Birləşmiş Krallıqdakı Azərbaycanlı Gənclərin I Forumu keçirilib
Xaricdə yaşayan azərbaycanlılar arasında dayanıqlı əməkdaşlığın formalaşdırılmasına töhfə vermək, Azərbaycanla institusional və mədəni əlaqələri daha da möhkəmləndirmək, diaspor üzvlərinin liderlik potensialını və təşəbbüskarlıq bacarıqlarını inkişaf etdirmək ölkəmizin diaspor siyasətinin prioritet istiqamətlərindəndir. Böyük Britaniyanın paytaxtı Londonda yerləşən London İmperial Kollecində “Azərbaycan–Böyük Britaniya Gənclər Forumu: köklərimizi hörmətlə yaşadaraq gələcəyimizi formalaşdırırıq” adlı Birləşmiş Krallıqdakı Azərbaycanlı Gənclərin I Forumunun keçirilməsi də məhz bu məqsədə xidmət edir.
“Azərbaycan müəllimi” xəbər verir ki, foruma İngiltərənin London, Mançester, Vorvik, Oksford, Nottinqam, Ekseter və York, Şotlandiyanın Qlazqo, Aberdin və Edinburq, eləcə də Şimali İrlandiyanın Belfast və Uelsin Kardif şəhərlərindən azərbaycanlı gənclər qatılıb.
Bu geniş coğrafi təmsilçilik forumun Azərbaycan diasporunun gənc nəslini vahid platformada birləşdirmək baxımından əhəmiyyətini bir daha nümayiş etdirib.
Forumda Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Elin Süleymanov iştirak edib.
Komitə sədri forum iştirakçılarını salamlayaraq, Azərbaycan dövlətinin diaspor siyasəti, ölkə başçısının tövsiyələri əsasında həyata keçirilən layihələrdən və xaricdə yaşayan soydaşlarımızın birliyinin möhkəmləndirilməsi istiqamətində görülən işlərdən danışıb. Belə forumların dünya azərbaycanlılarının həmrəyliyinin gücləndirilməsi, gənclərin təşkilatlanması və milli-mədəni dəyərlərin gələcək nəsillərə ötürülməsi baxımından xüsusi önəm daşıdığını vurğulayıb.
Sədr xaricdə fəaliyyət göstərən Azərbaycan Evləri, Koordinasiya Şuraları, həftəsonu Azərbaycan məktəbləri və gənclər təşkilatlarının fəaliyyətindən bəhs edib, gənclərin şəbəkələşməsinə xidmət edən təşəbbüslər barədə məlumat verib. Həmçinin hər il Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən Qarabağda təşkil olunan Diaspor Gənclərinin Yay Düşərgələrinin fərqli ölkələrdə yaşayan azərbaycanlı gənclər arasında əlaqələrin möhkəmləndirilməsi, milli kimliyin qorunması və yeni liderlər nəslinin formalaşdırılması baxımından mühüm rol oynadığını diqqətə çatdırıb.
“Imperial College London” Azərbaycan Tələbə Cəmiyyətinin rəhbəri Hüseyn Quliyev, Birləşmiş Krallıqda Yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının üzvü, Britaniya Azərbaycan Cəmiyyətinin rəhbəri Fəridə Pənahova və Azərbaycanın Birləşmiş Krallıqdakı səfirliyinin təhsil məsələləri üzrə müşaviri Rəşad Xanlarov çıxış edərək, forumun əhəmiyyətindən, diaspor gənclərinin bir araya gəlməsinin vacibliyindən və belə platformaların gələcək əməkdaşlıqlar üçün yaratdığı imkanlardan danışıblar.
Çıxışlardan sonra Diasporla İş üzrə Dövlət Komitəsinin genişmiqyaslı layihələrindən birinə – Diaspor Gənclərinin Yay Düşərgələrinə aid videoçarx nümayiş olunub.
Forum panel müzakirələri ilə davam edib.
Qeyd edək ki, forum Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Britaniya Azərbaycan Cəmiyyəti və London İmperial Kollecindəki Azərbaycan Tələbə Cəmiyyətinin təşkilatçılığı ilə baş tutub.
Xatırladaq ki, Diasporla İş üzrə Dövlət Komitəsi son illərdə eyni sahədə fəaliyyət göstərən soydaşlarımızın şəbəkələşməsi və ortaq təşəbbüslərinin inkişafı məqsədilə silsilə forumlar təşkil edir. Bu günədək xaricdə və Azərbaycanda diaspor gənclərinin, həkimlərin, mühəndislərin və alimlərin forumları uğurla həyata keçirilib, bu təşəbbüs ölkəmizdə də, soydaşlarımız arasında da böyük rəğbətlə qarşılanıb.



