BMU-da Zəfər Günü qeyd olunub
Bakı Mühəndislik Universitetində (BMU) 8 Noyabr – Zəfər Gününə həsr edilən təntənəli tədbir təşkil olunub. Tədbir şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Azərbaycanın Zəfər yolunu əks etdirən videoçarx nümayiş olunub.
"Azərbaycan müəllimi" xəbər verir ki, açılış nitqi ilə çıxış edən BMU-nun rektoru Yaqub Piriyev 44 günlük Vətən müharibəsinin Azərbaycan tarixində misilsiz əhəmiyyətini önə çəkib. Altı il əvvəl xalqımızın sarsılmaz birliyi, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi və ordunun qəhrəmanlığı sayəsində torpaqlarımızın işğaldan azad edilməsini milli qürurumuzun və tarixi ədalətin bərpasının təntənəsi kimi səciyyələndirib. Bildirib ki, bu Qələbə xalqımızın əzmini və dövlətimizin sarsılmaz iradəsini bütün dünyaya nümayiş etdirdi. Həmçinin 2023-cü ilin sentyabrında keçirilmiş lokal xarakterli antiterror tədbirləri müasir dövlətçilik tariximizdə xüsusi yer tutdu. Cəmi 23 saat davam edən əməliyyat nəticəsində ölkəmizin suverenliyinin tam bərpası Azərbaycanın ərazi bütövlüyünün təmin olunması istiqamətində tarixi mərhələ oldu.
Yaqub Piriyev Zəfərdən sonrakı dövrdə Azərbaycanın qazandığı siyasi və diplomatik uğurlara da toxunaraq Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində ölkəmizin beynəlxalq nüfuzunun daha da artdığını, yeni əməkdaşlıq platformalarının yaradıldığını və regionda davamlı sülhün bərqərar olması istiqamətində mühüm işlər görüldüyünü bildirib. Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa və quruculuq işlərini önə çəkən rektor bu ərazilərdə müasir infrastrukturun qurulması, yaşayış məntəqələrinin yenidən salınması və sosial obyektlərin inşası istiqamətində mühüm layihələrin həyata keçirildiyini diqqətə çatdırıb. İşğaldan azad edilmiş ərazilərin gələcək inkişafında təhsil, elm, texnologiya və sahibkarlığın xüsusi rolu vurğulanıb, həmin torpaqlarda yeni imkanların formalaşmasının ölkənin uzunmüddətli inkişaf strategiyasının mühüm istiqamətlərindən biri olduğu, habelə bu prosesdə gənc mütəxəssislərin bilik və bacarıqlarına böyük ehtiyac duyulduğu qeyd olunub.
Tarixi həqiqətlərin qorunması və Zəfər salnaməsinin gələcək nəsillərə ötürülməsinin hər bir vətəndaşın mənəvi borcu olduğunu deyən rektor nitqinin sonunda Zəfər ruhunun nəsillər boyu yaşayacağına, ölkəmizdə sülhün, əmin-amanlığın və tərəqqinin davamlı olacağına əminliyini ifadə edib.
Tədbirdə iştirak edən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Zəfər Gününün xalqımızın yaddaşında əbədi yaşayacaq şərəf tarixi olduğunu söyləyib. Bu möhtəşəm Qələbənin arxasında milli həmrəyliyin, güclü dövlətçilik iradəsinin və Azərbaycan əsgərinin qəhrəmanlığının dayandığını vurğulayıb. Şəhidlərimizin və Vətən müharibəsi iştirakçısı olan qazilərimizin xalqımızın qürur mənbəyi olduğunu, onların göstərdiyi igidliyin heç vaxt unudulmayacağını deyən Abdin Fərzəliyev bu kateqoriyadan olan şəxslərə dövlət səviyyəsində göstərilən diqqətdən danışıb. Belə tədbirlərin Zəfər tarixinin gənc nəslin yaddaşında möhkəmlənməsi baxımından əhəmiyyətini qeyd edən icra başçısı Qarabağda və Şərqi Zəngəzurda geniş vüsət alan quruculuq prosesinin gələcək nəsillər üçün yeni perspektivlər açdığını, gənclərin də öz bilik və peşəkarlıqları ilə bu işə töhfə verəcəklərinə inandığını bildirib.
Yeni Azərbaycan Partiyası (YAP) Abşeron rayon təşkilatının sədri Abbas Əliyev Azərbaycanın müstəqillik tarixinin mühüm mərhələlərinə nəzər salaraq, ölkəmizin bugünkü qüdrətinin Ülu Öndər Heydər Əliyevin təməlini qoyduğu möhkəm dövlətçilik ənənələri və ardıcıl inkişaf strategiyası üzərində qurulduğunu diqqətə çatdırıb. YAP-ın son qurultayında Prezident İlham Əliyevin Zəfərimizlə bağlı çıxışının siyasi və tarixi əhəmiyyətini önə çəkən natiq bu Qələbənin həm də milli birlik və dövlətçilik iradəsinin təntənəsi olduğunu söyləyib.
Tədbirin xüsusi qonaqlarından biri - Şuşaya ilk Azərbaycan bayrağını sancmış, “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülmüş, BMU-nun birinci kurs tələbəsi Yaşar Hüseynov olub. O, çıxışında Şuşanın azadlığı uğrunda aparılan döyüşlərdən, silahdaşlarının qəhrəmanlığından söz açıb. Döyüş yoldaşlarının şücaətini ehtiramla xatırlayan Yaşar Hüseynov Azərbaycanın bundan sonra da Ali Baş Komandanın rəhbərliyi ilə daha da güclənəcəyinə, suverenliyimizin və ərazi bütövlüyümüzün daim qorunacağına əminliyini ifadə edib.
Tədbirin sonunda BMU tələbələrinin hazırladığı bayram proqramı təqdim olunub.




