nəzəri anlayış kimi təqdim etmir, eyni zamanda uşaqların gündəlik davranış və seçimləri ilə bağlı praktik dəyər kimi təqdim edir. Demokratik cəmiyyətdə ədalət hissinin, məsuliyyət duyğusunun və hüquqi davranış vərdişlərinin formalaşması xüsusi əhəmiyyət daşıyır. Buna görə də uşaqlarda bu keyfiyyətlərin formalaşdırılması mühüm əsaslardan biridir”.