Geologiya İnstitutu və “SABAH.city” arasında memorandum imzalanıb

30 Sentyabr, 2026 - 11:14
Geologiya İnstitutu və “SABAH.city” arasında memorandum imzalanıb

Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkının (“Texnopark”) nəzdində fəaliyyət göstərən “SABAH.city” innovasiya şəhərciyi ilə Geologiya İnstitutu PHŞ arasında Anlaşma Memorandumu imzalanıb.

İnstitutdan "Azərbaycan müəllimi"nə verilən məlumata görə, memorandum Geologiya İnstitutu ilə “SABAH.city” arasında elm, innovasiya və texnologiyalar sahəsində əməkdaşlığın inkişaf etdirilməsini, birgə layihələrin həyata keçirilməsini və elmi-tədqiqat nəticələrinin praktiki tətbiq imkanlarının genişləndirilməsini nəzərdə tutur.

Əməkdaşlığın əsas istiqamətlərini geologiya və əlaqəli sahələrdə innovativ texnologiyaların tətbiqi, elmi-tədqiqat nəticələrinin kommersiyalaşdırılması, yeni texnoloji həllərin hazırlanması, həmçinin elm–təhsil–sənaye əlaqələrinin gücləndirilməsi təşkil edir.
Memorandum çərçivəsində tərəflər arasında bilik və təcrübə mübadiləsinin aparılması, birgə elmi-tədqiqat və innovasiya təşəbbüslərinin reallaşdırılması, elmi potensialın müasir texnoloji imkanlarla əlaqələndirilməsi istiqamətində əməkdaşlığın həyata keçirilməsi planlaşdırılır.

Bu əməkdaşlıq Geologiya İnstitutunun elmi-tədqiqat potensialının innovasiya ekosisteminə inteqrasiyasına, elmi nəticələrin praktiki həllərə çevrilməsinə və geologiya sahəsində yeni texnoloji təşəbbüslərin inkişafına imkan yaradacaq.