Birinci Türkoloji Qurultay: Bakıdan başlanan yolun Qarabağ zirvəsi
1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultay təkcə türkoloji elmin tarixində deyil, ümumilikdə XX əsrin elmi və mədəni həyatında mühüm dönüş nöqtələrindən biri oldu. Türk dünyasının müxtəlif ölkələrindən alimləri bir araya gətirən bu möhtəşəm elmi toplantı ortaq əlifba, dil, terminologiya, təhsil və mədəni inteqrasiya kimi məsələləri gündəmə gətirməklə sonrakı onilliklərdə türkoloji tədqiqatların inkişaf istiqamətlərini müəyyənləşdirdi. Qurultay yalnız bir elmi tədbir deyildi, həm də ortaq düşüncənin, elmi həmrəyliyin və türk xalqlarının gələcəyinə yönəlmiş strateji baxışın ifadəsi idi.
Aradan keçən yüz il göstərdi ki, həmin Qurultayda səsləndirilən ideyaların böyük hissəsi bu gün də aktuallığını qoruyur. Türk dövlətləri arasında elmi əməkdaşlığın genişlənməsi, ortaq əlifba istiqamətində atılan addımlar, dil siyasəti və ortaq mədəni irsin qorunması ilə bağlı təşəbbüslər 1926-cı ildə əsası qoyulan düşüncə xəttinin davamıdır.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə Birinci Türkoloji Qurultayın 100 illiyi münasibətilə 29 iyun–3 iyul 2026-cı il tarixlərində Bakı və Xankəndidə keçirilən “Türk Dünyası Həftəsi” çərçivəsində təşkil olunan tədbirlər türkoloji elmin tarixi inkişaf ardıcıllığını və elmi varislik ənənəsini bir daha nümayiş etdirdi. Yubiley proqramının Bakıda başlanması və 2 iyul 2026-cı ildə Qarabağ Universitetində “Birinci Türkoloji Qurultayın elmi və mədəni irsi” mövzusunda beynəlxalq konfransla davam etdirilməsi dərin elmi və simvolik məzmun daşıyırdı. Əgər 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultay türkoloji elmin inkişafında yeni mərhələnin əsasını qoymuşdusa, yüz il sonra həmin elmi ənənənin Qarabağ Universitetində davam etdirilməsi Azərbaycanın elmi-mədəni irsinin davamlılığını və Qarabağın türkoloji tədqiqatların yeni mərkəzlərindən birinə çevrilməkdə olduğunu nümayiş etdirən mühüm hadisə kimi qiymətləndirilə bilər.
Qarabağ Universitetində keçirilən beynəlxalq konfrans yalnız Birinci Türkoloji Qurultayın yüz illiyinə həsr olunmuş yubiley tədbiri deyildi. Bu konfrans işğaldan azad edilmiş torpaqlarda elmin, təhsilin və mədəni həyatın dirçəlişinin, Qarabağın yenidən beynəlxalq akademik məkanın ayrılmaz hissəsinə çevrildiyinin bariz göstəricisi idi. Dünyanın müxtəlif ölkələrindən türkoloqların Xankəndidə bir araya gəlməsi sübut etdi ki, Qarabağ artıq təkcə tarixi Zəfərin rəmzi deyil, həm də elmi əməkdaşlığın, intellektual dialoqun və türkoloji araşdırmaların yeni inkişaf məkanına çevrilməkdədir. Məqsədimiz isə bu prosesi davamlı etmək, Qarabağı türkoloji tədqiqatların aparıldığı, beynəlxalq elmi layihələrin həyata keçirildiyi və türk dünyasının alimlərini bir araya gətirən nüfuzlu akademik mərkəzlərdən birinə çevirməkdir.
Bu hadisə mənim üçün həm də xüsusi mənəvi məna daşıyır. Hələ 2021-ci ildə Türkiyə mətbuatına verdiyim müsahibədə Birinci Türkoloji Qurultayın yüz illik yubileyinin Qarabağda keçirilməsinin əhəmiyyətini vurğulayaraq demişdim: “Birinci Bakı Türkoloji Qurultayının ikincisi və 100 illiyi 2026-cı ildə Şuşada keçirilə bilər. Bu, çox mənalı olar. Şuşa Azərbaycanla birlikdə Türk dünyasının mədəniyyət və elm şəhərinə çevriləcək”.
Həmin vaxt bu fikir gələcəyə ünvanlanmış bir arzu olmaqla yanaşı, tarixi zərurətdən doğan elmi baxışı da ifadə edirdi. Beş il sonra Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq tədbirlərin əvvəlcə Bakıda, daha sonra isə Xankəndidə – Qarabağ Universitetində keçirilməsi həmin baxışın gerçəkliyə çevrildiyini göstərdi. Tədbirin Qarabağ Universitetində təşkil olunması xüsusi rəmzi məna daşıyırdı. Bununla Birinci Türkoloji Qurultayının elmi irsi öz tarixi və mənəvi məkanına qayıtdı, Qarabağ isə yenidən beynəlxalq elmi dialoqun və türkoloji düşüncənin mühüm ünvanlarından biri kimi öz sözünü deməyə başladı.
Qarabağ Universitetində keçirilən beynəlxalq konfrans Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş yubiley tədbiri olmaqla yanaşı, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində elmin, təhsilin və mədəni həyatın bərpasının mühüm göstəricilərindən biri kimi də böyük əhəmiyyət daşıyırdı.
Konfransın açılış mərasimində Qarabağ Universitetinin rektoru Şahin Bayramov çıxış edərək Birinci Türkoloji Qurultayın türk dünyasının elmi və mədəni həyatında mühüm dönüş nöqtələrindən biri olduğunu vurğulayıb. O bildirib ki, Qurultayın irsi bu gün də türkoloji elmin inkişafına və ortaq elmi-mədəni dəyərlərin öyrənilməsinə töhfə verməkdə davam edir. Rektor qeyd edib ki, Qarabağ Universitetində belə elmi tədbirlərin təşkili universitetin Türk Dünyası ilə akademik əməkdaşlığın genişləndirilməsi istiqamətində həyata keçirdiyi fəaliyyətin mühüm tərkib hissəsidir.
Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Fərid Cəfərov çıxışında Birinci Türkoloji Qurultayın türk xalqlarının ortaq elmi düşüncəsinin və mədəni həmrəyliyinin formalaşmasında mühüm rol oynadığını qeyd edib. O vurğulayıb ki, bu irsin qorunması, öyrənilməsi və gələcək nəsillərə çatdırılması türk dünyasının ortaq məsuliyyətidir. Nazir müavini belə tədbirlərin tarixi yaddaşın yaşadılması, elmi əməkdaşlığın möhkəmləndirilməsi və mədəni əlaqələrin inkişafı baxımından xüsusi əhəmiyyət daşıdığını bildirib.
Qarabağ Universitetinin Elm şöbəsinin müdiri, dosent Elçin İbrahimovun moderatorluğu ilə keçirilən plenar iclasda Ankara Universitetinin dosenti Mehmet Rza Heyət, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan, AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, professor Solmaz Rüstəmova-Tohidi və Rusiya Federasiyası Tatarıstan Elmlər Akademiyasının Tarix İnstitutunun professoru İsmət Zaatov Birinci Türkoloji Qurultayın elmi irsi və müasir türkologiyanın aktual məsələlərinə dair məruzələrlə çıxış etdilər. Dünyanın müxtəlif ölkələrindən türkoloqların Xankəndidə bir araya gəlməsi Qarabağın türkoloji tədqiqatlar və beynəlxalq elmi əməkdaşlıq üçün yeni platformaya çevrilməkdə olduğunu, eyni zamanda türk dünyasının ortaq intellektual məkanının formalaşmasına mühüm töhfə verdiyini nümayiş etdirdi.
1926-cı ildə Bakıda əsası qoyulan türkoloji elmi əməkdaşlıq ənənəsinin yüz il sonra Qarabağda beynəlxalq konfrans vasitəsilə davam etdirilməsi tarixi varisliyin və elmi davamlılığın parlaq təzahürü kimi qiymətləndirilə bilər. Bu konfrans təkcə Birinci Türkoloji Qurultayın zəngin elmi irsinə ehtiramın ifadəsi deyil, həm də Azərbaycanın elm siyasətində Qarabağın strateji rolunu nümayiş etdirən, türk dünyasının ortaq elmi gələcəyinə yönəlmiş mühüm bir addım olmuşdur.
Birinci Türkoloji Qurultayın yüz illiyi bir daha təsdiq edir ki, onun elmi irsi yalnız tarixi yaddaşın mühüm tərkib hissəsi deyil, həm də türkoloji elmin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən strateji ideya mənbəyidir. Türk dünyasının ortaq elmi məkanının formalaşdırılması, ortaq əlifbanın tətbiqi, dil siyasəti və mədəni inteqrasiyanın dərinləşdirilməsi bu gün də aktuallığını qoruyan prioritet istiqamətlər sırasındadır. Yüz il əvvəl Bakıda əsası qoyulan elmi əməkdaşlıq ənənəsinin bu gün Qarabağda davam etdirilməsi həmin ideyaların yeni tarixi şəraitdə inkişaf etdiyini və türkoloji elmin yeni mərhələyə qədəm qoyduğunu göstərir.
Qarabağda, xüsusilə Xankəndi və Şuşada keçirilən beynəlxalq elmi tədbirlər bu regionun türkoloji araşdırmaların və beynəlxalq akademik əməkdaşlığın mühüm mərkəzlərindən birinə çevrilməsi üçün əlverişli elmi mühitin formalaşdığını göstərir. Qarşıdakı dövrdə əsas vəzifələrdən biri Qarabağı türkoloji tədqiqatların sistemli şəkildə həyata keçirildiyi, yeni elmi ideyaların formalaşdığı və türk dünyasının alimlərini bir araya gətirən nüfuzlu akademik mərkəz kimi inkişaf etdirməkdir. Bu baxımdan Birinci Türkoloji Qurultayın yüz illiyinin azad Qarabağda qeyd olunması yalnız tarixi irsə ehtiramın ifadəsi deyil, eyni zamanda türkoloji elmin ikinci yüzilliyinin prioritetlərini müəyyənləşdirən mühüm elmi və strateji mesaj kimi qiymətləndirilə bilər.

Elçin İbrahimov,
Qarabağ Universitetinin Elm şöbəsinin müdiri, dosent




