“BilBacar” müsabiqəsi coğrafi baxımdan genişləndirilməlidir - Firudin Qurbanov
“Yaxşı haldır ki, keçən il “BilBacar” yarışında 170 min şagird iştirak etmişdisə, bu il isə 190 min şagird iştirak edib. Məktəblərin sayı da artıb. Keçən il təxminən 2 min məktəb iştirak edirdisə, bu il 2 min 300 məktəbdir. İl ərzində xeyli artım var ki, bu, sevindirici haldır”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov “BilBacar” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində söyləyib.
Nazir müavini bildirib ki, nə qədər çox uşaq bu layihələrə cəlb olunarsa, bir o qədər də gələcəyimizin etibarlı əllərdə olduğuna inanacayıq:
“Bu gün dünya çox sürətlə inkişaf edir. Bir neçə ildən sonra bizi hansı çağırışların gözləyəcəyini bilmirik. Kim bilirdi ki, süni intellekt insanı əvəz edəcək, robotlaşdırılmış sistemlər bu qədər inkişaf edəcək? Bu gün dünyada 600 mindən çox robotlaşdırılmış qurğu var. Artıq 8–9 milyon robot fəaliyyət göstərir. Onlar insanı əvəz edirlər. Bunu təsəvvür etmək çətin idi. Bu proses sürətlə inkişaf edir”.
F.Qurbanov söyləyib ki, Elm və Təhsil Nazirliyinin əsas məqsədi də məhz bu layihələri həyata keçirməklə müvafiq bacarıqların formalaşmasına nail olmaqdır:
“Bizim gənclər tənqidi təfəkkürə malik olmalıdırlar. Ən vacib bacarıq isə yaradıcı təfəkkür olacaq. Bu gün də yaradıcı təfəkkür ən vacib bacarıqlar sırasında birinci yerdədir. Bunları formalaşdırmaq üçün, təbii ki, bizim uşaqların bu intellektual oyunlarda fəal iştirak etmələri vacibdir”.
O bildirib ki, gələcəkdə “BilBacar” yarışı coğrafi baxımdan genişləndirilməlidir.




