Bəzi universitetlərdə distant təhsilalma forması sınaqdan keçiriləcək

21 Oktyabr, 2024 - 15:12

"Təhsil haqqında" Qanunda distant təhsil təhsilalma forması kimi göstərilib. Bunun üçün xüsusi mexanizmin hazırlanması zəruridir".

"Azərbaycan müəllimi" xəbər verir ki, bunu Elm və Ali Təhsil Nazirliyinin Elm və ali təhsil siyasəti şöbəsinin müdiri Turxan Süleyman “Ali təhsil müəssisələrinə tələbə qəbulu: təhlil və proqnozlaşdırma” mövzusunda keçirilən tədbirdə deyib.

O, mexanizm hazırlanarkən maddi-texniki baza və digər texniki tələblərlə yanaşı, daxili keyfiyyətə nəzarət məsələsinin də tənzimlənməsinin zəruri olduğunu bildirib.

"Müəyyən ixtisaslarda distant təhsilalma forması tətbiq edilə bilər. Bunlar əsasən xidmət sahələrini əhatə edən ixtisaslardır. Biz maddi-texniki bazası yüksək səviyyədə təşkil olunmuş universitetlərdə bu formanı tətbiq edib, nəticələrini təhlil edə bilərik.

Araşdırmalar göstərir ki, dünyada distant təhsilə yanaşma birmənalı deyil. Bəzi yerlərdə bu hibrit formada olur. Biz də seçdiyimiz mexanizmdə ehtiyatlı olmalıyıq. Hansısa bir ənənəni yaradıb onun nizamsız şəkildə böyüməsinin qarşısı alınmalıdır".

T.Süleyman əlavə edib ki, bəzi universitetlərdən bizə bununla bağlı müraciətlər daxil olub: 

"Maddi-texniki bazası yüksək səviyyə olan universitetlərdə distant təhsilalma formasını sınaqdan keçirməyə hazırlaşırıq. Bunun üçün hələ dəqiq zaman demək mümkün deyil, lakin bu məsələ üzərində çalışırıq".