Azərbaycan alimlərinə ən çox hansı sahələr üzrə istinad edilir?

29 Oktyabr, 2026 - 13:22
Azərbaycan alimlərinə ən çox hansı sahələr üzrə istinad edilir?

Azərbaycanda beynəlxalq elmi bazalarda indekslənən nəşrlərə istinadlar üzrə statistika açıqlanıb.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən “Azərbaycan müəllimi”nin sorğusuna cavab olaraq bildirilib ki, “Scopus” elmmetrik bazasından əldə edilmiş statistik məlumatlara əsasən, Azərbaycan alimlərinin elmi məqalələrinə istinadların sayı 2020-ci ildə 59 250, 2021-ci ildə 51 785, 2022-ci ildə 40 719, 2023-cü ildə 26 579, 2024-cü ildə 52 807, 2025-ci ildə isə 43 502 olub.

“Scopus” elmmetrik bazasından əldə edilmiş 2020–2025-ci illəri əhatə edən statistik məlumatlara əsasən, istinad göstəriciləri elm sahələri üzrə illər ərzində fərqli dinamika nümayiş etdirir.

2020-ci ildə tibb elmləri üzrə 66 817, texnika elmləri üzrə 41 349 istinad qeydə alınıb. Tibb elmləri 2021-ci ildə 64 234, 2022-ci ildə isə 47 126 istinadla ilk sırada olub.

2023-cü ildən etibarən mənzərə dəyişib. Həmin il texnika elmləri üzrə 36 878, tibb elmləri üzrə 9 509 istinad göstərilib. Lakin qeyd etmək lazımdır ki, 2023-cü ildə göstəricilərin nisbətən aşağı olması COVID-19 pandemiyasının təsirləri ilə əlaqədar ola bilər.
2024-cü ildə texnika elmləri üzrə istinad sayı 79 745-ə çatıb. Bu sahə 2025-ci ildə də liderliyini qoruyaraq 75 232 istinadla fərqlənib.

Son illərin göstəricilərində biologiya elmləri və fizika da diqqət çəkir. 2024-cü ildə biologiya elmləri üzrə 32 134, fizika üzrə 17 615 istinad qeydə alınıb. 2025-ci ildə isə biologiya elmləri üzrə 23 313, fizika üzrə 23 171 istinad göstərilib.

Kimya üzrə istinad sayı 2024-cü ildə 12 358, 2025-ci ildə 13 000, aqrar elmlər üzrə isə müvafiq olaraq 7 311 və 7 803-ə çatıb. Yer elmlərində də bu göstərici 6 927-dən 7 169-a yüksəlib.

Elmi məqalələrin sayına gəlincə, 2025-ci ildə texnika elmləri üzrə 11 941 məqalə indekslənib. Fizika üzrə 3 371, biologiya elmləri üzrə 3 077, riyaziyyat üzrə 2 474 məqalə qeydə alınıb.

“Scopus” elmmetrik bazasından əldə edilmiş məlumatlara əsasən, 2025-ci ildə Azərbaycanın elmi məqalələrinə 43 502, Gürcüstanın nəşrlərinə 16 384, Ermənistanın nəşrlərinə isə 11 140 istinad qeydə alınıb.

“Scopus” elmmetrik bazasından əldə edilən məlumatlara əsasən, 2020–2025-ci illərdə dünya üzrə elmi nəşrlərə istinad sayı ardıcıl azalıb. Azərbaycanda isə göstəricilər fərqli dinamika nümayiş etdirib: 2020–2023-cü illərdə müşahidə olunan azalmadan sonra 2024-cü ildə istinad sayı yenidən yüksəlib.

Qeyd edək ki, cari illərdə nəşr olunmuş elmi məqalələr üzrə istinad sayının əvvəlki illərlə müqayisədə nisbətən az olması istinadların toplanmasının müəyyən zaman tələb etməsi ilə əlaqədardır. Zaman keçdikcə həmin məqalələrə istinadların sayının artması gözlənilir.