BANM-in məzununun həmtəsisçisi olduğu komanda I yerə layiq görülüb

14 Yanvar, 2026 - 09:59
BANM-in məzununun həmtəsisçisi olduğu komanda I yerə layiq görülüb

Bakı Ali Neft Məktəbinin (BANM) məzunu, ABŞ-nin Tulsa Universitetinin doktorantura tələbəsi Vüsal Kərimovun həmtəsisçisi olduğu "Verda Robotics" komandası ABŞ-də keçirilən "Hurricane Pitch Competition" müsabiqəsində 1-ci yerə layiq görülüb.

"Azərbaycan müəllimi" xəbər verir ki, müsabiqə innovativ startap ideyalarının təqdim edildiyi, texnologiya yönümlü layihələrin investorlar, mentorlar və akademik ekspertlər tərəfindən qiymətləndirildiyi nüfuzlu platformalardan biri hesab olunur. "Verda Robotics" layihəsi kənd təsərrüfatı sahəsində süni intellektə əsaslanan qərarvermə və avtomatlaşdırma həllərinin hazırlanmasına fokuslanır.

Layihənin əsas məqsədi müasir texnologiyalar vasitəsilə kənd təsərrüfatında resurslardan daha səmərəli istifadəni təmin etmək, istehsal xərclərini azaltmaq və məhsuldarlığı artırmaqdır.