Rəhim Bayramlı: “Məqsədimiz startaplar üçün platforma yaratmaqdır”
“Baku ID artıq beşinci ildir ki, keçirilir. Bu, regionun ən böyük innovasiya və startap tədbirlərindən biridir. Məqsədimiz Azərbaycandan və regiondan olan startaplar üçün bir platforma yaratmaqdır”.
“Azərbaycan müəllim” xəbər verir ki, bu fikirləri SABAH.HUB şirkətinin baş icraçı direktoru Rəhim Bayramlı jurnalistlərə açıqlamasında səsləndirib.
O bildirib ki, əsas məqsəd həmin startapların beynəlxalq investorlar qarşısında çıxış edərək sərmayə cəlb etmələrinə dəstək göstərməkdir: “İlk dəfədir ki, 50-dən çox beynəlxalq və regional şirkət bu tədbirdə iştirak edir. 60 startap onların qarşısında çıxış edir. Bu startaplardan 45-i regional və xarici şirkətlər, 15-i isə yerli startap şirkətidir”.
R.Bayramlı həmçinin qeyd edib ki, bu il Baku ID festivalı xüsusilə əhəmiyyətlidir, çünki həm də “Sabah City” layihəsinin birinci fazasının başlanğıcıdır: ““Sabah City” Azərbaycanda Elm və Təhsil Nazirliyi ilə dövlət-özəl tərəfdaşlığı çərçivəsində reallaşdırılan bir layihədir. Düşünürəm ki, “Sabah City” bu modelə uyğun olaraq ilk dəfə böyük miqyasda reallaşdırılan layihədir.
“Sabah City”nin məqsədi Azərbaycanda və regionda bilik iqtisadiyyatının artımına nail olmaq və bu artıma öz töhfəsini verməkdir”.




