"Bilbacar" müsabiqəsində necə iştirak etmək olar? - Addım-addım izah

14 Noyabr, 2026 - 19:47
"Bilbacar" müsabiqəsində necə iştirak etmək olar?

2026-2027-ci tədris ilində ölkə üzrə III və IV sinif şagirdlərinin iştirak etdiyi “BilBacar” müsabiqəsi iki mərhələdə keçirilir. Noyabrda başlayan və ümumilikdə səkkiz ay davam edən müsabiqədə şagirdlərlə yanaşı, siniflər və məktəblər də yarışır.

“Azərbaycan müəllimi” xəbər verir ki, müsabiqə Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə keçirilir.

Məqsəd ibtidai sinif şagirdlərinin təbiət elmləri -  həyat bilgisi çərçivəsində və riyaziyyat üzrə savadlılığını inkişaf etdirmək, onlara kompüter əsaslı qiymətləndirmə mühitində təcrübə qazandırmaqdır.

Müsabiqənin birinci mərhələsi 2026-cı ilin noyabrından 2027-ci ilin mayınadək virtual platformada, final mərhələsi isə 2027-ci ilin iyun ayının ilk yarısında əyani formatda təşkil olunur.

Virtual mərhələ necə keçirilir?

Birinci mərhələdə hər məktəb üzrə “BilBacar” koordinatoru təyin edilir. İştirakçılar UTİS kodu və şifrəsi ilə platformadakı şəxsi kabinetlərinə daxil olurlar. Platformada “Yarış” və “Hazırlıq” adlı iki əsas bölmə fəaliyyət göstərir.

Şagirdlər “Yarış” bölməsindəki seanslara məktəbdə, koordinatorun nəzarəti altında qoşulurlar. Hər seans 40 dəqiqəlik iki hissədən ibarətdir. Ümumilikdə tapşırıqların yerinə yetirilməsinə 80 dəqiqə ayrılır, hissələr arasında isə 10 dəqiqəlik fasilə verilir.

Seanslarda təxminən 40-60 sual təqdim olunur. Hər düzgün cavab iştirakçıya 10 bal qazandırır, səhv cavablar isə düzgün cavablardan toplanan bala təsir etmir. Seansların aktivləşmə vaxtı və təşkili üçün tarix aralıqları əvvəlcədən elan ediləcək.

“Hazırlıq” bölməsi şagirdlərin yarışa hazırlaşması üçün nəzərdə tutulub. İştirakçılar təxminən 40-60 sualın yer aldığı bu bölməyə istənilən vaxt və məkandan daxil ola bilərlər.

Şagirdlər altı liqa üzrə sıralanır

İştirakçılar əldə etdikləri nəticələrə uyğun olaraq altı liqadan birində qərarlaşırlar. “Usta” liqasında 10, “Çempion” liqasında 20, “Kristal” liqasında 30, “Qızıl” liqasında 100, “Gümüş” liqasında 140 şagird yer alır. Digər iştirakçılar isə “Bürünc” liqasında qərarlaşırlar.

“Yarış” bölməsində göstərilən nəticələrdən asılı olaraq şagirdlərin balları və liqalardakı mövqeləri mütəmadi yenilənir.

Məktəb və siniflərin nəticələri necə hesablanır?

Məktəblər “Yüksək iştirakçılıq” və “Yüksək nəticə” kateqoriyaları üzrə yarışırlar. Məktəbin iştirakçılığı bütün III və IV siniflərinin iştirakı əsasında müəyyənləşdirilir. Sinfin iştirakçı hesab olunması üçün şagirdlərinin ən azı 80 faizi müsabiqəyə qoşulmalıdır.

Məktəbin nəticəsi müsabiqədə iştirak edən şagirdlərinin topladığı balların cəminin həmin məktəbdəki III və IV siniflər üzrə ümumi şagird sayına bölünməsi ilə hesablanır.

Siniflər isə yüksək nəticə uğrunda yarışırlar. Sinfin nəticəsi müsabiqəyə qoşulan şagirdlərin topladığı balların cəminin sinifdəki ümumi şagird sayına bölünməsi ilə müəyyən edilir. Beləliklə, həm məktəb, həm də sinif üzrə hesablamada yalnız iştirakçıların deyil, müvafiq siniflərdə təhsil alan bütün şagirdlərin sayı nəzərə alınır.

Saytın ana səhifəsində məktəb və şagirdlər üzrə reytinq mütəmadi yenilənir. Sıralamada ilk 160 məktəbin, eləcə də ilk beş liqada yer alan 300 şagirdin adı göstərilir.

Finala kimlər vəsiqə qazanır?

Birinci mərhələnin sonunda “Qızıl”, “Kristal”, “Çempion” və “Usta” liqalarında qərarlaşan şagirdlər finalda iştirak hüququ qazanırlar. Finalçılar üçün əvvəlki mərhələdə toplanmış nəticələr sıfırlanır.

Əyani formatda keçirilən final mərkəzləşdirilmiş qaydada təşkil olunur və qaliblər bu mərhələnin nəticələrinə əsasən müəyyənləşdirilir.

Təntənəli mükafatlandırma tədbirində qalib şagirdlərə və məktəblərə diplomlar, həmçinin digər qiymətli hədiyyələr təqdim edilir.