Bəxtiyar Aslanbəyli “Şöhrət” ordeni ilə təltif edilib

6 Avqust, 2026 - 13:23
Bəxtiyar Aslanbəyli “Şöhrət” ordeni ilə təltif edilib

Bəxtiyar Əli oğlu Aslanbəyli “Şöhrət” ordeni ilə təltif edilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb. 

Bəxtiyar Aslanbəyli Azərbaycan neft sənayesinin inkişafında xüsusi xidmətlərinə görə "Şöhrət” ordeninə layiq görülüb.

Bəxtiyar Aslanbəyli 1976-cı ildə Bakıda anadan olub. 1993-1997-ci illərdə bakalavr təhsilini Bakı Dövlət Universitetində alıb, Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsini bitirib. 

1999-cu ildə həmin fakültənin magistr pilləsini bitirib. Magistraturada oxuduğu dövrdə Elm və təhsil mərkəzi “Təfəkkür” Universitetinin hüquq elmləri kafedrasında müəllim vəzifəsində çalışıb. 1998-ci ildən “PricewaterhouseCoopers” şirkətində vergi üzrə məsləhətçi, 2002-ci ildən isə BP Exploration şirkətinin Vergilər şöbəsində vergilər üzrə analitik vəzifəsində çalışmağa başlayıb. 

2002-2015-ci illər ərzində BP şirkətinin müxtəlif departamentlərində analitik, vergilər üzrə məsləhətçi, şöbə müdiri, region üzrə menecer vəzifələrini tutub. 

2015-ci ilin sentyabr ayından həmin şirkətin Azərbaycan, Gürcüstan, Türkiyə regionunda xarici əlaqələr və strategiya üzrə vitse-prezidenti vəzifəsinə təyin olunub. 

Eyni zamanda, 2006-cı ildən indiyədək Bakı Dövlət Universitetinin Diplomatiya və müasir inteqrasiya prosesləri kafedrasının müəllimi vəzifəsində çalışır.

Bəxtiyar Aslanbəyli 2015-ci ilin noyabr ayından Bakı Ali Neft Məktəbinin İngilis dili və humanitar fənlər mərkəzində əvəzçilik üzrə baş müəllim vəzifəsində çalışır.