Doktorantura yaradılan aqrar elmi müəssisələrin siyahısı yenilənib 

6 Oktyabr, 2026 - 11:50
Doktorantura yaradılan aqrar elmi müəssisələrin siyahısı yenilənib 

“Doktoranturalar (adyunkturalar) yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı”nda dəyişiklik edilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, artıq kənd təsərrüfatı üzrə Azərbaycan Dövlət Aqrar Universiteti, Aqrar Tədqiqatlar və İnkişaf Mərkəzi, Aqrar Tədqiqatlar və İnkişaf Mərkəzinin Bitkiçilik Elmləri İnstitutu və Aqrar Tədqiqatlar və İnkişaf Mərkəzinin Heyvandarlıq, Balıqçılıq və Baytarlıq Elmləri İnstitutu doktorantura səviyyəsində kadr hazırlığı aparacaq.

Əvvəlki siyahıda Azərbaycan Dövlət Aqrar Universiteti ilə yanaşı, 8 elmi müəssisə və təşkilatın adı yer alırdı. Bu siyahıda “Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu”, “Aqrar Tədqiqatlar Mərkəzi”, Baytarlıq Elmi-Tədqiqat İnstitutu, Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu, Əkinçilik Elmi-Tədqiqat İnstitutu, Heyvandarlıq və Balıqçılıq Elmi-Tədqiqat İnstitutu, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun adları qeyd edilmişdi.

Yeni redaksiyada Kənd Təsərrüfatı Nazirliyi üzrə doktoranturaların yaradıldığı müəssisələrin sayı 4 olaraq müəyyənləşdirilib.
Azərbaycan Dövlət Aqrar Universitetində, eləcə də qeyd olunan üç elmi qurumda həm fəlsəfə doktoru, həm də elmlər doktoru proqramı üzrə kadr hazırlığının aparılması nəzərdə tutulub.