"SABAH.city" rezidenti olmaq üçün müraciət QAYDALARI
"SABAH.city" Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkı tərəfindən həyata keçirilən, startapları, vençur fondlarını, tədqiqat mərkəzlərini, texnologiya şirkətlərini və universitetləri vahid ekosistem çərçivəsində birləşdirən yeni nəsil innovasiya mərkəzidir. "SABAH.city"nin ümumi tikinti sahəsi 20 000 m² təşkil edir. Hazırda burada 28 rezident və tərəfdaş şirkət fəaliyyət göstərir, üç universitet korpusu, eləcə də şəhərcikdə təmsil olunan universitetlərin nəzdində yaradılmış 13 tədris və tədqiqat laboratoriyası fəaliyyət göstərir.
"Azərbaycan müəllimi" xəbər verir ki, "SABAH.city"də fəaliyyət göstərmək istəyən şirkətlər və startaplar Yüksək Texnologiyalar Parkının rezidenti olmaq üçün müraciət edə bilərlər. Rezidentlik bizneslərə qanunvericiliklə müəyyən edilmiş vergi və gömrük güzəştlərindən, müasir infrastrukturdan və innovasiyaların inkişafını, yeni texnologiyaların kommersiyalaşdırılmasını təşviq edən biznes mühitindən faydalanmaq imkanı yaradır. Bu imkanlar şirkətlərə əməliyyat xərclərini optimallaşdırmaq, fəaliyyətlərini genişləndirmək, yeni bazarlara çıxmaq, investorlar və potensial tərəfdaşlarla əlaqələr qurmaq üçün əlverişli şərait yaradır.
2027-ci il yanvarın 1-dən qüvvəyə minən güzəşt mexanizmi çərçivəsində müvafiq şərtlərə cavab verən rezidentlər aşağıdakı vergilər üzrə 20 ilədək azadolmalardan yararlana bilərlər:
● Mənfəət vergisi;
● Əməkhaqqından tutulan fiziki şəxslərin gəlir vergisi;
● Əmlak vergisi;
● Torpaq vergisi.
Bundan əlavə, rezidentlər uyğun beynəlxalq texnologiya xidmətlərinə görə ƏDV və texnoloji avadanlıqların idxalı zamanı gömrük rüsumları üzrə güzəştlərdən, uyğun tədqiqat və inkişaf (R&D) xərclərinin 2,5 misli həcmində vergi tutulan gəlirdən çıxılması imkanından, eləcə də sosial sığorta haqları üzrə güzəştli mexanizmdən faydalana bilərlər. Bu təşviqlər maliyyə yükünü azaltmaqla tədqiqatlara, insan kapitalının inkişafına və yeni texnologiyaların yaradılmasına daha çox resurs yönəltməyə imkan verir. Güzəştlərin tətbiqi rezidentlik tarixi, müəssisənin mülkiyyət strukturu və qanunvericiliklə müəyyən edilmiş digər şərtlərdən asılıdır.
Maliyyə güzəştləri ilə yanaşı, "SABAH.city" rezidentlərə müasir ofis və kovorkinq sahələri, laboratoriyalar və texnoloji avadanlıqlardan istifadə imkanları təqdim edir. Ekosistem daxilində şirkətlər, universitetlər, tədqiqatçılar, investorlar və sənaye nümayəndələri ilə əlaqələrin qurulması, bilik və təcrübə mübadiləsi, eləcə də birgə layihələrin həyata keçirilməsi üçün imkanlar yaradılır.
Rezidentlik mexanizmi proqram təminatı, sistem inteqrasiyası və digər texnoloji xidmətlər göstərən şirkətləri, innovativ məhsul və xidmətlər hazırlayan startapları, inkubasiya və akselerasiya mərkəzlərini, vençur studiyalarını, elmi-tədqiqat laboratoriyalarını və elmtutumlu istehsal müəssisələrini əhatə edir. Dövlət və özəl təhsil müəssisələri də potensial rezidentlər sırasındadır. Müraciətçilər innovasiya və texnologiya yönümlü ekosistemə uyğunluq, layihənin texnoloji və kommersiya potensialı, eləcə də təqdim olunan biznes-plan əsasında qiymətləndirilir.
Rezidentlik üçün müraciət prosesi standart rezidentlik və inkubator rezidentliyi olmaqla iki istiqamət üzrə həyata keçirilir. Müraciət zamanı ərizə forması, innovasiya layihəsi və biznes-plan barədə məlumatlar, eləcə də tələb olunan digər sənədlər təqdim olunur. İlkin yoxlamadan sonra layihə Yüksək Texnologiyalar Parkının Ekspertlər Şurası tərəfindən qiymətləndirilir və rezidentliyin verilməsi barədə qərar qəbul edilir. İlkin inkişaf mərhələsində olan startaplar üçün nəzərdə tutulan inkubator rezidentliyi üzrə layihənin inkişaf potensialı və inkubatorun məqsədlərinə uyğunluğu nəzərdən keçirilir. Müsbət qərar əsasında ərizəçiyə rezidentlik qeydiyyatı haqqında şəhadətnamə verilir.
Güzəştlərə, müasir infrastruktura və geniş innovasiya ekosisteminə çıxış imkanı yaratmaqla "SABAH.city" texnologiya yönümlü bizneslərin inkişafını sürətləndirməyi, innovasiyaların kommersiyalaşdırılmasını dəstəkləməyi və Azərbaycanın regional və qlobal innovasiya məkanına inteqrasiyasını gücləndirməyi hədəfləyir.




