Aynur Sofiyeva: Elmi işçilərin 60 faizdən çoxu qadındır
“Azərbaycanda elmi işçilərin 60 faizdən çoxunu qadınlar təşkil edir. Ali təhsil müəssisələrində təhsil alanlar arasında qızların payı 50 faizdən çoxdur. 2025-ci ilin ilkin statistik göstəricilərinə əsasən, məşğul əhali arasında qadınların xüsusi çəkisi isə 48,1 faizdir”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri “Güclü cəmiyyətin zərif simaları” layihəsinin yekun konfransında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədr müavini Aynur Sofiyeva bildirib.
Onun sözlərinə görə, qadınların elm, təhsil, əmək bazarı və digər sahələrdə iştirakının genişlənməsi ölkədə bu istiqamətdə həyata keçirilən dövlət siyasətinin nəticəsidir:
“Güclü dövlətin təməlində güclü cəmiyyət dayanır. Cəmiyyətin davamlı inkişafı isə insan kapitalının gücləndirilməsindən və hər kəs üçün bərabər imkanların yaradılmasından asılıdır. Bu baxımdan qadınların öz potensiallarını reallaşdırması, cəmiyyətin bütün sahələrində fəal iştirakı üçün əlverişli şəraitin yaradılması dövlətimizin prioritet istiqamətlərindəndir”.
A. Sofiyeva bildirib ki, qızların keyfiyyətli təhsilə, məşğulluğa və inkişaf imkanlarına çıxışının genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır:
“Bu istiqamətdə qoyulan investisiyalar yalnız qızların və qadınların fərdi uğurlarına deyil, bütövlükdə cəmiyyətin sosial, iqtisadi və mədəni inkişafına xidmət edir. Qadınların iqtisadi fəallığının, peşəkar inkişafının və qərarların qəbulu prosesində iştirakının artırılması ölkənin insan kapitalının gücləndirilməsi baxımından vacibdir”.




