Azərbaycanın 45 aliminin adı dünyanın ən yaxşı alimləri siyahısına salınıb
2027-ci ildə dövlət büdcəsindən elm xərclərinə 257,9 milyon manat ayrılması nəzərdə tutulur.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri elm və təhsil nazirinin müavini Kənan Kərimzadə Milli Məclisinin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı səsləndirib.
Nazir müavini indiyədək elm sahəsində görülən işlərə diqqətə çatdıraraq bildirib ki, 75 faizi Q1-Q2 kvartilli jurnallarda olmaqla, 7 257 məqalə “Scopus”da indekslənən jurnallarda dərc edilib: “2027-ci ildə bu sayın 8 000 məqaləyə yüksəldilməsi planlaşdırılır. Həmçinin 45 alim ilk dəfə dünyanın ən yaxşı 2 faiz alimləri siyahısında yer alıb”.
Kənan Kərimzadə həmçinin qeyd edib ki, 2026-cı ildə 17 elmi müəssisə optimallaşdırılıb: “2027-ci ildə Qarabağ Universitetində Carl Zeiss ilə Mərkəzi Mikroskopiya Laboratoriyasının yaradılması planlaşdırılır”.




