BMU alimlərinin birgə tədqiqatı Q1 kateqoriyalı beynəlxalq jurnalda dərc olunub

6 Oktyabr, 2026 - 11:36
BMU alimlərinin birgə tədqiqatı Q1 kateqoriyalı beynəlxalq jurnalda dərc olunub

Bakı Mühəndislik Universiteti (BMU) alimlərinin birgə apardığı elmi tədqiqatın nəticələri Scopus bazasında indekslənən Q1 kateqoriyalı  beynəlxalq jurnalda dərc olunub. Tədqiqatın nəticələrini əks etdirən məqalənin müəllifləri BMU-nun İnformasiya və kompüter texnologiyaları fakültəsini təmsil edirlər. Müəlliflər sırasında fakültənin dekanı, texnika elmləri doktoru, professor Vaqif Qasımov, Kibertəhlükəsizlik və kompüter mühəndisliyi kafedrasının müdiri Cabir Məmmədov, kafedranın dosentləri Esmira Mustafayeva və Kamalə Əliyeva, eləcə də baş müəllim Nərgiz Məmmədzadə yer alır.

“Linear-Time Correlation-Controlled Shuffling on Random Regular Graphs with Spectral Guarantees” (“Spektral təminatlarla təsadüfi düzgün qraflarda xətti zamanlı korrelyasiya-nəzarətli qarışdırma”) adlı məqalə MDPI nəşriyyatına məxsus “Information (Switzerland)” jurnalında “Information Systems” kateqoriyası üzrə Q1 kvartilində yer alaraq açıq giriş formatında dərc olunub.

Tədqiqatda təsadüfi düzgün qraflarda lokal dəyişdirmələr əsasında Pearson korrelyasiyasını azaldan xətti zamanlı korrelyasiya idarəetmə metodu təklif edilib. Metodun əsas üstünlüyü yalnız permutasiyalardan istifadə etməklə marjinal paylanmanın tam qorunmasına imkan verməsidir.

Aparılan eksperimentlərin nəticələri metodun kiçik hədəf xətası, dəqiq marjinal qorunma və xətti miqyaslanma təmin etdiyini göstərib. Əldə olunan nəticələr korrelyasiya idarəetməsi, qrafların spektral analizi və alqoritmik mürəkkəblik nəzəriyyəsi sahələrinə elmi töhfə kimi qiymətləndirilir.

Məqalənin tam mətni ilə aşağıdakı keçidlər vasitəsilə tanış olmaq mümkündür:

Scopus:
https://www.scopus.com/pages/publications/105051477694

DOI:
https://doi.org/10.3390/info17090830