Patentlə bağlı tələblərə yeni müddəalar əlavə edilib

30 Oktyabr, 2026 - 14:34
Patentlə bağlı tələblərə yeni müddəalar əlavə edilib

Nazirlər Kabineti “Patentin alınması barədə iddia sənədinə aid Tələblər”ə dəyişikliklər edilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, “Patentin alınması barədə iddia sənədinə aid Tələblər”ə ixtiranın vəhdətinə dair yeni müddəalar əlavə edilib.

Əlavələrə əsasən, ixtira barəsində iddia sənədi bir ixtiraya, yaxud öz aralarında vahid ixtiraçılıq fikri ilə əlaqəli olan bir qrup ixtiraya aid edilməlidir (vəhdətlik tələbi). İxtiranın vəhdətlik tələbi o zaman yerinə yetirilmiş hesab edilir ki, həmin ixtiralar, məcmu şəklində baxılan iddia olunmuş ixtiraların hər biri tərəfindən texnika səviyyəsinə verilən töhfəni (faydanı) müəyyən edən bir və ya bir neçə eyni və ya müvafiq texniki əlamətlərlə ifadə olunan qarşılıqlı əlaqə olsun.

İxtiranın vəhdətlik tələbinin aşağıdakı hallarda gözlənilmiş sayıldığı müəyyən edilib:

İxtiranın düsturunda bir ixtira xarakterizə olunduqda;
İxtiranın düsturunda bir qrup ixtira barəsində müəyyən əlamətlər səciyyələndikdə.


Dəyişikliklərdə bir qrup ixtiraya aid edilən hallara da aydınlıq gətirilib. Belə ki, ixtiralardan birinin digərinin alınması (hazırlanması) üçün nəzərdə tutulması (məsələn, qurğu və ya maddənin və onların bütövlükdə, yaxud bir hissəsinin alınması (hazırlanması üsulu), ixtiralardan birinin digərinin həyata keçirilməsi üçün nəzərdə tutulması (məsələn, üsul və üsulun bütövlükdə və ya hərəkətlərindən birinin həyata keçirilməsi üçün qurğu), ixtiralardan birinin digərinin istifadəsi (digərində istifadə) üçün nəzərdə tutulması, qurğu və ya maddənin yeni təyinat üzrə tətbiqinin tərkibinə həmin qurğu və ya maddə daxil olan qurğu və ya maddə üçün nəzərdə tutulması, həmçinin ixtiranın eyni texniki nəticə alınmasını təmin edən, eyni təyinatlı və eyni növdən olan obyektlərə aid olması bu hallara daxildir.