BMT uşaqları informasiya risklərindən qorumaq üçün çağırış edib

11 Avqust, 2026 - 11:03
BMT uşaqları informasiya risklərindən qorumaq üçün çağırış edib

BMT uşaqların internetdə dezinformasiya, onlayn təqib, alqoritmik qərəz və süni intellektdən sui-istifadə kimi risklərlə üzləşdiyini açıqlayaraq hökumətləri və texnologiya şirkətlərini təcili tədbirlər görməyə çağırıb.

"Azərbaycan müəllimi" xəbər verir ki, BMT-nin Beynəlxalq Gənclər Günü ərəfəsində yayımladığı yeni hesabatda dünyada 15-24 yaşlı gənclərin 80 faizindən çoxunun internetdən istifadə etdiyi bildirilib. Aşağı gəlirli ölkələrdə isə internetdən istifadə edən gənclərin nisbəti digər yaş qrupları ilə müqayisədə təxminən iki dəfə çoxdur.

BMT qeyd edir ki, rəqəmsal mühitdə böyüyən nəsil informasiya təhlükəsizliyi ilə bağlı bir sıra risklərin təsirinə daha çox məruz qalır. Bunlara dezinformasiya, onlayn təqib, alqoritmik qərəz və süni intellektdən zərərli məqsədlərlə istifadə daxildir.

Qurum hökumətləri, texnologiya şirkətlərini, reklamverənləri, media qurumlarını və tədqiqatçıları uşaqların internetdə qorunmasına və qərarların hazırlanmasında onların iştirakına daha çox diqqət yetirməyə çağırıb.

BMT-nin baş katibi Antonio Quterreş iyul ayında süni intellektin uşaqların təhlükəsizliyi baxımından daha ciddi tənzimlənməsinin vacibliyini vurğulayıb: "Heç bir uşaq tənzimlənməmiş süni intellekt üçün sınaq obyekti olmamalıdır", – deyə A.Quterreş bildirib.

BMT-nin sənədində uşaqların internetdə üzləşdiyi təhlükələrin təsadüfi olmadığı qeyd olunur. Hesabata görə, istifadəçilərin diqqətini və şəxsi məlumatlarını kommersiyalaşdıran biznes modelləri, eləcə də istifadə müddətini və xərcləri artırmaq üçün hazırlanmış rəqəmsal dizaynlar bu riskləri gücləndirir.

Xüsusilə uşaqların formalaşmaqda olan vərdişləri, şəxsiyyətləri və sosial münasibətləri səbəbindən bu təsirlərə daha həssas olduğu vurğulanır. Alqoritmlərin gənc istifadəçiləri platformalarda daha uzun müddət saxlamağa yönəlməsi, eləcə də manipulyativ dizayn üsulları və digər mexanizmlər narahatlıq doğuran amillər sırasında göstərilir.

Sənəddə süni intellektin sürətli yayılmasının mövcud risklərə yenilərini əlavə etdiyi bildirilir. Süni intellektlə yaradılan məzmundan bu texnologiyaların uşaqların istismarında istifadəsinə qədər müxtəlif təhlükələrin artdığı qeyd olunur.

BMT eyni zamanda uşaqların və gənclərin yalnız internet risklərinin potensial qurbanları olmadığını vurğulayır. Onlar məzmun yaradır, ictimai müzakirələrdə iştirak edir, jurnalistika ilə məşğul olur və müxtəlif ictimai təşəbbüslərə rəhbərlik edirlər.

Qurumun fikrincə, uşaqların və gənclərin baxışları informasiya təhlükəsizliyi ilə bağlı siyasət və tədqiqatların hazırlanmasına daha çox daxil edilməlidir.

BMT xəbərdarlıq edir ki, süni intellektin gündəlik həyatda istifadəsi genişləndikcə uşaqların hüquqlarının süni intellektin tənzimlənməsi ilə bağlı çərçivələrə daxil edilməsi üçün imkan getdikcə azalır.

Sənəddə hökumətlərə qanunvericiliyi gücləndirmək, texnologiya şirkətlərinə uşaqların təhlükəsizliyini prioritetləşdirmək, reklamverənlərə uşaqların hüquqlarını nəzərə almaq, mediaya gənc auditoriyaya uyğun təhlükəsiz informasiya mühiti yaratmaq və tədqiqatçılara mövcud boşluqları aradan qaldırmaqla bağlı tövsiyələr verilib.