BANM-in ölkə birincisi olan tələbəsi: “Təhsilimi burada davam etdirmək istəyirəm”
Dövlət İmtahan Mərkəzinin ali təhsil müəssisələrinin magistraturalarına keçirdiyi qəbul imtahanının nəticələrinə görə 91 balla ölkə birincisi olan tələbə Elvina Əliyeva təhsilini BANM-də davam etdirmək niyyətindədir.
“Azərbaycan müəllimi” bildirir ki, BANM-in tələbəsi Elvina Əliyeva magistraturaya qəbul imtahanında uğur qazanmasında bu ali məktəbin rolunun böyük olduğunu söyləyib:
“Bakı Ali Neft Məktəbinin əsas üstünlüyü təhsilin həm praktiki, həm də beynəlxalq standartlara uyğun qurulmasıdır. Xüsusilə də ingilis dilinin yüksək səviyyədə tədris olunması imtahanda mənə çox kömək oldu. Bundan əlavə, BANM-in peşəkar və səmimi müəllim heyəti də onun əsas üstünlüklərindəndir”.
Elvina Əliyevanın magistraturaya hazırlaşan tələbələrə əsas tövsiyəsi qarşılarına qoyduqları məqsəd üçün planlı və əzmli şəkildə çalışmalarıdır.
Dövlət İmtahan Mərkəzinin ali təhsil müəssisələrinin magistraturalarına keçirdiyi qəbul imtahanının nəticələrinə görə 91 balla ölkə birincisi olan digər bakalavr - Zahid Abdullayev də Bakı Ali Neft Məktəbinin (BANM) tələbəsidir. O, uğurunun arxasında bu ali məktəbdə qazandığı bilik və bacarıqların dayandığını deyir.
Zahid Abdullayevin sözlərinə görə, magistratura imtahanında tələbələrin bilik və bacarıqları 3 fənn üzərindən qiymətləndirilir, bu baxımdan BANM-də olan tam ingilisdilli təhsil onun kimi tələbələri digər tələbələrdən irəli salır:
“Bu da sonda digər üstünlüklərlə birləşəndə ortaya belə uğurlu nəticələr çıxır”.
Tələbə son tədris ilinin ağırlığına baxmayaraq, bütün çətinliklərin öhdəsindən gəlməyin sirlərini də açıqlayıb:
“Ümumiyyətlə, sonuncu kurs öz məsuliyyətləri ilə birgə gəlir, universitet dərsləri, iş həyatı, hər biri kifayət qədər əzm və çalışqanlıq tələb edir. Bunlarla paralel magistratura imtahanına hazırlaşmaq da çətin idi. Lakin tələbəlik həyatı boyu Bakı Ali Neft Məktəbi bizə məhz elə bütün məsuliyyətləri eyni anda daşıya bilməyi öyrədir”.



