Biri informasiya təhlükəsizliyini, digəri həkimliyi seçəcək - Qrup birinciləri
12 iyulda I və IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanının nəticələrinə əsasən Qubadlı rayon məzunları da yüksək nəticə göstərənlər sırasındadırlar. Belə ki, Qubadlı rayon Əliyar Əliyev adına Qəzyan kənd tam orta məktəbinin məzunu Aysu Məhərrəmli I ixtisas, Cəlal Həşimov adına Mərdanlı kənd tam orta məktəbinin məzunu Zəhra Həsənli isə IV ixtisas qrupu üzrə 400 bal toplayıblar.
Aysu Məhərrəmli buraxılış imtahanında 297,5 bal toplayaraq hər iki mərhələnin nəticələrinin cəminə görə 697,5 bal, Zəhra Həsənli isə buraxılış imtahanında 281,1 bal toplayaraq hər iki mərhələnin nəticələrinin cəminə görə 681,1 bal toplayıb.
"Azərbaycan müəllimi" yüksək nəticə göstərən hər iki məzunla həmsöhbət olub.
“Sevincimi ilk anamla bölüşdüm”
Aysu Məhərrəmli deyir ki, hədəfi 700 bal olub: "Hazırlıqlara başladığım zaman özümə hədəf olaraq 700 bal qoymuşdum. Nəticəmin yüksək olacağına köklənmişdim. 697.5 də demək olar ki, istədiyimdir. Nəticəmi biləndə sevincimi ilk anamla bölüşdüm. O, mənim ən böyük dəstəkçim olub. Ali təhsilimi Bakı Ali Neft Məktəbinin “İnformasiya təhlükəsizliyi” ixtisasında almaq istəyirəm".
“Özünüzə güvənin”
Zəhra Həsənli birinci cəhd imtahanında 376 bal toplasa da, ikincidə bu göstəricini maksimum edib: "Mənə hər zaman dəstək olan ailəmə və əziyyətimi çəkən müəllimlərimə təşəkkürümü bildirirəm. Tibb sahəsi üzrə təhsil almaq istəyirəm. Təhsil almaq istədiyim ali məktəb seçimi ilə bağlı hələ tam qərar verməmişəm. Bu Qarabağ Universiteti və ya Azərbaycan Tibb Universiteti ola bilər. İxtisas seçimlərində məsləhətləşib uyğun qərarımı verəcəyəm. Nəticəsindən narazı olan abituriyentlərə demək istəyirəm ki, özünüzə güvənin. Buraxılış imtahanında məndən gözlənilən baldan aşağı yazmışdım və potensialımı tam ortaya qoya bilməmişdim. Ancaq ikinci cəhddə özümü tam doğrultdum".




