AMEA elmi fəaliyyətin rəqəmsal qiymətləndirilməsinə başladı – İLK

30 Sentyabr, 2026 - 11:26
AMEA elmi fəaliyyətin rəqəmsal qiymətləndirilməsinə başladı

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib.

AMEA-dan "Azərbaycan müəllimi"nə verilən məlumata görə, Elmi Şuranın iclasını AMEA-nın prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq gündəlikdəki məsələləri təqdim edib.

Ədəbiyyat İnstitutunun elmi işlər və rəqəmsallaşma üzrə direktor müavini, filologiya elmləri doktoru, dosent Mehman Həsənli AMEA-nın İnsan Resursları və Elmmetrik Məlumatlar Bazasında (İREMB) yaradılmış Elmi Fəaliyyətin Rəqəmsal Dəyərləndirilməsi Meyarları (EFRDM) əsasında elmi fəaliyyətin rəqəmsal qiymətləndirilməsi sistemi haqqında məlumat verib.

O, sistem vasitəsilə əməkdaşların elmi hesabatlarının şəxsi kabinet üzərindən elektron formada təqdim ediləcəyini, elmi fəaliyyət göstəricilərinin müəyyən edilmiş meyarlar əsasında balla qiymətləndiriləcəyini bildirib. Mehman Həsənli qiymətləndirmənin müxtəlif kateqoriyalar üzrə aparılacağını, illik nəticələrin formalaşdırılacağını və əldə olunan göstəricilər əsasında əməkdaşların reytinq mövqeyinin müəyyənləşdiriləcəyini diqqətə çatdırıb.

Qeyd edib ki, elmi fəaliyyətin rəqəmsal qiymətləndirilməsi sistemi AMEA-nın elmi müəssisələri arasında ilk dəfə Ədəbiyyat İnstitutunda tətbiq olunur. Sistemin səmərəli istifadəsi və idarə edilməsi məqsədilə oktyabr ayından institut əməkdaşları üçün müvafiq təlimlərin keçirilməsinə başlanılacaq.